Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin fevralı

​Xudaferin.eu AZƏRTAC -a istinadən müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X  X  X

1 fevral. Prezident Heydər Əliyev Dünya İqtisadi Forumunun “Mərkəzi Asiyada sabitlik” mövzusuna həsr olunmuş iclasında çıxış etdi.

2 fevral. Nyu-Yorkda Polşa Prezidenti Aleksandr Kvasnevski, İsveçrə Konfederasiyasının Prezidenti Kaspar Villiger, ABŞ-ın sabiq Prezidenti Bill Klinton ilə görüşdü.

4-14 fevral. ABŞ-ın Klivlend klinikasında tibbi müayinədən keçdi və həkimlərin məsləhəti ilə müalicə qəbul etdi.

21 fevral. Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi. Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar xalqa müraciət etdi.

25 fevral. Klivlend şəhərində müalicəsini uğurla başa çatdıraraq Londona getdi.

28 fevral. Vətənə qayıtdı.

X  X  X

Dövlətçilik fəaliyyətinin bir nömrəli məsələsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad edilməsi olan Ümummilli Lider Heydər Əliyev fevralın 1-də Dünya İqtisadi Forumunun Davosda keçirilən “Mərkəzi Asiyada sabitlik” mövzusuna həsr olunmuş iclasında çıxış etdi. O, öz çıxışında sentyabrın 11-də ABŞ-ın Nyu-York şəhərində törədilmiş dəhşətli terror aktından sonra dünyanı çox narahat edən beynəlxalq terrorizmlə birgə mübarizənin vacibliyi ilə yanaşı, təcavüzkar separatizmin təhlükəsindən danışdı. Qafqazı illərdir separatizmlə əlaqədar hərbi münaqişələr bürüdüyünü diqqətə çatdıran Ulu Öndər separatçıların ələ keçirdikləri yerlərin nəzarətsiz ərazilərə çevrildiyini, separatizmin münaqişə, terror mənbəyi olduğunu vurğuladı və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisini buna misal göstərdi.

Sitat: “Separatizm, xüsusən təcavüzkar separatizm nə kimi pərdə altında gizlənsə də, onda terrorizm də var, bir çox başqa təzahürlər də. Separatizm silah toplanmasına, çox vaxt qanunsuz vəsait toplanmasına, - o cümlədən də narkotik maddələrin qanunsuz dövriyyəsi hesabına gətirib çıxarır. Həm də bütün bunlar əvvəlcə separatizm formasında olur və sonra, təbii ki, terrorizm səviyyəsinə çıxır. Bildiyiniz kimi, Qafqazı artıq neçə illərdir separatizm və bununla əlaqədar hərbi münaqişələr bürümüşdür: Dağlıq Qarabağla əlaqədar Ermənistanla Azərbaycan arasında münaqişə, Gürcüstanda gürcü-abxaz və Cənubu Osetiya münaqişələri, Şimali Qafqazda, Çeçenistanda münaqişə. Hər yerdə də silah, hər yerdə də qətllər, hər yerdə də zorakılıq. Separatizm terrorizm forması alır və həm də belə bir təhlükə törədir ki, separatçıların ələ keçirdikləri ərazilər, ümumiyyətlə, nəzarətsiz ərazilərə çevrilir. Məsələn, Azərbaycanın Dağlıq Qarabağ ərazisini götürək. Bu ərazidə münaqişə məhz separatçılıq niyyətinə görə başlanmış, sonra Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilmiş və nəticədə Azərbaycan ərazisinin təxminən on altı min kvadratkilometr hissəsi nəzarətsiz sahəyə çevrilmişdir, daha dəqiq desək, qanunsuz silahlı qüvvələrin nəzarətində qalmışdır. Bu əraziyə dünya birliyi, heç bir beynəlxalq təşkilat nəzarət etmir. Təbii ki, orada çoxlu silah toplanmışdır, orada narkotik maddələrin qanunsuz dövriyyəsi də ola bilər. Deməli, bu, münaqişə törətmək mənbəyidir, terrorizm mənbəyidir”.

Erməni silahlı birləşmələrinin Xocalıda və Qarabağın bir çox başqa ərazilərində törətdikləri soyqırımları da separatizmdən qaynaqlanırdı. Xocalı faciəsi və ermənilərin digər qanlı cinayətlər barədə həqiqətlərin dünyaya çatdırılmasını, soyqırımı kimi tanınmasını olduqca vacib hesab edən Heydər Əliyev bu istiqamətdə aramsız səylər göstərirdi. Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar 2002-ci il fevralın 21-də ABŞ-dan Azərbaycan xalqına müraciət edən Ulu Öndər Xocalı faciəsini erməni şovinistlərinin iki yüz ilə yaxın bir müddətdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ən qanlı səhifəsi adlandırdı, bu mənfur siyasətin arxasında dayanan niyyətləri bir daha açıqladı.

Sitat: “Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bir sıra dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu mənfur siyasət çar Rusiyası və sovet hakimiyyəti dövründə ardıcıl davam etdirilmiş, SSRİ-nin süqutundan sonra xalqımızın doğma torpaqlarından qovulması, qaçqın və köçkünə çevrilməsi kütləvi qırğınlarla müşayiət olunmuşdur. Təcavüzkar erməni millətçilərinin və sərsəm “böyük Ermənistan” ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir...

Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi”.

Xocalı soyqırımının hüquqi müstəvidə tanıdılması yönündə Heydər Əliyevin başlatdığı siyasətin davamı olaraq sonrakı illərdə də böyük işlər görüldü. “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası buna ən parlaq misal ola bilər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan həmin kampaniya çərçivəsində həyata keçirilən ardıcıl tədbirlər, müxtəlif xarici ölkələrin siyasi və ictimai dairələri arasında aparılan izahat işləri real nəticələr verdi. Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı kimi tanıyan dövlətlərin sayı ildən-ilə artmaqdadır. Beynəlxalq təbliğat kampaniyası artıq Amerikadan Avropaya, Mərkəzi Asiyaya, Yaxın və Uzaq Şərqə, Avstraliyaya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir. Məsələn, Meksika Senatı Xocalı faciəsini soyqırımı adlandırıb, Pakistan soyqırımı pisləyən qətnamə qəbul edib, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina parlamentləri Xocalı soyqırımını rəsmən tanıyıb, Peru, Honduras, Cibuti parlamentləri, ABŞ-ın 24 ştatı müvafiq qətnamələr qəbul edib. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalı qətliamını soyqırımı və insanlığa qarşı cinayət kimi tanıyıb və bu proses davam etməkdədir.

Qeyd edək ki, Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya yayılması 44 günlük Vətən müharibəsinin gedişində ədalətli mövqeyimizin dəstəklənməsi baxımından əhəmiyyətli rol oynayıb. “Xocalıya ədalət!” çərçivəsində illərlə davam etdirilən məqsədyönlü işlər İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm Qələbəyə də xüsusi təsir göstərib.

Ulu Öndər səhhəti ilə əlaqədar 2002-ci ilin fevralında ABŞ-ın Klivlend klinikasında müayinə olundu və bir müddət orada müalicə kursu keçdi. Lakin elə bir gün olmurdu ki, Azərbaycanla əlaqə saxlamasın, respublikamızda işlərin gedişi ilə maraqlanmasın. Bu onu göstərirdi ki, Azərbaycanın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev harada olursa-olsun, daim öz doğma vətənini, canından artıq sevdiyi xalqını düşünür. Klivlend şəhərindən Azərbaycan xalqına etdiyi müraciət məhz bu baxımdan onun böyük ömrünün unudulmaz məqamlarından biri kimi diqqət çəkir.

X  X  X

ABŞ-ın Klivlend şəhərində müalicə olunan Heydər Əliyevin Azərbaycan xalqına müraciətindən

• Bütün bu günlərdə mən daim ölkəmizlə, respublikamızla, Vətənimizlə əlaqədə olmuşam. Mənə hər gün məlumatlar gəlir, məsələlər haqqında təkliflər, fikirlər söylənilir və mən bunlarla əlaqədar qərarlar qəbul edir, lazımi göstərişlər verirəm.

• Mən çox məmnunam ki, ölkəmizdə həyat öz axarında gedir, sabitlik, əmin-amanlıq, rahatlıq hökm sürür, insanlar öz işləri ilə məşğuldurlar və Azərbaycanda 2002-ci ilin ikinci ayı, demək olar, uğurla keçir. İqtisadiyyatımız inkişaf edir, lazımi tədbirlər də görülür.

• Bilirəm ki, ölkədə əhalinin elektrik enerjisi ilə təmin olunması lazımi səviyyədədir. Rusiyadan qaz alırıq və Azərbaycanın özünün hasil etdiyi qazla birlikdə ölkənin mümkün olan bölgələrini qazla təchiz edirik. Ümumiyyətlə, qış dövründə ölkəmizin elektrik enerjisi və qazla təminatı, hesab edirəm ki, yaxşı səviyyədədir. Təbiidir, bəzi qəzalar, gözlənilməz hallar olur. Amma onların da qarşısı alınır. Hər halda, mən bütün bu məsələlər barədə daim məlumat alıram, göstərişlər verirəm. Ölkə idarə olunur, vətəndaşlarımız öz işləri ilə məşğuldurlar və respublikamız 2002-ci ilin inkişafını yaşayır. Mən bundan çox məmnunam. Bunlar onu göstərir ki, artıq dövlətimizin, hökumətimizin, bütün hakimiyyət orqanlarının, icra orqanlarının fəaliyyəti elə qurulmuşdur ki, biz işləri yüksək səviyyədə aparmağa qadirik.

• Təbii ki, mən burada darıxıram, sizsiz darıxıram, ölkədə olmadığıma görə darıxıram. Amma eyni zamanda, daim ölkə ilə əlaqəmin olması mənə həmişə rahatlıq verir. Siz də tamamilə rahat ola bilərsiniz, heç bir narahatçılığa əsas yoxdur. Mənim bugünkü səhhətim əvvəlki dövrlərdən daha da yaxşıdır və bir neçə gündən sonra biz sizinlə görüşəcəyik.

Xudaferin.eu


 

16:06