Xalqın cibini soyan oliqarxlar

Özləri varlandıqca əhali kasıblaşır

Ölkədə iqtisadi böhran dərinləşir,  bütün sahələrdə bahalaşma tüğyan edir. Qiymət artımı daha çox insanların gündəlik tələbatı olan ərzaq məhsullarında özünü göstərir. Hər gün məhsulların qiymətində ən azı 5-10 qəpik civarında artım baş verir. İlk baxışdan göstərilən məbləğ o qədər də yüksək təsir bağışlamır. Amma faktiki olaraq hər məhsula  olunan gündəlik artım əhalinin istehlak səbətinə təsir etmiş olur. Qiymət artımı istehlak olunan məhsulun həcmini azaltmaqla yanaşı, alıcılıq qabiliyyətinə də mənfi təsir edib. Əhali kəskin bahalaşma qarşısında aciz qalıb. Bahalaşma ümumilikdə gəliri az olan ailələrin büdcəsinə ziyan vurub. Konkret desək, aztəminatlı ailə aylıq yaşayış çərçivəsində büdcəsinə gələn gəlirin böyük bir qismini yalnız ərzağa xərcləmiş olur. Bu məsələdən isə yalnız oliqarxlar qazanır.  Ölkəyə məhsul gətirən və çıxaran bəzi oliqarxlar monopoliya ilə məşğuldur. İstədikləri mala istədikləri qiyməti artıra bilirlər. Hətta yaranmış iqtisadi böhrandan istifadə edərək, qiymət artımını zaman-zaman davam etdirirlər. Bu məsələdə bir qədər möhtəkirlik, sui-istifadə halları var. Hökumət isə süni qiymət artımı ilə konkret olaraq sərt addımlar atmır. Müəyyən qədər, inzibati müdaxilələr,  yüngül formalarla tədbirlər görəndə isə bunun heç bir təsiri olmur. Ölkədə at oynadan oliqarxlar hökumətin heç bir sözünü dinləmir. Hətta bu iş birliyinə bəzi market sahibləri də qoşulub. Bəzən müşahidələr onu göstərir ki, ərzaq məhsullarının qiymətlərini elə market sahiblərinin özləri qaldırır. Alıcılar artımın səbəbini soruşanda isə məsələni sahibkarlarların üzərinbə yıxmış olurlar. Yəni, vəziyyət heç bir tərəfdən şəffaf deyil. Həm oliqarxların, həm sahibkarların, həm də market sahiblərinin özbaşınalıqları ölkə əhalisini çıxılmaz duruma qoyub. Çətin durumun isə qarşısını birdəfəlik alan yoxdur.

Oliqarxlar hökuməti niyə dinləmir?

Maraqlıdır ki, ekspertlər ölkənin böhrandan çıxma yollarını yerli istehsalda görürlər. Bildirirlər ki, həm süni qiymət artımının, həm də iqtisadi böhranın qarşısını yalnız yerli istehsalla almaq olar. Əks təqdirdə, manatın kəskin dəyər itirməsi, ölkə iqtisadiyyatının çökməsi və daxili istehsalın olmamasından qaynaqlanan bahalaşma qaçılmazdır. Bəzi ekspertlər isə qeyd olunan problemlərin hələ uzun müddət öz həllini tapmayacağını söyləyirlər. Bildirirlər ki, bu baxımdan  bahalaşmanın qarşısını almaq mümkünsüz görünür.
Qeyd edək ki, 2016-cı ilin dekabrında noyabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,0 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 4,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 2,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,4 faiz bahalaşıb. Statistika Komitəsinin məlumatına görə, ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, heyvanın, narın, bananın, xurmanın, kivinin, portağalın, naringinin, pomidorun, xiyarın, kələmin, göyərtinin, çuğundurun, kartofun, soğanın, sarımsağın qiymətlərində bahalaşma, limonun, yerkökünün, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Yəni, yeni ilə köhnə problemlərlə daxil olduq. Ona görə də iqtisadçılar bu ilin iqtisadiyyatının gözləntilərini müsbət notlarla təqdim edə bilmirlər. İqtisadçı Qubad İbadoğlu hesab edir ki, bunun başlıca səbəbi yola saldığımız il ərzində yetərincə imkanlar və şansların  dəyərləndirilməməsi, tələb olunan qərarların vaxtında verilməməsi və problemlərin çoxunun bu ilə daşınmasıdır. Nəticədə hətta rəsmi statistik məlumatlarda da ötən il ərzində Azərbaycan iqtisadiyyatı 4 faizə qədər kiçildi, ərzaq inflyasiyası 15 faizi ötdü, 50 mindən çox iş yerləri bağlandı. Azərbaycan iqtisadiyyatı MDB məkanında ili tənəzzüllə başa vuran Belarus və Rusiya ilə nəinki eyni siyahıda yer aldı, hətta bu “qara siyahı”ya liderlik etdi. Beləliklə də start vəziyyəti gözlənildiyindən də xeyli pis olan 2017-ci ildən gözləntilər də nikbinlik yaratmır.

Alçina Amilqızı
Cebhe.info

18:12