Səməd Vurğunun 110 illik törəni

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr edilmiş tədbir keçirilib. Kitabxananın direktoru Tahir Sadıqov Səməd Vurğunu ədəbiyyatımızın fəxri adlandırıb. Uşaqdan-böyüyə hər kəsin onun şeirlərini əzbər bildiyini, Vətənin təbii gözəlliklərinin, zəhmətsevər insanlarının, dağının-daşının, bol məhsul verən tarlalarının, xariqələr yaradan qəhrəmanlarının şairin yaradıcılığında əks olunduğunu söyləyib. T.Sadıqov şairin yaradıcılığının sadə olduğu qədər dərin, dərin olduğu qədər də bəşəri mahiyyət daşıdığını deyib. Ədibin “İnsan” mənzum dramında qoyduğu “Qalib gələcəkmi cahanda kamal?”- dərin bəşəri, fəlsəfi, ritorik sualın dünən, bu gün və gələcək zamanlar üçün də aktual olaraq qaldığını vurğulayıb.

Tədbirdə “Dünya Azərbaycanlılarının Gənclər Şurasına Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə, şairlər – Qəşəm İlqar, Zaməddin Ziyadoğlu, Zərəngiz Dəmirçi, Rəfail İncəyurd, Şahlar Şuşalı, “Aytam” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı və başqaları S.Vurğunu təkcə şair deyil, eyni zamanda, böyük alim, ictimai xadim, əvəzsiz təşkilatçı və nəzəriyyəçi kimi xarakterizə ediblər. Bildirilib ki, şair həm də dünyada sülhün carçısı kimi bir çox ölkələrdə mötəbər tribunalardan çıxış edib, məzlumların hüququnun carçısı olub. O, “Zəncinin arzuları” poemasında ağlar və qaralar dünyasına lənətlər yağdıran kəsərli sözləri ilə imperializm dünyasını tənqid atəşinə tutub. Tədbirdə şairə həsr edilmiş şeirlər oxunub.

Xudaferin.eu

15:56