Yol tikintisi adı ilə “yeyilən” milyonlar: Pul xərclənir, təmir bitmir

 

İstər Bakının mərkəzi küçələrində, istərsə də ətraf bölgələrə gedən yollarda hərəkətin təmirlə bağlı dayandırılması artıq adi hala çevrilib. Avtomobillərin intensiv hərəkət etdiyi bu yolların bağlanması şəhər nəqliyyatında problemlər yaradır, əhalinin narazılığına səbəb olur. Bəzi ərazilərdə illərdən bəri başlamış yol təmirləri bitib-tükənmir, yeni çəkilən asfalt yollar başa gətirilmir. Proses uzanaraq sanki həlli müşkülə çevrilir. Ekspertlər hesab edir ki, əslində yolların tez-tez təkrar təmiri dövlətin pulunu sağa-sola səpələməkdir.

Eyni zamanda asfalt örtüklərin tez-tez aşınması, keyfiyyətsiz vurulması, yollarda vaxtaşırı təmir-bərpa işlərinin aparılması dövlət əmlakını mənimsəmək niyyətində olan məmurlara əlverişli şərait yaradır. İllərlə uzanan bu proses isə təkrar pul yeyintisinə xidmət edir. “Azəravtoyol” ASC rəsmilərinin məlumatına görə, hazırda Bakı şəhərində qəsəbələrarası 10-dan artıq yol, ümumilikdə isə respublika üzrə 40 layihə üzrə təmir işləri aparılır. Biləcəri, Binəqədi yolu hazırda təmirdədir. Yaxın vaxtlarda Binəqədi-Balaxanı yolunun təmirinə də başlanılacaq. Mehdiabad-Goradil-Fatmayi qəsəbələrini birləşdirən yolların təmiri də aparılır. Bundan başqa Lökbatan - Qobu, Binə və Türkan qəsəbələri arasında avtomobil yollarında təmir davam etdirilir. Müvafiq tədbirlərə görə ölkə başçısı ötən il sərəncamında Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədi ilə dövlət büdcəsindən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayırıb. Təkcə paytaxt ərazilərində deyil, ətraf ərazilərə gedən yolların yenidən qurulması sahəsində müvafiq işlər aparılır.

“Azəravtoyol” ASC tərəfindən 2013-cü ildən etibarən tikilməsinə start verilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun tikintisi hələ də başa çatmayıb. 4 ildir davam edən təmir-bərpa işləri sanki dalana dirənib və sadəcə zaman ötürülməsinə, pul mənimsənilməsinə xidmət edir. Adıçəkilən qurum tərəfindən həmin əraziyə 2 hərəkət zolağının 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi nəzərdə tutulsa da işlər tam icra olunmayıb. Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına hesablansa da, görüntü tam başqadır. Ələt-Astara magistral yolunda da eyni situasiyadır. Bir ildən artıqdır ki, ipək yolu adlanaraq tikilməkdə olan Ələt-Astara yolunda işlər yekunlaşmayıb. Uzun fasilələrlə tikilməsi davam etdirilən yolların real aqibəti sual altındadır. Məsələ burasındadır ki, istər Bakı, istərsə də Bakı ətrafı ərazilərə çəkilən yollara milyonlarla vəsait xərclənir. Buna baxmayaraq, yolların keyfiyyəti barədə ürəkaçan heç nə demək mümkün deyil. Bir sözlə, Azərbaycanda yol problemi hələ də öz həllini tapmır. “Ağ gün”ə çıxmayan yolların təmir-bərpa prosesinin illərlə uzadılması isə anlaşılan deyil.

Alçina Amilqızı

 

09:43