Şah İsmayıla rəva görülən park: 10 oturacaq və 1 hovuz - “Biz əmr quluyuq”-

 

 

Xəbər verildiyi kimi, Şah İsmayıl Xətainin heykəlinin olduğu Xətai rayonu Yusif Səfərov küçəsində genişləndirmə işləri aparılır. Bu məqsədlə yolu ikiyə bölən parkın ləğv edilməsi gündəmə gəlib. Yolu ikiyə bölən parkın ləğv edilməsi ilə üçzolaqlı yol altızolaqlı olacaq. Məlumatlara görə, sözügedən parkda ucaldılmış Şah İsmayıl Xətainin heykəli yolun ortasından götürülərək Babək prospektində yerləşən digər parka-“Lalələr” parkına daşınacaq. Cebhe.info əməkdaşı həm Xətainin heykəlin olduğu, həm də daşınacağı bildirilən “Lalələr” parkında olub.

 

Heykəl boyda parka heykəl

14 yaşında böyük bir dövlət qurmuş bir sərkərdənin, dövlət xadimi və şairin heykəlinin daha möhtəşəm bir yerdə qoyulacağı ümidi ilə getsək də gördüyümüz mənzərə heç də ürəkaçan olmadı. Park cəmi 10 oturacaqdan və bir hovuzdan ibarətdir. Nə qədər baxsaq da heykəl üçün müvafiq bir yer tapa bilmədik, başqa sözlə desək, heykəlin elə park boyda olduğunu gördük. Bu dəfə Şah İsmayıl Xətainin heykəlinin yerləşdiyi ünvana- Yusif Səfərov küçəsində yerləşən parka üz tutduq.

 

“Biz əmr quluyuq”

 

Ətraf hasara alınmışdı, bir xeyli fəhlə soyuğa, şaxtaya baxayaraq çalışırdı. Yaxınlaşıb bir neçə şəkil çəkdikdən sonra onlarla həmsöhbət olduq. Onlar isə sadəcə verilən əmrə tabe olduqlarını, nə qərar verilsə, onu da icra edəcəklərini bildirdilər. İşçilər heykəlin ərazidən çıxarılması, başqa yerə köçürülməsi ilə bağlı məlumatsız olduğunu qeyd etdi:“Biz əmr quluyuq, bizə tapşırıq versələr ki, heykəl başqa yerə daşınsın, biz də daşıyacağıq. Yəni, bu, bizim verdiyimiz qərar deyil, bu dövlətin verdiyi qərardır. Yol altı zolaqlı olacaq deyə genişləndirmə işi ilə bağlı yolu ikiyə bölən park ləğv olunur. Amma konkret olaraq bizə daşınma tapşırığı verməyiblər. Hələ ki, heykəl də yerindədir. Amma heykəlin “Tülpan” (Lalələr) parkına aparılması ilə bağlı söz-söhbət gəzir”.

 

Nazirlik: “Rəsmi müraciət yoxdur”

 

Şah İsmayıl Xətainin heykəli Mədəniyyət və Turizm Nazirliyinin balansında olduğu üçün qurumun mətbuat xidmətinin rəhbəri Vüqar Şıxməmmədovla əlaqə saxladıq. O isə heykəlin yerinin dəyişdirilməsi ilə bağlı “Azəravtoyol” tərəfindən heç bir rəsmi müraciətin daxil olmadığını bildirdi: “Heykəllər bizim balansımızdadır. Lakin heykəlin götürülməsi, yerinin dəyişdirilməsi ilə bağlı bizə “Azəravtoyol” ASC tərəfindən heç bir rəsmi müraciət daxil olmayıb. Nə vaxt rəsmi müraciət daxil olarsa, o zaman biz də müvafiq addımlar atarıq”.

“Azəravtoyol”: “Kim deyir ki, götürüləcək?”

Mədəniyyət və Turizm Nazirliyinə rəsmi müraciət ünvanlanmaması barədə Cebhe.info-ya danışan “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli heykəlin götürüləcəyi xəbərini birmənalı olaraq təkzib edib: “Kim deyir ki, heykəl oradan götürüləcək? Heykəl ordan götürülməyəcək. Orada yaşıl zolaq vardı, onun hesabına yol genişləndirilir. Heykəl olduğu yerində qalacaq. Əgər nə vaxtsa o heykəlin götürülməsi məsələsi gündəmə gələrsə, o zaman biz bu barədə məlumat verərik. Heykəl isə yolayırıcı hissədə qalacaq. Əgər heykəlin götürülməsi və yerinin dəyişdirilməsi gündəmdə olarsa, o zaman biz bu barədə Mədəniyyət və Turizm Nazirliyinə rəsmi müraciət ünvanlayacağıq və müvafiq qaydada işimizi görəcəyik”.

Rövşən Əsədov

Cebhe.info

 

08:43