Azərbaycana Qarabağ XƏYANƏTİ

 

Qondarma referenduma gedən “müşahidəçilər” bəllidir, XİN niyə susur?

Elman Məmmədov: “Onlar Azərbaycan qanunları qarşısında cavab verəcəklər”

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan fevralın 20-də Dağlıq Qarabağdakı separatçı rejim tərəfinfən keçirilmiş qondarma referendum legitimlik donu geyindirməyə çalışıb. O, səsvermənin nəticələrini “xalqın öz ehtiyaclarına uyğun iradəetmə sisteminin seçilməsi” adlandırıb: “Yalnız bunu göstərmək kifayətdir ki, otuz ölkədən yüzdən artıq müşahidəçi referendumun nəticələrini yaxşı təşkil olunmuş, şəffaf və beynəlxalq standartlara uyğun qiymətləndirib”- Nalbandyan belə deyib.

Həmin müşahidəçilərin hansı ölkələri təmsil etdiyini öyrənmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat almağa cəhd etsək də, telefon zənglərimizə cavab verən olmadı. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni keçirilmiş referendumda başqa dövlətlərin müşahidəçilərinin iştirak etməsi barədə rəsmi Bakıdan hələ cavab reaksiyası gəlməyib. Ancaq Ermənistan mediasında 114 ölkədən gəlmiş müşahidəçilərin adları var. Eyni zamanda, onların təmsil etdiyi ölkələrin və təşkilatları da buradan öyrənmək mümkündür. Məsələn, “Novosti Armenii” agentliyinin yazdığına görə, saxta referendumda ABŞ, Latviya, Sloveniya, İspaniya, Böyük Britaniya, Rumıniya, Slovakiya, Belçika və digər ölkələrdən müstəqil müşahidəçilər iştirak edib. Adları çəkilən ölkələrdən olan vətəndaş cəmiyyəti fəalları və jurnalistləri separatçı rejimin rəhbəri Bako Saakyan qəbul edib.

ABŞ-ın Kaliforniya ştatının Fresno dairəsi administrasiyasının üzvü Andreas Borqeas, Kaliforniya ştatının Santa Krauz dairəsində seçkilərin təşkili üzrə nümayəndə Heyl Pelerin və Kaliforniya Universitetində seçkilərin idarəedilməsi və araşdırılması mərkəzinin direktoru Berkli Karin Mak Donald özünü uydurma DQR-in xarici işlər naziri kimi təqdim edən Karen Mirzoyanla görüşüb. Bundan başqa, Kiprin Həmrəylik Partiyasının sədri Yanisa Selinopulos, Avrasiya-Ermənistan dostluq qrupunun rəhbəri Eleni Teoxopuros da separatçı rejimin dəvəti ilə “referendum”u izləmək üçün Dağlıq Qarabağa gəliblər. Həmin müşahidəçilərin Dağlıq Qarabağa Ermənistan ərazisindən getməsi şübhə doğurmur. Çünki rəsmi Bakı onların işğal olunmuş ərazilərə qeyri-qanuni səfər etməsinə icazə verməzdi. ABŞ və Avropa dövlətlərindən isə birbaşa hava reysi ilə yalnız İrəvana gəlmək mümkün olduğundan müşahidəçilərin də Ermənistan vasitəsilə Azərbaycan ərazilərinə keçdiyini söyləmək olar. Qeyd edək ki, belə hallarda Azərbaycan Xarici İşlər Nazirliyi dərhal nota verir və rəsmi, yaxud qeyri-rəsmi şəxs olmasından asılı olmayaraq, icazəsiz Dağlıq Qarabağa səfər edənlərin adlarını qara siyahıya salır. Ancaq sözügedən məsələyə XİN hələ münasibət bildirməyib.

Millət vəkili Elman Məmmədov isə hesab edir ki, Edvard Nalbandyanın dedikləri həqiqəti əks etdirmir: “Həmin qondarma referendum Ermənistanda deyil, Azərbaycanın işğal olunmuş ərazilərində separatçı-cinayətkar qurum tərəfindən keçirilib. O qurum heç bir dövlət tərəfinfən tanınmır. Ağlı başında olan, özünə hörmət edən, Azərbaycanın ərazi bütövlüyünə hörmət edən ölkələrin vətəndaşları ora getməməlidir. Müşahidəçi adı ilə ora gedənlər isə Nalbandyan və Sarkisyan ağılda olan adamlardır. Onların da aqibəti Lapşin kimi olacaq. Azərbaycanın icazəsi olmadan işğal altındakı ərazilərimizə gedən insanlar kimliyindən asılı olmayaraq, vaxtı gələndə Azərbaycan qanunları qarşısında cinayətkar və sərhəd pozucusu kimi cavab verəcəklər. Ora kimin getməsi barədə məndə dəqiq məlumat yoxdur, amma erməni “dığa”sının ağlına gələn fikir bizim üçün əsas ola bilməz. Onlar belə tədbirlərə həm də özləri kimi separatçı rejimləri cəlb etməyə çalışırlar. Başqa heç kim gəlməz”.

 

Müşfiq Abdulla
Cebhe.info

09:28