“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub

Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbdə yazıçı və publisist İradə Əlilinin Xocalı soyqırımının 27 illiyi ilə əlaqədar “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı keçirilib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) sosial iş komissiyasının rəhbəri Gülnarə Xəlilova AZƏRTAC-a bildirib ki, təqdimat AQSİA-nın dəstəyi ilə təşkil edilib. “Xocalı: Şahidlər danışır” kitabı 4 dildə - Azərbaycan, rus, ingilis və türk dillərində çap edilib. Daha əvvəl isə Azərbaycan, Türkiyə və Ukraynanın şəhərlərində təqdim olunub. Kitabda Xocalı soyqırımı şahidlərinin və işgəncələrə məruz qalmış insanların acı xatirələri əks olunub.

Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər, Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri, ictimai xadimlər iştirak edib. Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin ağır nəticələri barədə danışıb. Qeyd edilib ki, Xocalı soyqırımı ən dəhşətli cinayətlərdən biridir. Ermənilərin xalqımıza qarşı cinayəti, eləcə də Xocalı soyqırımını törədən şəxslər cəzasız qalmayacaq.

Vurğulanıb ki, ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət sayəsində Ermənistanın cinayət əməllərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə vacib iş aparılır və hər birimiz bu prosesdə iştirak etməliyik. Bir sıra dövlətlər, nüfuzlu beynəlxalq strukturlar Ermənistanın təcavüzünü tanıyıb.

Məktəblilər mahnılar ifa edib və Vətən, Qarabağ, Xocalı barədə şeirlər oxuyub. Tədbirdən sonra qonaqlar Xocalı şəhər 2 saylı məktəbdə tədris şəraiti və istedadlı uşaqların bacarıqlarının inkişafı ilə tanış olub.

AZƏRTAC

22:28