Universitetlərdə YENİLİK: Rektorlar seçiləcək

 

Kamran Əsədov: “Bu, Azərbaycan ali məktəblərinə yeni nəfəs verəcək”

Bir müddət əvvəl ölkə başçısının sərəncamı ilə publik hüquqi şəxsə çevrilən “Bakı Mühəndislik Universiteti”nin ardınca iki universitetdə də idarəetmə forması dəyişib. Belə ki, 2016-cı ilin noyabrında “Bakı Mühəndislər Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” prezidentin fərmanı oldu.Ardınca isə ölkə başçısı Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Bakı Dövlət Universiteti və Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan təhsil müəssisələrinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.Ekspertlərin fikrincə, yenidən təşkil ediləcək universitetlərin idarəetməsində isə bir sıra islahatların aparılacağı bildirilir.Ehtimal olunur ki, publik şəxsə çevriləcək universitetlərin idarəetməsində seçki sistemi böyük rol oynayacaq.Bununla da rektorların təyinatı məhz seçki yolu ilə həyata keçiriləcək.Təbii ki, bütün bu məsələlər sadəcə ehtimaldır.Amma prosesin bu səviyyədə təşkili istisna olunmur. Tədricən dövlət hesabına fəaliyyət göstərən universitet qalmayacaq, hamısı publik hüquqi şəxsə çevrilərək daxili idarəetmə mexanizmi ilə fəaliyyət göstərəcək. Maraqlıdır, publik şəxsə çevriləcək ali məktəblərin idarəetmə mexanizmi necə tənzimlənəcək və bu idarəetmədə seçki sistemi həyata keçiriləcəkmi?

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, ali məktəblərin publik hüquqi şəxsə çevrilməsi zəruri idi: “Çünki dövlətin varlığı bu konseptin yaranmasını tələb edir. Dövlət hüquqi şəxs olmadan davamlı ola bilməz, lakin dövlət sıradan bir şirkət, dərnək ya da ictimai birlik deyil. Dövlətin məqsədi pul qazanmaq deyil, onun kompleks hədəfləri və resursları var, zor tətbiqetmə səlahiyyətinə sahibdir.Siyasi səbəblərə misal versək, Mərkəzi Seçki Komissiyası müstəqil olmalıdır, bu səbəblə o müstəqil publik hüquq şəxsi sayılmalıdır.Halbuki sayılmır.Başqa bir misal bələdiyyədir.Bələdiyyə şirkət, QHT deyil.Onun məqsədi pul qazanmaq deyil. O bir publik hüquq şəxsdir. Başqa bir misal MTRŞ, o da publik hüquqi şəxs olmalıdır.Başqası da Mərkəz Bankdır”.

Ekspertin sözlərinə görə, publik hüquqi şəxsin həqiqi müstəqilliyini təmin etmək üçün, o fərmanla yox, ayrıca qanunla qurulmalıdır: “Fərmanı hər an dəyişib həmin orqanın statusuna və müstəqilliyinə son qoymaq mümkündür. Yəni fərmanla qurulan publik hüquqi şəxsin müstəqilliyi həqiqi ola bilməz. İdarə olunma prosesi bundan sonra ciddi şəkildə dəyişəcək. İlk növbədə qeyd etmək lazımdır ki, bizdə ali məktəblərin idarə olunması sovetlər dönəmindən qalma prinsiplər əsasında həyata keçirilir. Bu da model kimi dünyada qəbul edilmir.Dünyada reytinq cədvəlində öndə gedən universitetlərin idarəçiliyi daha çevik həyata keçirilir.Bundan başqa publik hüquqi şəxs kimi universitetlərin daha sərbəst maliyyə fəaliyyəti olacaq.İndiki halda onlardan hansısa birinin maliyyə prosesini həyata keçirmək üçün tabe olduqları yuxarı orqanın razılığını alması tələb olunur.Amma publik hüquqi şəxs olanda universitetin bu sahədə müstəqilliyi olacaq.Digər tərəfdən, indi universitetin yeganə gəlir mənbəyi tələbələrin təhsil haqları təşkil edir.Lakin publik hüquqi şəxsə çevriləndən sonra digər xidmətlər göstərməsi üçün şərait yaranacaq ki, bu da əlavə gəlir əldə etmək imkanı verəcək”.

Kamran Əsədov hesab edir ki, bu, Azərbaycan ali məktəblərinə yeni nəfəs verəcək və qısa müddətdə universitetlərimizin beynəlxalq nüfuzu qalxacaq: “Dünya təcrübəsində universitetin əsas gəlirləri layihələr, xarici ölkələrdən tələbə qəbulu, elmi tədqiqat jurnalları, hazırlıq qrupları, tərcümə xidməti və sair təşkil edir. Lakin bu qeyd olunanlar təəssüf ki, bizim universitetlərdə yoxdur.Bu dəyişiklik məhz həmən gəlirli sahələri universitetlərə cəlb etmək üçün mühüm əhəmiyyət kəsb edir”.

Ekspert hesab edir ki, publik hüquqi şəxs kimi universitetin idarə olunması fərqli olacaq:

“Elmi Şura, Himayəçilər Şurası, rektor, Büdcə Komitəsi və Audit Komitəsi universitetin idarəetmə orqanlarıdır. Himayəçilər Şurası inkişaf etmiş ölkələrin universitetlərinin ən vacib atributudur.Rektor bu şuraya hesabat verir.Şura universitetin strategiya və vizyonunu, maliyyə mənbələrinin formalaşdırılması və xərclənməsi istiqamətlərini müəyyənləşdirir.Təhsil sistemində idarəetmədə çeviklik və universitetin müstəqilliyinin və peşəkarlığının artırılması, həmçinin innovasiyaya istiqamətlənmiş bir strategiya ilə elm təhsil və biznes qurumlarının vəhdəti arzu edilir”.

Alçina Amilqızı

Cebhe.info

 

06:54