Tofiq Zülfüqarov: “Gərginliyə təkan verənlərdən biri Sergey Lavrovdur”

 

 

Azərbaycanın keçmiş xarici işlər naziri Azərbaycan və Rusiya prezidentlərinin görüşündən danışıb.vAzərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Amerikanın Səsi” radiosuna müsahibəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşünün nəticələri, regionda təhlükəsizlik məsələlərindən danışıb.

Amerikanın Səsi: Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü hansı zərurətdən irəli gəlib? Görüşün nəticələri barədə nə düşünürsünüz?

Tofiq Zülfüqarov: Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, qeyri-adi bir görüş idi. Yəni, onun hazırlığı barədə və digər detalları geniş müzakirə olunmayıb. Amma görünür ki, təcili və çox vacib məsələlər müzakirə olunub. Rəsmi məlumatlara görə, Dağlıq Qarabağ və regionda olan təhlükəsizlik məsələləri müzakirə olunub. Bu baxımdan hesab edirəm ki, əgər bu iki mövzunu bir-biri ilə əlaqələndirsək görəcəyik ki, məhz regionda olan vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və iki ölkə arasındakı gərginlik əsas müzakirə olunan məsələlərdən biridir. Hər halda qeyri-rəsmi məlumatlar da yayılıb. Orada göstərilib ki, artıq Rusiya tərəfi etiraf edib ki, Azərbaycan-Rusiya əlaqələrinə ziyan gətirən üçüncü qüvvələr var. Bu üçüncü qüvvələrin bir hissəsi Rusiyanın daxilindədir. Bu, müzakirə olunan çox vacib bir məsələ idi. Bu məlumatı qəbul edək. Hər halda mən o adamlardan biriyəm ki, bu məlumatı həqiqətəuyğun məlumat kimi qəbul edirəm. Çünki doğrudan da bir neçə ay öncə yaranan gərginlik və onun mənbəyi elə bil Rusiyanın Xarici İşlər Nazirliyinin daxilində cəmləşib. Təhlillər onu göstərir ki, bu gərginliyə təkan verənlərdən biri Lavrovdur (Rusiyanın xarici işlər naziri Sergey Lavrov-red). Bilirsiniz ki, ictimaiyyət tərəfindən onun mövqeyi ciddi şəkildə tənqid olunur vəmən də onun tənqidçilərindən biri idim. Hesab edirəm ki, etnik mənsubiyyət qeyri-balanslaşmış bir mövqeyə gətirib çıxarıb. Təbii ki, bu da öz növbəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində böyük bir maneə olub.

 

Amerikanın Səsi: İlham Əliyevin Vladimir Putinlə görüşü ABŞ və Rusiya prezidentlərinin, eyni zamanda Azərbaycan prezidentinin ABŞ dövlət katibi ilə görüşlərindən sonraya təsadüf edir. Sizcə, bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda müsbət addımlar atılmasına yol aça bilərmi?

 

Tofiq Zülfüqarov: Hesab edirəm ki, hə. Çünki həm Amerika nümayəndəsi, həm də Rusiyanın prezidenti ilə müzakirə olunan məsələlər onu göstərir ki, əsas mövzulardan biri regionda olan vəziyyət, təhlükəsizliyin təmin edilməsi yollarıdır. Və biz hamımız başa düşürük ki, Ermənistan-Azərbaycan münaqişəsi stabilliyə və əməkdaşlığa ən böyük maneələrdən biridir. Bu baxımdan hesab edirəm ki, müzakirələr öz faydasını verəcək.

Amerikanın Səsi: Füzuli rayonunun Alxanlı kəndində hadisə baş verdikdən sonra cəbhə xəttində sanki sakitlik yaranıb. Buna səbəb nədir? Danışıqlarda yeni ümidverici məqamlardan danışmaq olarmı?

Tofiq Zülfüqarov: Bu faciəvi hadisələr onu göstərdi ki, regionda olan ölkələr, yəni, həm Azərbaycan, həm Ermənistan geniş müharibəyə çox yaxın bir xəttə gəlib. Bu baxımdan bundan öncəki siyasi aktivlik onu göstərir ki, məhz siyasi aktivlik bu mövzulara həsr olunub. Təbii ki, hamı başa düşür ki, bu hadisələrdən sonra artıq müharibənin mümkünlüyü çox real görünür. Azərbaycan və Rusiya prezidentlərinin təcili təşkil olunan görüşü onu göstərdi ki, təkcə Azərbaycanda yox, bölgədə olan siyasətçilər yox, həm də dünyanın liderləri bu məsələni ciddi şəkildə qəbul edir, başa düşürlər.

Amerikanın Səsi: Yaxın zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması ilə Çindən başlayaraq Avropayadək region dövlətləri bu yoldan istifadə edəcək. Eyni zamanda şimal-cənub nəqliyyat dəhlizi də yaxın zamanlarda reallaşacaq. Bu layihələr Azərbaycanın regiondakı siyasi və iqtisadi mövqeyində hansı dəyişikliklər yarada bilər?

Tofiq Zülfüqarov: Qeyd etmək lazımdır ki, bunlar çox vacib iqtisadi və siyasi layihələrdir. Biz coğrafi baxımdan qeyri-stabil regiona çox yaxın bir məsafədəyik (Yaxın Şərq regionuna). Bu baxımdan bu cür layihələrin bu regionda reallaşması hesab edirəm ki, həm Azərbaycana iqtisadi mənfəət və siyasi dividentlər gətirəcək, həm də bu qeyri-sabit regiona sabitlik impulsları ötürəcək. Hesab edirəm ki, bu, Azərbaycanın çox böyük bir uğuru olacaq.

 

Amerikaninsesi.org

 

09:17