Sığorta agentlərini gözləyən TƏHLÜKƏ: Banklardan sonra növbə onlarda…

 

Əkrəm Həsənov: “Bəzi banklar bağlanır, buna görə də sığorta agentləri də fəaliyyət göstərə bilmir”
 

Ölkənin maliyyə sferasında yaranan problemlər bir çox sahələrə ciddi şəkildə təsir etdi. Bank sektorunun çökməsi, orta-kiçik sahibkarlığın inkişaf etməməsi problemi daha da çıxılmaz hala gətirir. Maliyyə sferasında yaşanan problemlər artıq sığorta bazarını da “vurub”. Sığorta şirkətləri ilə yanaşı fərdi sığorta agentləri də artıq öz fəaliyyətlərini dayandırırlar. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yaydığı məlumata görə Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən yeni sığorta agentlərinin fəaliyyətinə lisenziyalar verilib. Bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb və ya ləğv edilib. Palatadan verilən xəbərə görə, Direktorlar Şurasının iclasında Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib. Lisenziyaların dayandırılmasına səbəb, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub. İclasda həmçinin, iki fiziki şəxsin MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib. MBNP “İNS Consulting” MMC və iki fiziki şəxsə sığorta agenti fəaliyyətinə lisenziyalar verib. Ekspertlər hesab edir ki, sığorta agentlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər əsasən elektron variantın tətbiqi ilə bağlıdır. Artıq sığortaları onlayn qaydada almaq mümkündür. Bu isə sığorta agentlərinin işlərinin zəifləməsinə səbəb olur. Ancaq digər tərəfdən də bu işsizlik probleminin daha da artmasına xidmət edəcək amil kimi qiymətləndirilir.
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov şərhində sığorta bazarında baş verənləri ölkə iqtisadiyyatında aktivliyin olmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, artıq sığorta agentlərinin işi olmadığı üçün hesabat verməkdə də maraqlı deyillər:

“Bütün sahələrdə olduğu kimi sığorta sahəsində də aktivlik yoxdur. Ümumiyyətlə, ölkədə iqtisadi aktivlik azalıb. Daha az avtomobil alınır, daşınmaz əmlak almaq üçün kredit verilmir. Bunlar olmadığı üçün də sığorta aktivliyi aşağı düşür. Buna görə də sığorta agentlərinin çoxu, xüsusilə də fərdi şəxslər fəaliyyətlərini dayandırır. İşləri olmadığı üçün də onların hesabat vermək üçün maraqları yoxdur. Buna görə də vaxtlarını sərf edib Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) hesabat vermək istəmirlər. Bəlkə də artıq həmin şəxslər özləri fəaliyyətlərini dayandırdıqlarını hesab edirlər. Ona görə də Palata həmin şəxslərin lisenziyasını 3 ay müddətinə dayandırıb. Palata bununla müəyyən etmək istəyir ki, onlar həqiqətən də bazardan çıxmaq istəyirlər. Həmin şəxslər 3 aydan sonra da Palataya hesabat təqdim etməsələr, artıq icazəsini ləğv edəcək. Əgər hesabatları versələr, demək ki, fəaliyyətlərini davam etdirmək istəyirlər. Hesab edirəm ki, sığorta agentlərinin bir qismi də məhz belə edəcək. Əslində bu məsələdə elə də ciddi problem görünmür. Sadəcə olaraq fakt odur ki, sığorta bazarında fəaliyyət yoxdur”.

Əkrəm Həsənov deyib ki, ölkədə fəaliyyət göstərən sığorta agentlərinin sayı həddindən artıq çoxdur. Onun sözlərinə görə, hər bir bankda, avtosalonda, MTK-ların satış ofislərində bir neçə sığorta agenti fəaliyyət göstərir: “Bu şəxslərin çoxu məhz banklarda fəaliyyət göstərir. Müştəri bankdan kreditə avtomobil alır və anında həmin şəxsə sığorta təklifi edirlər. Eynilə avto salonlarda da bu proses gedir. Çox zaman sığorta agentləri bank və ya avtosalon işçiləri olurlar. Digər tərəfdən bankların da fəaliyyəti zəifləyib. Bəzi banklar bağlanır, buna görə də sığorta agentləri də fəaliyyət göstərə bilmir. Sığorta agentlərinin sayı dəqiq bilinməsə də kifayət qədər çoxdur. Çünki sığorta agentlərinə əvvəllər lisenziyanı Maliyyə Nazirliyi verirdi. Maliyyə Nazirliyində də bu xidmət çox şəffaf və ədalətli idi. İstənilən şəxs ərizə verib, imtahandan keçirdi və asanlıqla sığorta agenti olurdu. İmtahanı isə Maliyyə Nazirliyi deyil, özəl qurumlar testlə keçirirdi. Yəni, bu prosesdə rüşvətxorluq və digər qeyri-şəffaflıq olmurdu. Buna görə də sığorta agenti olmaq asan idi. Kimin doğrudan da biliyi, savadı var idisə, asanlıqla sığorta agenti ola bilirdi. Müqayisə etsək, bank inzibatçıları üçün Mərkəzi Bankdan attestasiya keçmək çox ağır və qeyri-şəffaf proses idi. Ona görə də Mərkəzi Bankın attestasiyadan keçmiş inzibatçılarının sayı xeyli azdır”.

Vilayət Muxtar

Cebhe.info

 

09:30