Trampın Qafqaza baxışı: Siyasətçi, yoxsa investor?

ABŞ-ın yeni prezidenti Donald Trampın Cənubi Qafqaz siyasətinin nədən ibarət olacağı ilə bağlı sualları hələ tam müəyyənləşməyib. Tramp və onun formalaşmaqda olan administrasiyası Cənubi Qafqazla bağlı prioritetlərini elan etmədiyindən ekspertlər bu məsələni hazırda ABŞ-Rusiya geosiyasi rəqabət müstəvisində təhlil etməyə çalışır. Bunun səbəbi isə Donald Trampın prezident seçkilərindən öncə Rusiya ilə münasibətlərdə dialoq və əməkdaşlıq tərəfdarı olması barədə bəyanat verməsidir. Xüsusilə də ABŞ-ın 45-ci prezidentinin Ukrayna münaqişəsinin həllində Rusiya ilə kompromisə getmək istəyi eyni prosesin Cənubi Qafqaza da təsir göstərərcəyinə dair rəy yaradıb. Yəni ABŞ Gürcüstanın NATO-ya üzvlüyündən imtina etməklə, Cənubi Qafqazın Rusiyanın təsir dairəsində qalmasına razılaşa bilər.

Bakı ümid edir ki...

Ancaq ABŞ-dakı seçkilərin nəticəsinin artıq Cənubi Qafqaz dövlətlərinin siyasi həyatına təsiri müşahidə olunur. Donald Trampın seçki kampaniyası dövründə prezident seçiləcəyi təqdirdə başqa dövlətlərin daxili siyasətinə qarışmayacağı haqda söylədiyi fikirlər Azərbaycanda müxalifətə və vətəndaş cəmiyyətinə təzyiqlərin artması üçün siyasi bəhanəyə çevrilib. Əslində, Donald Tramp demokratik proseslərə dəstəkdən imtina edəcəyinə dair heç bir fikir söyləməyib. Demokratiyanın müdafiəsi ABŞ-ın strateji maraqlarını təşkil edən əsas prinsiplərdən birini təşkil edir. Azərbaycan hakimiyyətində isə artıq belə bir yanaşma nümayiş olunur ki, əgər Demokratlar Partiyası hakimiyyətdən gedirsə və prezident Tramp başqa ölkələrin daxili işlərinə qarışmamaq siyasətinə üstünlük verirsə, o halda bütün demokratik normaları pozmaq olar. Çünki rəsmi Bakı insan hüquqları və demokratiya sahəsindəki problemlərə özünün daxili işi kimi yanaşır. İkinci amil ABŞ-Rusiya münasibətlərinin perspektivi ilə bağlıdır. Digər regionlarda, o cümlədən Cənubi Qafqazda ABŞ-la Rusiya arasında mövcud geosiyasi qarşıdurmanın aradan qalxması üçün şərait yaranarsa rəsmi Bakı balanslaşdırılmış xarici siyasət kursunu yenidən bərpa edə bilər. 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya qarşı sanksiyaların tətbiqi Qərblə münasibətlərdə “soyuq müharibə” atmosferi yaratdı. Bu isə Azərbaycan iqtidarının müxtəlif beynəlxalq siyasi qütblər arasında manevr imkanlarını məhdudlaşdırıb. Ötən iki il ərzində Azərbaycan daha çox Rusiyaya yaxın mövqe nümayiş etdirib. Bir sıra Qərb institutları ilə əməkdaşlıq dayandırılıb və məhdudlaşdırılıb, ölkədə siyasi məhbuslar problemi ABŞ tərəfindən Azərbaycana qarşı beynəlxalq sanksiyaların tətbiqinə dair təklifi gündəmə gətirib. Yalnız prezident İlham Əliyevin 2016-cı ilin mart ayında ABŞ-a səfəri zamanı qarşılıqlı anlaşmaya nail olunub və siyasi məhbusların bir qismi azadlığa buraxılıb. Buna baxmayaraq, Obama administrasiyası ilə rəsmi Bakı arasında siyasi narazılıqlar hələ də qalmaqda davam edir. Ona görə də Azərbaycan hökuməti gərginliyin Donald Tramp dönəmində aradan qalxacağına ümidlə yanaşır.  Eyni zamanda, nəqliyyat naziri Ziya Məmmədovun Donald Trampla biznes əlaqələrinin olmasına dair faktlar ABŞ-ın yeni prezidenti ilə Azərbaycan hakimiyyəti arasında siyasi körpü yaradılması üçün əlverişli imkan hesab edilir.

Obamanın səhvi müttəfiqləri çətin vəziyyətdə qoydu

Azərbaycandan fərqli olraq, Gürcüstan ABŞ-ın və NATO-nun Cənubi Qafqaz regionunda əsas strateji müttəfiqi sayılır. Hələ 2004-cü ildə Corc Buşun prezidentliyi zamanı təməli qoyulan bu proses böyük ehtimalla Donald Trampın rəhbərliyi dövründə də davam etdiriləcək. Siyasi müşahidəçiləri düşündürən yeganə sual Gürcüstanın NATO üzvlüyünə qəbulu prosesinə Tramp administrasiyasının münasibəti ilə bağlıdır. Əgər ABŞ Gürcüstanın və Ukraynanın NATO-ya qəbulundan imtina etməli olsa, o zaman Tiflislə Vaşinqtonun münasibətlərində yeni mərhələnin başlanmasından danışmaq olar. Son günlər mediaya sızan məlumatlarda Tramp dönəmində Ukrayna münaqişəsinin həlli üçün bu ölkənin neytral dövlət kimi qalmasını təklif edəcəyi bildirilir. Gürcüstan barədə isə belə məlumat yoxdur. Trampın ABŞ-ın strateji maraqlarını Rusiyaya güzəştə gedəcəyini söyləmək isə tələskənlik olar. Politoloqlar hesab edir ki, Birləşmiş Ştatların prezidenti şəxsi iradəsi əsasında qərar qəbul edə bilməz. Onun hər bir bir siyasi qərarı Konqreslə, Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon və Federal Təhqiqatlar Bürosu ilə razılaşdırılmalıdır. Bu yanaşama həmçinin NATO-ya aiddir. ABŞ prezidenti NATO-nun qərarlarını təkbaşına pozmaq iqtidarında deyil. Xatırladaq ki, prezident Barak Obama da 2008-ci ildə hakimiyyətə gələn zaman Rusiya ilə münasibətlərdə dialoqa üstünlük vermişdi. Bu məqsədlə o, Rusiyaya güzəştə gedərək Gürcüstanın və Ukraynanın NATO-ya üzvlük planından imtina etdi. ABŞ prezidenti Corc Buş dövründə hazırlanmış Polşada və Çexiyada raketdən müdafiə sistemləri quraşdırılması barədə layihələri təxirə saldı. Ancaq bütün bunlar ABŞ-ın Şərqi Avropada və postsovet məkanındakı maraqlarını təhlükə altına saldı. Rusiya 2008-ci ildə Gürcüstana hərbi təcavüz etdi, 2014-cü ildə Krımı və şərqi Ukraynanı işğal etdi. Nəticədə, Obama adminstrasiyası səhvini düzəltmək üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etmək, Rumıniyada və Polşada raketdən müdafiə sistemləri quraşdırmaq, Polşaya və Baltikyanı ölkələrə 4 min nəfər NATO hərbi qüvvələrini yerləşdirmək məcburiyyətində qaldı. Bu proqrama Ukraynaya, Moldovaya və Gürcüstana NATO-nun hərbi dəstəyinin artırılması da daxildir. Ermənistan isə Cəınubi Qafqazda Rusiyanın əsas müttəfiqi olaraq qalır. Bu ittifaq son aylar Ermənistanda Rusiya silahlı qüvvələrinin sayının artmasında özünü göstərir. Rusiya NATO-nun Qara dəniz və Cənubi Qafqaz regionuna təsirinin qarşısını almaq üçün Ermənistan ərazisində genişmiqyaslı hərbi plasdarm formalaşdırmağa çalışır. Təbii ki, bütün bunlar Vaşinqtondan diqqətlə izlənir və narahatlıq doğurmaya bilməz. Çünki Ermənistan artıq yalnız Azərbaycan üçün deyil, Türkiyəyə və NATO-ya daxil olmaq istəyən Gürcüstana qarşı uzaqmənzilli raketləri yerləşdirməklə bütün bölgə üçün təhlükə yaradır.

ABŞ Rusiyaya güzəşt etməyəcək

ABŞ-ın yeni hakimiyyəti Cənuibi Qafqazla bağlı siyasi prioritetlərini açıqlamadığından Rusiyanın Ermənistanda apardığı ağır silahlanma siyasətinə münasibəti hələlik məlum deyil. Amma ABŞ-da ilk növbədə mühafizəkar mövqeyə malik Respublikaçılar Partiyasının hakimiyyətə gəldiyini nəzərə alsaq, D.Tramp üçün güzəştə getmək bir o qədər də asan olmayacaq. Bu isə 2017-ci ildə Ermənistanda keçiriləcək parlament seçkilərində Rusiyapərəst və anti-Rusiya meylli qüvvələrin siyasi mənafeyinin toqquşmasında özünü göstərə bilər. Fransanın “Le Journal International” dərgisinin yazdığına görə, Azərbaycan hakimiyyəti ABŞ-ı Gürcüstanda və Ukraynadakı kimi “rəngli inqilablar” hazırlamaqda ittiham etsə də, ölkədə “Chevron”, “ConocoPhillips” və “Amerada Hess” kimi amerikan şirkətləri fəaliyyət göstərir. İki ölkənin iqtisadi maraqları insan haqlarından üstün dayanır. Bunların rəmzi Amerika-Azərbaycan lobbisinin əlaqələrini sıx  dəstəkləyən oliqarx Anar Məmmədovdur. Qeyd edilir ki, hər üç ölkənin prezidenti nin ABŞ prezidentindən gözləntisini onların təbrik məktubundan görmək olar. Gürcüstan prezidenti Georgi Marqvelaşvili üçün başlıca məsələ Rusiya ilə münasibətlərdə və NATO-ya üzvlüklə bağlı dəstəyi almaqdır. Bu, Gürcüstanda Amerika siyasətini qoruyub saxlamaq xahişi deməkdir. Marqvelaşvili bu dəyşikliklərdən qaçmaq istərdi. Azərbaycan prezidenti İlham Əliyevin məktubundan diqqət daha çox ATƏT-in Minsk Qrupunda ABŞ-ın vasitəçilik roluna yönəldilir. O, Azərbaycan torpaqlarının 20 faizinin erməni separatçılarının işğalı altında olduğunu yeni Amerika liderinə xatırlatmaq fürsətini əldən verməyib. Bakı ümid edir ki, Vaşinqton onun ərazi bütövlüyü ilə bağlı tələblərini dəstəkləyəcək. Ermənistan prezdenti Serj Sarkisyanın təbrik məktubu isə daha çox dumanlı idi. O, yeni prezidentin “təcrübəsi”ni və iki ölkə arasındakı sıx münasibətləri alqışlayır.
“Ermənistanın mövqeyinin xüsusiyyəti onun böyük və nüfuzlu diasporundan ibarətdir. O, iki dövlət arasında körpü rolunu oynayır və böyük hissəsi Hillari Klintonu dəstəkləyib. Erməni diasporu Hillari Klintonun Ermənistanın Türkiyə ilə əlaqələrinin bərpasına kömək edəcəyinə, eləcə də Ankaranın “soyqırım”ı tanıyacağına ümid edirdi. Ancaq bu ümidlər əsassız idi. Vaşinqton üçün ən başlıcası Ankara ilə yaxşı münasibətləri saxlamaq idi”-məqalədə belə qeyd edilir.
“Yaxın perspektivdə Amerikanın Qafqaz siyasəti dəyişməyəcək. Lakin daha uzaq gələcək üçün ssenari yolları açan bu region Trampın prioritetləri sırasına daxil deyil. Tramp Qafqazı tanıyırmı? Bəli, bir az o, öz biznesində Gürcüstanda və Azərbaycanda  dəbdəbəli otellərin tikintisi imkanlarını nəzərdən keçirib. Hər iki layihə ona heç nə verməsə də tramplar ailəsi regionun strateji və iqtisadi imkanları ilə tanış olmaq inkanı qazandı. Kasıb resurslara malik, iqtisadiyyatı hakim elitanın korrupsiyasının əldən saldığı Ermənistan Nyu-York maqnatının diqqəti heç vaxt cəlb etməyib. Buna baxmayaraq, o siyasətçi kimi deyil, investor kimi düşünür. Bu, onun milyarder və keçmiş biznesmen statusu ilə əlaqədardır. Amma dünyanın geostrategiyasını onun da rəhbəri olduğu nəhəng güclər müəyyən edir”.

Müşfiq Abdulla
(Cebhe.info)

15:50