Xalqa bağışlanmış ömürdən anlar: 1971-ci il

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

19 yanvar. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Gəncə şəhərində çini qablar zavodunun açılışında iştirak edib.

5 fevral. Bakı şəhər Partiya Komitəsinin konfransında nitq söyləyib.

10-12 mart. Azərbaycan Kommunist Partiyasının XXVIII qurultayında məruzə edib, yekun nitq və bağlanma mərasimində nitq söyləyib.

19 mart. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Teleqraf Agentliyinin (indiki AZƏRTAC) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edib.

1 aprel. Sov. İKP-nin XХIV qurultayında nitq söyləyib.

3 iyun. Azərbaycan yazıçılarının qurultayında çıxış edib.

20 iyun. Bakıda C. Naxçıvanski adına Respublika Orta İxtisaslaşdırılmış İnternat Məktəbinin açılış mərasimində iştirak edib.

26 iyun. Dövlət nümayəndə heyəti ilə Neft Daşlarını ziyarət edib.

27 iyun. Dövlət nümayəndə heyəti ilə Sumqayıt şəhərində olub.

5 iyul. Azərbaycan Neft və Kimya İnstitutunun 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edib.

16 iyul. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

27 iyul. Ağstafaçay su anbarının açılışına həsr olunmuş tədbirdə iştirak edib.

20 oktyabr. Bakıda keçirilən elmi konfransda giriş sözü söyləyib.

29 oktyabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

3 dekabr. Azərbaycan neft emalı sənayesinin 100 illiyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib.

X X X

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev XXVIII qurultaya hesabat məruzəsində respublikadakı vəziyyəti dərin təhlil edib, kənd təsərrüfatındakı geriliyin səbəblərindən danışıb: “Bir çox illər ərzində respublikanın kənd təsərrüfatına rəhbərlik işində ciddi təşkilati və aqrotexniki səhvlərə və qüsurlara yol verilirdi. Prinsipial məsələlərin, kənd təsərrüfatı problemlərinin həlli elmi zəminə əsaslanmır, çox vaxt özbaşına çıxarılan qərarların nəticəsi olurdu. Bunun nəticəsində kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması və onun sahələrinin yerləşdirilməsi işi kifayət qədər düşünülmədən, tələsik və müvafiq hazırlıq aparılmadan görülürdü ki, bu da bir sıra çox mühüm kənd təsərrüfatı məhsulları istehsalının həcminin xeyli azalmasına gətirib çıxarırdı”.

Martın 19-da dahi rəhbər Heydər Əliyev Azərbaycan Teleqraf Agentliyinin (indiki AZƏRTAC) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edib. Çox keçmədən AZƏRTAC-ın texniki təchizatını yaxşılaşdırmaq istiqamətində mühüm addımlar atılıb. Heydər Əliyevin şəxsi nüfuzu hesabına müttəfiq respublikaların informasiya agentlikləri arasında Ukrinformdan sonra məhz AZƏRTAC kompüterlə təchiz edilib. Agentlik həm maddi-texniki bazasına, həm də yaradıcılıq potensialına görə birincilər sırasına çıxıb.

Heydər Əliyev 1971-ci ildən başlayaraq Azərbaycan yazıçılarının bütün ali məclislərində iştirak edib. Proqram xarakterli geniş və dolğun nitqlərində təşkilatın qarşısında dayanan vəzifələr, xalqın və dövlətin taleyində ədəbiyyatın yeri və rolu barəsində dəyərli fikirlər söyləyib, yazıçıları respublikamızın həyatında fəal mövqe tutmağa çağırıb.

Həmin dövrdə dahi rəhbəri düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi idi. Onun təşəbbüsü və uzaqgörənliyinin nəticəsi olaraq 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Hərbi məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı.

Bu gün ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və rəşadət göstərdilər.

Heydər Əliyevin inkişaf strategiyasında neft sənayesi xüsusi yer tuturdu. Ulu Öndər xüsusən Neft Daşlarında çalışanların əməyini yüksək qiymətləndirir, onların hörmətə layiq insanlar olduğunu dönə-dönə vurğulayırdı. İyunun 26-da Neft Daşlarına səfəri zamanı bunu bir daha dilə gətirdi.

1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçiləndən az sonra rəsmi yığıncaqların birində Heydər Əliyev Sumqayıt şəhərinin birtərəfli inkişafından narahat olduğunu bildirdi. Yəni o vaxt şəhərdə əsasən kimya müəssisələri və metallurgiya zavodları fəaliyyət göstərirdi. Çox keçmədi ki, böyük bir ərazidə nəhəng tikinti işlərinə başlanıldı. Üst trikotaj fabrikinin bünövrəsi qoyuldu. Hər axşam tikintinin gedişi barədə Heydər Əliyevə məlumat verilirdi. Nəhəng müəssisənin tikintisi qısa müddətdə başa çatdırıldı. Fabrik o vaxt əsas xammalı İttifaqın digər regionlarından aldığından müəyyən çətinliklər yaranırdı. Bu problemin həlli üçün yaxınlıqda sap istehsal edən xovlu iplik fabriki tikilib istifadəyə verildi.

Həmin dövrdə Azərbaycan Neft və Kimya İnstitutunun 50 illiyi Heydər Əliyevin iştirakı ilə qeyd olundu, kollektivin 100-dən çox üzvü fəxri ad və fərmanlarla təltif edildi.

X X X

Heydər Əliyevin Azərbaycan yazıçılarının V qurultayındakı nitqindən

“Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini əbədiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır. Bu ədəbiyyat bədii sözün gözəl nümunələrini yaradaraq zəmanəmizin yüksək romantikasını, xalqın döyüş rəşadətini, onun fədakar əməyini tərənnüm edir...

Yazıçı xalq üçün yaradır, öz kitablarını xalqa təqdim edir, buna görə kütlələrlə, oxucularla görüş, bilavasitə yaxınlıq ona xüsusilə coşqun ilham verir...

Biz istəyirik ki, yazıçılarımızın yaradıcılığı respublikanın ictimai-siyasi həyatı ilə sıx bağla olsun, onlar həyatdan ayrılmasınlar, kəskin problemlərdən və məsələlərdən kənara çəkilməsinlər, əksinə, həmişə hadisələrin qaynağında olsunlar...

Biz arzu edirik ki, yazıçılar öz yaratdıqları əsərlərə zamanın və günün tələbləri zirvəsindən qiymət versinlər...

Rus şairləri və nasirləri Azərbaycan ədəbiyyatının nümunələrini ilhamla və məhəbbətlə tərcümə etmişlər və edirlər...

Kim el sənətkarlarının bir-birinə qayğısını, diqqətini, öz peşəsinin sirlərini gənclərə necə həssaslıqla öyrətdiyini görübdürsə, yəqin ürəyində deyibdir: eşq olsun o sənətkara ki, öz yaradıcılığının məhdud çərçivəsində qapanıb qalmır, təkcə öz yaradıcılıq taleyini deyil, böyük sənətin gələcəyini düşünür...

Xalq öz təsəvvüründə yazıçının yaradıcılığını onun şəxsiyyətindən heç vaxt ayırmır. Oxucular üçün sənətkarın sözü və əməli, onun əsərləri və şəxsi idealı - qırılmaz vəhdətdir.

Biz yazıçıya insan qəlbinin mühəndisi deyirik. Bu adı doğrultmaq lazımdır”.

Azərbaycan KP MK-nın oktyabr plenumundakı məruzəsindən

“İncəsənət insanın mənəvi aləminin zənginləşməsində, şəxsiyyətin ahəngdar inkişafında mühüm vasitədir. Azərbaycan incəsənətinin ən yaxşı əsərləri respublikanın hüdudlarında uzaqlarda da böyük şöhrət qazanmışdır...

Lakin musiqi həyatımızda yaranmış vəziyyət ümumən narahatlıq doğurur. Hər şeydən əvvəl, ona görə ki, çoxdan bəri yeni, yaxşı opera əsərləri yaradılmır. Mahnı yaradıcılığı da geri qalır...

Musiqi ictimaiyyətinin mühüm bir vəzifəsi geniş zəhmətkeş kütlələrinə estetik musiqi zövqü aşılamaqdır. Mədəniyyət Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, Bəstəkarlar İttifaqı musiqi repertuarına daha böyük tələbkarlıqla yanaşmalı, bayağılığa, zövqsüzlüyə və xalturaya qarsı barışmaz mübarizə aparmalıdırlar...

Bəstəkarlarımız xalqın arzu və əməlləri ilə yaşamalı, forması maraqlı və ideya məzmunu dərin olan musiqi əsərləri yaratmalıdırlar...

Yaşayış məntəqələrində küçələrin və meydanların bədi memarlıq tərtibatını vermək, Azərbaycan torpağında çox olan tarixi abidələri bərpa etmək işləri gücləndirilməlidir...

Təəssüf ki, teatrların işində nöqsan nailiyyətdən çoxdur. Hər şeydən əvvəl, onların repertuarı bizi qane edə bilməz...

Teatr tamaşaçılara klassik əsərlər və sovet dramaturqlarının ən yaxşı əsərlərini göstərməkdənsə, çox vaxt məzmunu o qədər də dərin olmayan əyləndirici tamaşalar göstərir...

Musiqili komediya teatrının işində ciddi nöqsanlar vardır, onun səhnəsinə yalnız obıvatellərin zövqünü oxşaya bilən, ədəbi-bədii cəhətdən və öz musiqisi cəhətdən zəif operettalar tez-tez yol tapır...

Kino sənəti xadimləri elə filmlər yaratmalıdırlar ki, orada dərin həyat həqiqəti, ideya mövqelərinin aydınlığı və dürüstlüyü, yüksək bədii sənətkarlıq üzvi surətdə birləşmiş olsun...

Müəyyən irəliləyişə baxmayaraq, Azərbaycan kinematoqrafçılarının işi günün tələbləri ilə ayaqlaşmır. Bir sıra maraqlı filmlər yaradılsa da, bəzi hallarda filmin bədii səviyyəsinin aşağı olması mühüm bir mövzunu gözdən salır...

Tamaşaçılar Azərbaycan kino sənəti xadimlərindən müasirlərimiz haqqında dolğun bədii və sənədli filmlər gözləyirlər”.

Xudaferin.eu


 

15:14