"Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir"

"Xocalı faciəsi nəinki azərbaycanlılara qarşı, ümumiyyətlə dünya bəşəriyyətinə qarşı edilmiş bir vəhşiliyin göstəricisidir. Erməni millətçilər bu vəhşilikləri ilə əslində xislətlərini ortaya qoymuş oldular. Yaxşı olardı ki, dünya ictimaiyyəti beynəlxalq hüquq, beynəxalq ədalətdən danışanda Xocalı faciəsinə də bir qiymət versin. Görsün ki, mənfur qonşularımız bəşəriyyət üçün necə təhlükəli bir varlıqdır".

Bunu ​Xudaferin.eu-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

O bildirib ki, həmin gecə baş verənlərin statistikasına nəzər saldıqda həqiqətən insan dəhşətə gəlir.

"Çünki şüurlu varlıq olan insan övladı heç vaxt bunu etməzdi, amma onlar etdilər. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Bu statistika bir daha göstərir ki, əslində bu bir işğal prosesi deyildi. Cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir". İllərdir ki, Xocalı faciəsinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi istiqamətində işlər aparılır. Təkcə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində görülən işləri göstərməklə deyə bilərik ki, bu məsələdə necə ciddi addımlar atılır. "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə artıq Xocalı faciəsinin qurbanlarının qisası alınıb. Bu gün Xocalıda şanlı bayrağımız dalğalanır. Ancaq bu faciəyə hüquqi qiymətin verilməsini və erməni millətçilərin necə insanlıqdan kənar addımlar atmaq qabiliyyətlərinin olmasını dünyaya tanıtmaq istiqamətində bundan sonra da işlərin aparılması vacibdir".
AYSEL ƏKBƏR

Xudaferin.eu

13:26