Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Gürcüstanda da geniş kampaniyaya başlanılıb

Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım məqsədilə qonşu Gürcüstanda da geniş kampaniya başlanılıb. Tbilisi yaxınlığında Avcala anbar kompleksində xüsusi yer ayrılıb və buraya hər gün Gürcüstanın bütün bölgələrindən yüzlərlə insan yardım gətirir.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Avcala anbar kompleksində hətta bəzi günlərdə anbarın işçiləri gecələr də işləməli olurlar.

Bildirilir ki, Türkiyədə zəlzələdən zərər çəkən insanlara yardım məqsədilə hər gün bu depoya Gürcüstanın təkcə azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsindən deyil, Şidi Kartli, Zemo Kartli, Kaxeti və digər bölgələrdən yüzlərlə insan yardım gətirir.

Eyni zamanda, hər gün humanitar yardımla dolu 5, bəzən isə 10 ədəd yüklə dolu avtomobil Türkiyəyə yola salınır. Yardım məqsədilə Türkiyəyə tibbi ləvazimat, qızdırıcılar, tibbi alətlər, gec xarab olan ərzaq məhsulları, eləcə də yataq dəstləri, çarpayı, geyim əşyaları və digər gündəlik tələbat malları gətirilir.

Türkiyənin Gürcüstandakı səfirliyinin əməkdaşları və Gürcüstan rəsmiləri də tez-tez buraya baş çəkir, toplanan yardımın çeşidlənməsi və yola salınması prosesində iştirak edirlər.

Xətayi Əzizov

Xudaferin.eu

17:01