Test üsulunun ləğvi: Azərbaycana nə verəcək?

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, növbəti tədris ilində abituriyentlər sonuncu dəfə test formasında imtahan verəcəklər: “Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər iki ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”. M.Abbaszadə bildirib ki, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır: “Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”.

26 ildir ki ali məktəblərə qəbul üçün keçirilən test üsuluna son qoyulacaq. İndiki test üsulunun ləğvi bizə nə verəcək? Təhsil eksperti Əjdər Ağayev açıqlamasında bildirib ki, test üsuluna start verildikdən sonra ali məktəblərdə ifrat dərəcədə subyektivlik gözə çarpıb: “Hazırlıqlı, lakin imkansız ailələr kənarda qalırdı. Bu cür problemlərin aradan qaldırılması üçün tets üsulunun yaradılması mütərəqqi bir addım oldu. Bu gün test üsulu ilə keçirilən imtahanlarda obyektivlik qorunur. Lakin test üsulunun da çatışmazlıqları var. Bu üsul uşaqları ümumi bilgilərdən uzaqlaşdırır, həyata birtərəfli hazırlaşdırır. Abituriyentlər yalnız hazırlaşdıqları 3-4 fənndən məlumatlı olurlar. Belə abituriyentlər nə vətənin coğrafiyası, nə də tarixi haqda məlumatlı olurlar. Test üsulunun ölkə təhsilinə vurduğu ziyan budur”.  

Ə.Ağayevin sözlərinə görə, artıq test üsulu dövrünü başa vurub: “Ali məktəbə qəbul olan abituriyentlər yazı yaza bilmir, şihafi nitqi yoxdur. Onların yazılı və şifahi nitqinin inkişafı vacibdir. Bunu məqbul hesab edirəm. Düzdür, bir çox şəxslər düşünür ki, test sıradan çıxsa, obyektivlik yox olacaq. Lakin düşünürəm ki, yeni üsulda da obyektivlik qorunacaq”.

Nigar Məhərrəm

Cebhe.info

 

22:39