Yalançı uğurlara xərclənən milyardlar

 

Böyük dövlətlərin qapıdan qovduqlarını, Azərbaycan hakimiyyəti pəncərədən içəri salır

24 ildir ki, “uğur”, “inkişaf” sözlərini eşitməkdən qulağımızın pərdəsi deşilib. Amma 24 ildir ki, bu inkişaf və uğuru nə əlimizlə tuta, nə də gözümüzlə görə bilirik. Bunu dilə gətirəndə isə hər şeyi qara rəngdə görməkdə, uğurlara kölgə salmaqda ittiham olunuruq. Hal-hazırda “uğur və “inkişaf”ı görə bilməyən 100-dən artıq vətəndaş zindan həyatı yaşayır.
 

Amma vəziyyət elə həddə çatdı ki, uzun illər ərzində yürüdülən siyasətin heçliyə xidmət etməsi açıq şəkildə göründü. Manatımız dəyərdən düşdü, yoxsulluq və işsizlik səviyyəsi artdı, ölkə vətəndşaları xaricə qaçmağa başladı, qiymətlər qalxdı və.s Belə bir vəziyyətdə hökumətə yeni “uğur böcəyi” lazım idi. Bəs, bu saxta uğuru necə əldə etmək olardı? İstehsalat yox, büdcə yox, təhsil və səhiyyə yox, hüquq sistemi yox. Yəni, vətəndaşa uğur kimi təqdim etməyə heç nə qalmayıb. Neft pulları yeyilib, böhran qapını kəsdirib.

Ona görə də analqosuzluq təbliğatını davam etdirmək üçün mənasız yarışlara məna vermək lazım idi. Xalqı zorla inandırmaq lazım idi ki, ən böyük uğur Avropa oyunlarıdı, “Formula-1” yarışıdı, İslam Həmrəyliyi Oyunlarıdı və.s. Xalq qəbul etməliydi ki, belə yarışları başqaları keçirə bilməz, bunu yalnız qüdrətli ölkələr edə bilər və Azərbaycan hakimiyyəti böyük bir işin öhdəsindən gəlib. Amma artıq bu “uğur təbliğatı” da rəhmətə getmək üzrədi. Əvvəlcə məlum oldu ki, hökumətin “əzəmət” kimi təqdim etdiyi Avropa oyunları heç kimə maraqlı deyil. ÜDM-i trilyonlarla ölçülən ölkələr bu yarışı keçirməkdən imtina etdi. Hətta Hollandiyalı ekspertlər öz hökumətləri qarşısında hesabat vermişdilər ki, bu oyunların heç bir mənfəəti yoxdur və belə bir oyuna sahib çıxmaq itki deməkdir. Ümumiyyətlə, Avropa oyunları dünyada mötəbər yarış kimi qəbul edilmir. Həm ikinci-üçüncü dərəcəli idmançılar iştirak edir, həm də maddi baxımdan perspektiv vəd etmir. Həqiqətən də nəticə göstərdi ki, Avropa oyunları Azərbaycan büdcəsinin başına daş saldı və hələ də ölkə özünə gələ bilmir. Bundan sonra “Formula-1” yarışlarına ev sahibliyi etdik və bu sahiblənməni 5 il də davam etdirəcəyik. Yenə də məlum oldu ki, “Formula-1” yarışları da öz cazibədarlığını itirib. Nəhəng dövlətlərin heç biri bu yarış üçün qapı açmaq istəmir. Öncə Almaniya bu yarışdan imtina etdi, bugünlərdə isə Böyük Britaniya “Formula-1” yarışlarına ev sahibliyi etməyəcəyini bildirdi. Əsas səbəb kimi maliyyə itkiləri göstərildi. Halbuki, Almaniyanın ÜDM-nin həcmi 3.4 trilyon, Britaniyanın ÜDM-nin həcmi isə 2.6 trilyon dollardı. Belə nəhəng ölkələr maliyyəni nəzərə alaraq yarışlardan imtina edir, amma büdcəsi 8-9 milyard arasında vurnuxan, xarici borcu 20 milyardı ötən, vətəndaşı sosial problemlər səbəbindən intihar edən, minimum əməkhaqqı 70 dollar olan Azərbaycanda ard-arda yarışlar keçirlir. Hələ bu harasıdır, xarici borcu 6,5 milyardı keçən SOCAR-ımız da var. Bir tərəfdən futbol üzrə Fransada keçirilən Avropa çempionatına sponsorluq edir, bir tərəfdən Hollandiyada keçirlən qadınlar üzrə futbol üzrə Avropa çempionatına sponsorluq edir, o biri tərəfdən də xərclərini sığortalamaq üçün ölkədə benzinin qiymətini qaldırır. Əgər bu çempionatlara sponsorluq etmək SOCAR-a gəlir gətirirsə, o zaman benzinin qiyməti niyə qaldırılır? Deməli, bütün bu xərclər SOCAR-ı geri salır, dövləti zəiflədir və bir qrup adam üçün qazanmaq şansı yaradır. Və həmişəki kimi zərbə vətəndaşa dəyir. SOCAR-ın sponsorluq etdiyi çempionatda iştirak edən klubların illik gəlirləri yüzmilyonlarla ölçülür, milyardlıq büdcələri var. Amma SOCAR-ın təmsil etdiyi ölkənin vətəndaşları isə 5-10 manata möhtac qalıblar.

Bir sözlə, bizə uğur kimi təqdim olunan yarışlar uğursuzluğu ört-basdır etmək üçündür. Kortof-soğana olan ehtiyacını ödəyə bilməyən, içməli suya olan tələbatını Gürcüstanın hesabına ödəyən, ölkəni idxaldan asılı vəziyyətə salan bir hökumət üçün, belə yarışlar son ümiddir. Dünyanın ən varlı ölkələrinin qapıdan qovduqlarını, Azərbaycan hökuməti pəncərədən içəri salmağa da hazırdı. Amma normal ölkələrin qapıdan içəri saldığı demokratiyanı, azadlığı, şəffaflığı ölkənin sərhəddinə də buraxmırlar.İndi xəbər yayılıb ki, velosipedçilərin çempionatı da Bakıda keçiriləcək. Yəni, mümkün olduğu qədər ac vətəndaşa toxların oyunları ilə təsəlli verməyə çalışırlar. Görüləmli işlərdən imitna edib, lazımsız işlərə milyardlar xərcləyirlər.

Azadliq.info

 

09:19