“TALİBAN” İRANLA ANLAŞMAYA CAN ATIR

 

Döyüşçülərlə nadir müsahibə həm Obamanın həmləsi, həm də Trampın “terrorçuları öldürməyə” yönəlik indiki strategiyasına duruş gətirən canıbərk hərəkata işıq salır. Molla Əbdülsəid “The Guardian”la Lohar əyalətinin 150 taliban döyüşçüsünə başçılıq etdiyi barsız, xəlvəti guşələrindən birində görüşdü. O, ABŞ-ın baçılıq etdiyi koalisiya Əfqanıstana soxulduqdan sonra xarici əsgərlər və onların əfqanıstanlı müttəfiqləri ilə vuruşub. O zaman onun 14 yaşı varmış. Taliblər hakimiyyətdən sıxışdırılandan sonra hazırda ən böyük əraziyə nəzarət edirlər və deyəsən, onların əsgər yığmaq sarıdan korluğu yoxdur.

 

Səid Barak Obamanın həmləsi haqda deyir: “150 min amerikalı bizim öhdəmizdən gələ bilməyib. Trampın hərəkətə gətirmək istədiyi əlavə 4 min ABŞ əsgəri mücahidlərimizin döyüş ruhuna təsir etmir. Amerikalılar kəndlərimizi tutublar, biz isə onları kənddən qovmuşuq. O bildirir ki, taliblərin barış haqda düşünməsi üçün “əcnəbilər getməlidir, konstitusiyanı isə şəriətlə əvəzləmək gərəkdir”.

Talibanın hərbi əməliyyatlara qatılmış döyüşçüləri Qərb jurnalistləriylə görüşə nadir hallarda razılaşırlar. Amma rəhbərlikdən icazəsiz danışan Səid kimiləri hökumətlə 16 illik silahlı qarşıdurmadan sonra bir çox baxımdan müəmmalı qalan hərəkat haqda dəyərli təsəvvür yaradır. Toz dumanı qaldıraraq motosikllə gələn Səid və “Kalaşnikov”la silahlanmış cangüdəni Yamin əvvəlcə qaşqabaqlı durmuşdular, amma söhbətin gedişində açılışdılar. Səidin sözlərinə görə, müharibə dəyişilib və taliblər də buna uyğunlaşıblar. ABŞ əsgərləri indi əsasən əfqanıstanlılara təlim keçirlər, hava hücumları güclənib.

“Bu, həqiqətdir, doğrudan da, amerikalıllara qalib gəlmək daha da çətinləşib. Amma biz kamikadzelərdən istifadə edirik və daha çox istifadə edəcəyik, – Səid deyir. – ABŞ taktikasını dəyişirsə, biz də dəyişirik”.

Bu dəyişikliklər yaşayış bölgələrində partladıcı bərkidilmiş avtomobillərlə amansız hücumu və hərbi bazalara cəsur həmlələri nəzərdə tutur. Taliban döyüşçüləri apreldə ölkənin şimalında hərbi hökumət geyimində hərbi bazanın təlim mərkəzinə hücum edərək, ən azı, 150 əsgər öldürüblər, bu da bütün müharibə ərzində orduya ən irimiqyaslı həmlə olub. Kamikadzelər bu ay patladıcı doldurulmuş avtomobillə Qəndəharda bazanı taran edərək tam bir hərbi hissəni məhv ediblər. Səid söhbət edərkən evdə yaşayan mülki ailədən üç cavan oğlan gözlənilmədən çay gətirir. Onlar döyüşçülərin ratsiyasına qulaq verib irişirlər. Səid sakit, peşəkar tonla danışır, amma sözləri bütün yetkin həyatını bir nəslin yaşında müharibəyə həsr etmiş və 12 ailə üzvünü itirmiş insanın qəzəbiylə doludur. Bu müharibədə rekord sayda həlak olan mülki şəxslər haqda suala cavab verməyə məcbur olaraq deyir ki, Taliban “səhv edə bilər” və mülki əhaliyə ziyan vurmamağa çalışır, amma əlavə edir ki, “qoyunların arasında bütpərəst gizlənibsə, onda bu qoyun sürüsünə hücum etməyə icazə verilir”.

Xarici düşmənlər talibləri sayca həmişə üstələyib və texnologiyaca daha irəli olublar, lakin, deyəsən, Taliban 2011-ci ildən bəri hamıdan daha güclüdür və bir neçə bölgə mərkəzini təhdid edir. Ancaq hərəkat parçalanıb: daha aşağı çinli bəzi komandirlər indiki rəhbər Mövləvi Heybətullanın rəqiblərini, yaxud İŞİD kimi daha radikal strukturları dəstəkləyirlər. Lakin fikir ayrılıqları qruplaşmanın uğura nail olmasına əngəl deyil. Səid bildirir ki, “(Loharda) hər gün 10-15 adam, bəzən isə hətta polislər mücahidlərə qoşulur” və əlavə edir ki, hökumət və xarici güclər tərəfindən pis davranış yeni döyüşçülərin axınına səbəb olur.

“Taliblərin çoxu həbsxanada olmaqla kamikadzeyə çevrilir. Nə üçün?” – o, sual edir və həbsxana gözətçilərinin dustaqları döyərək və yaxud cinsiyyət üzvlərinə sıxılmış hava axını, elektrik boşalmaları yönəldərək onlara necə işgəncə verdiyini təsvir edir. Dustağı azadlığa buraxanda tab gətiriləcək rüsvayçılıq böyük olur. Hökumət qüvvələrinin verdiyi işgəncələr BMT tərəfindən təsdiqlənib. Beynəlxalq birlikdə müharibəni güc üsulları ilə udmağa az adam inansa da, ABŞ ləngiyən barış prosesini təzələməyə xüsusi səy göstərmir. “Biz daha millətin formalaşmasıyla məşğul olmuruq. Terrorçuları öldürürük, – Cənubi Asiyadakı strategiyasından danışarkən Tramp deyib. – Nəticədə uduruq”.

Mühümü budur ki, Tramp ABŞ qoşunlarının nə vaxt geri çağırılacağı haqda heç bir kriteriya göstərməyib. Ön cəbhədə altıillik döyüş təcrübəsinə malik 23 yaşlı Öməri ələ keçirilmiş Vardak əyalətində “The Guardian”a ayrıca müsahibədə danışıb ki, üsyançı hərəkatı tərk etmək və ailəsini Kabula aparmaq qərarına gəlib. O deyib: “Amma amerikalılar Vardaka qayıtsalar, onlarla vuruşacağam”.

Öməri mülki əhali arasında qurbanlara o qədər mərhəmətlə yanaşmır. Onun sözlərinə görə, bu, taliblərlə döyüşçüləri gizlətməyə indi az həvəs göstərən dinc əfqanlar arasındakı münasibətlərə ziyan vurub. Lakin iki talib bir məsələdə eyni fikirdədir: ABŞ-ın qeyri-hərbi təsir üsulu da formadakı əsgərlər qədər təhlükəlidir – xüsusən də ABŞ qoşunlarının sayı azalmağa başlayandan sonra. Keçən il bu əminlik Kabuldakı Amerika universitetinə 16 tələbə və əməkdaşın həlak olduğu sarsıdıcı dərəcədə dəhşətli hücumda özünü göstərib. Paytaxtda əksər adamlar universiteti talibsonrası Əfqanıstanın incisi sayırlar. Hücuma görə qruplardan heç bir məsuliyyəti öz üzərinə götürməsə də, Səid və Öməri etiraf etdilər ki, universitet təhlükə sayılır. Səid deyir: “Biz cəmiyyətin şüurunu dəyişdirən bu müəllimləri öldürməliyik”.

Deyəsən, Taliban indi xarici havadarların yardımı ilə ölgün gedən müharibəni davam etdirmək iqtidarındadır. Öməri deyir ki, ABŞ bu yaxınlarda Pakistana basqı edərək döyüşçülərin gizlədilməsiylə mübarizəyə başlamağa məcbur edəndən sonra taliblərin bəzisi başqa bir qonşuya bel bağlamaq qərarına gəlib: “Taliblərin çoxu Pakistandan İrana daşınmaq istəyir. Onlar Pakistana daha inanmırlar”.

Pakistan döyüşçülərə sığınacaq verdiyini inkar edir, amma Səid təsdiq edir ki, bu ölkədən yardım alırlar, ancaq heç düşünmür ki, kimdənsə asılıdırlar. “Münasibətdə olmaq başqa, əmr almaq başqa məsələdir, – o deyib. – Güclü olmaq istəyən istənilən qruplaşma başqa ölkələrlə təmasda olmalıdır. İranla ünsiyyətdə olmağımız lazımdır və Pakistanla ünsiyyətdə olmalıyıq. Eynilə Əfqanıstan hökumətinin Hindistan və Çinlə təmasları kimi”.

Sune Engel Rasmussen,
Əziz Əhməd Tassal
“The Guardian” (Böyük Britaniya)

 

09:53