Azərbaycanın qızıl-valyuta ehtiyatı nə qədər azalıb?

2017-ci ilin yanvar ayının 1-ə olan göstəriciyə əsasən, Azərbaycanın 21,9 ton qızıl-valyuta ehtiyatı var. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı statistikada qeyd edilib. Ümumilikdə, Azərbaycanın strateji valyuta ehtiyatlarının 12,8%-i qızıl ehtiyatının payına düşür. Ümumilikdə ölkənin sahib olduğu qızıl-valyuta ehtiyatının dollarla ifadəsini tapmağa çalışaq. Əgər 21,9 ton qızılın qiymətini hazırki dünya bazarı qiymətilə hesablasaq, bu təxminən 0,8 milyard dollar deməkdir. Mərkəzi Bankın 2016-cı ilin 11 ayı üzrə valyuta ehtiyatları 4 milyard dollar, Dövlət Neft Fondunun 2016-cı ilin 9 ayı üzrə ehtiyatları isə 35 milyard dollar təşkil edib. Beləliklə, təxmini hesablamalara görə, bu 40 milyard dollara yaxın strateji valyuta ehtiyatı deməkdir. 2015-ci ilin avqust ayında isə bu göstərici 43,1 mlrd. dollar təşkil edib. Göründüyü kimi, azalma 3 milyard dollardan bir qədər çoxdur. Qeyd edək ki, 2015-ci ilin əvvəlindən Azərbaycan Rusiyadan sonra qızıl-valyuta ehtiyatları ən çox azalan ölkələr sırasında ikinci yeri tutur.

Məlumat üçün əlavə edək ki, dünya ölkələri arasında qızıl-valyuta ehtiyatlarının həcminə görə Azərbaycan 60-cı yerdə qərarlaşıb. Statistikaya görə, dünyada qızıl ehtiyatlarının həcminə görə, ABŞ birinci yerdədir. Bu ölkənin 8 133,5 ton qızıl ehtiyatı var ki, bu da ümumi strateji valyuta ehtiyatlarının 74,2%-i deməkdir. İkinci yerdə 3 377,9 tonla Almaniya (68,1%), üçüncü yerdə BVF qərarlaşıb. Dünya üzrə ən az qızıl ehtiyatına malik ölkə isə Monqolustandır. Bu ölkənin qızıl-valyuta ehtiyatları 1 tondur, bu isə ölkə məxsus valyuta ehtiyatının 2,8%-nə bərabərdir.

Azadliq.info 

13:08