Yeni neft təlatümü başlayır? - ABŞ-dan qiymətlərə öldürücü zərbə

 

Dünya bazarlarında neftin qiyməti bir neçə ay ərzində əsasən sabit qalandan sonra yenidən sürətlə aşağı enməyə başlayıb. Son birja məlumatlarına görə “Brent” markalı neftin qiyməti ötən ilin noyabrından bəri llk dəfə 47 dollara qədər ucuzlaşıb, daha sonra qiymətdə nisbi artım qeydə alınıb və hazırda bu markadan neft London birjasında 48 dollardan bir qədər baha satılır. Neftin kəskin dəyərdən düşməsi nəticəsində iqtisadiyyatı böhran həddinə çatan ölkələr növbəti ucuzlaşma tendensiyasını həyacanla izləyirlər və bu tendensiyanın nə qədər davam edəcəyinə dair təxminlər müxtəlifdir. Virtualaz.org qeyd edir ki, nüfuzlu analitiklər neftin kəskin ucuzlaşacağını hələ ötən həftədən elan etmişdilər. Çünki bütün amillər buna dəlalət edirdi: ABŞ-da neft hasilatı durmadan artır, bu ölkənin kommersiya neft ehtiyatlarında azalma gözlənildiyindən qat-qat aşağıdır.

OPEC və ona daxil olmayan ölkələrin hasilatın sutkada 1.5 milyon barrel azaldılmasına dair yanvarda əldə etdikləri razılaşmanın müddəti başa çatır.Razılaşmanın müddətinin uzadılması gözlənilir, ancaq bu, bazarda yenidən müşahidə edilən neft bolluğunu aradan qaldırmağa kifayət etməyəcək. Nəhayət havaların isinməsi ilə dünyada yanacağa tələbat ənənəvi olaraq aşağı düşür, brokerlər isə bir neçə ay qabağa müqavilələlər bağlamaq istəmirlər. Çünki neft bazarında uzunmüddətli sabitliyə arxayın deyillər. “Bernstein” investisiya fondundan analitik Nil Beveric “Reuters”ə bildirib ki, OPEC-in hasilatın azaldılmasına dair strategiyası özünü doğrultmadı. “Aydındır ki, kartel hasilatın azaldılmasına dair razılaşmanı ən azı ilin sonuna qədər uzatmalıdır ki, sövdələşmənin uğurlu olmasını təmin edə bilsin”-o deyir. Digər analitiklər də bu mövqeni bölüşür, onların fikrincə OPEC və ora daxil olmayan ölkələrin mayın 25-nə nəzərdə tutulmuş toplantısı ərəfəsində baş verən kəskin ucuzlaşma sövdələşmənin müddətinin artırılmasına məcbur edəcək. Lakin neft hasilatının azaldılmasına dair səylər yetərli deyil. “Rivkin Securities”dən analitik Ceymi Vuds isə deyir ki, hasilatın daha çox ixtisar edilməsi şansı yoxdur. OPEC qərargahındakı mənbələr də bunu təsdiqləyir. Onların bildirdiyinə görə, sövdələşmə iştirakçıları yəqin ki, yanvarda əldə edilmiş razılaşmanın müddətini uzadacaqlar, ancaq hasilatın bundan artıq azaldılması mümkün deyil və heç kim bu haqda danışmaq belə istəməzdi.

Neftin ucuzlaşmasına digər amillərin təsirini də nəzərə almaqla analitiklər bu məsələdə ABŞ-ın həlledici rolunu qeyd edirlər. Çünki ötən ilin ortalarından bəri, yəni neftin qiymətinin dirçəlməyə başlamasından etibarən ABŞ-da hasilat 10 faizə qədər artıb. Hazırda Birləşmiş Ştatlarda sutkada 9.3 milyon barrel neft hasil olunur ki, bu göstərici Rusiya və Səudiyyə Ərəbistanı kimi iri neft ölkələrindəki sutkalıq hasilatdan çoxdur. Digər tərəfdən bu həftə ABŞ-ın Energetika Nazirliyi ölkənin kommersiya neft ehtiyatlarının cəmi 0.9 milyon barrel azaldığını açıqlayıb. Analitiklər isə azalmanın 2.4 milyon barrel olacağını gözləyirdilər. Habelə ötən həftənin nəticələrinə əsasən ABŞ-da işləyən neft buruqlarının sayı və nəticədə hasilat artmaqda davam edib. Ötən həftə hasilatda 0.3 faiz artım qeydə alınıb. Neftin ucuzlaşmasının təsiri ilə dünya birjalarında indekslərin aşağı düşməsi prosesi başlayıb. Hərçənd bu ucuzlaşma hələlik cüzidir. Bu gün səhərdən etibarən Asiya birjalarında da indekslərin aşağı düşməsi qeydə alınıb.

Rusiya da da neftin ucuzlaşmasını narahatlıqla izləyirlər. “Vesti.Ekonomika” bildirir ki, neftin cəmi bir neçə saat ərzində 7 faiz ucuzlaşması Rusiya büdcəsinə ciddi problem yaradacaq. Hələ aprel ayında federal büdcə neftin satışından əlavə 18.5 milyard rubl gəlir əldə edib ki, bu da proqnozlaşdırılandan 3 dəfə aşağıdır. Çünki apreldə Rusiyadan neft-qaz ixracı proqnozlardan xeyli aşağı olub. Habelə rubl möhkəmlənib və nəticədə neftin satışından rubl ekvivalenti ilə daxil olan gəlirlər gözlənilən səviyyədə olmayıb. İndi neftin ucuzlaşmasının təsiri ilə rublun da dollarla müqayisədə ucuzlaşması gözlənilir. Ümumiyyətlə, neftin kəskin ucuzlaşmasından sonra əksər milli valyutalar dollarla müqayisədə dəyər itirib.

Qeyd etmək lazımdır ki, Azərbaycanda da manat fevraldan bəri xeyli möhkəmlənib və analitiklərə görə bu, əsasən dövriyyədən manat kütləsinin azaldılması hesabına baş verib. Hökumət müəyyən qədər inzibati tədbirlərin də köməyi ilə neftin qiymətinin 50 dollardan yuxarı olduğu dövrdə makroiqtisadi sabitliyi təmin etməyə çalışırdı. İndi neftin yenidən 50 dollar psixoloji həddinin altına enməsi və gələcəyə yönələn proqnozların optimist olmaması bu səyləri çətinləşdirə bilər.

Hurriyyet.org

09:46