Rəna Süleymanova “Şeyx-Səfi” xalçasını toxumaq arzusundadır

 

Xalçaçılıq dekorativ tətbiqi sənət növlərindən biri olmaqla yanaşı, qədim tarixə, zəngin mədəniyyətə və ənənələrə malik xalqlara məxsusdur. Böyük ustalıq tələb edən və xalq yaradıcılığının məcmusu hesab olunan bu sənət, tarixin minillikləri ilə səsləşən məktəb olmaqla bütün mənalarda özünün çəkisi, sanbalı və inkişaf mexanizmləri ilə heyrət doğurub. Tariximiz qədər yaşı olan Azərbaycan xalçaçılıq sənəti hər zaman Vətənimizin hüdudlarından kənarda böyük maraqla qarşılanaraq özünü həm bir məktəb, həm də orijinal sənət incisi kimi təsdiqləyib. Bunun bariz nümunəsidir ki, bu ildən başlayaraq ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi rəsmən qeyd olunur. Azərbaycan dövlətinin xalçaçılıq sahəsinə diqqətinin daha bir göstəricisi olaraq, ölkəmizdə son illər bu istiqamətdə xeyli işlər görülür, xalçaçılıq haqqında elmi simpoziumlar, konfranslar, sərgilər, ustad dərsləri keçirilir, xalçaçılıq sənəti təbliğ olunur. Azərbaycan Xalça Muzeyində toxucu-xalçaçı işləyən Rəna Süleymanovanın müsahibəsi də məhz bu sənətin müasir inkişaf istiqamətləri ilə bağlıdır.

-Rəna xanım, Sizi bu sənətə bağlayan nə oldu?

 

-Bu sənətə gəlməyim təsadüfi olmayıb. Bakıda anadan olsam da, əslim elm-mədəniyyət beşiyi, sənətkarlar məskəni Lahıcdandır. Uşaq vaxtı yay tətillərində Lahıca gedəndə, qohumlarımın xalça toxuduğunu görürdüm. Onlar “Azərxalça” Elmi-Yaradıcılıq və İstehsalat Birliyinin təcrübəli toxucuları, ustaları idi. Mən çox böyük həvəslə onların yanında otururdum. 8-10 yaşımdan başlayaraq ilmə vururdum. Elə bil o ilmələrin ritmi, musiqisi məni özünə cəlb edirdi. O vaxtdan qarşıma məqsəd qoymuşdum ki, ömrümü bu sənətə həsr edəcəyəm, yəni özümü başqa sənətdə görmürdüm. Sonra tale elə gətirdi ki, Bakıda orta məktəbi bitirəndən sonra mən də “Azərxalça” Elmi-Yaradıcılıq və İstehsalat Birliyinin bir nömrəli sınaq təcrübə sahəsinə gəldim.

-Demək, xalçaçılıq üzrə təhsiliniz var?

-Bəli, ora şagird kimi gəldim. Xalça toxumağın bütün incəliklərini mənə müəlliməm Ruqiyyə Abbasova böyük həvəslə öyrətdi. Dilarə Əliyeva, Almaz Zeynalova, Suğra İbrahimova, Zəkiyə Fərəcova və bir çox başqa sənətkarlar bu sənətdə püxtələşməyimdə böyük rol oynayıblar. Hazırda muzeyimizdə mütəxəssislərimiz, təcrübəli, sənətdə öz sözünü demiş ustalarımız çoxdur. Ustadlarımız - Xalq rəssamları Lətif Kərimov, Kamil Əliyev yaradıcı insanlar idi, onların yaratdığı xalçaları kitab kimi oxumaq olar. Onların əsərlərini, eskizlərini ilk olaraq biz işləmişik.

- Azərbaycan xalçasının təbliği istiqamətində hansı işləri görürsünüz?

 

-Xalça sənətinin 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi, Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilməsi hamımızı çox sevindirdi. Çox böyük fərəhdir ki, biz də öz sənətimizlə Azərbaycanı dünyaya tanıdırıq. Məsələn, 2000-ci ildə ilk dəfə Almaniyanın Hannover şəhərində “EXPO-2000” beynəlxalq sərgisində müstəqil dövlət kimi təmsil olunmuşuq və həmin nümayəndə heyətinin tərkibində o xoşbəxtlik mənə də qismət oldu. Azərbaycanımızın xalçaçılıq sənətini orada həm nümayiş etdirdim, həm də canlı göstərirdim. Təsəvvür edin ki, sərgidəkilər saatlarla baxır, valeh olur, danışırdılar. Bu, onlar üçün maraqlı, bizim üçün sevindirici hal idi. Birinci Avropa Oyunları zamanı yenə də muzeyimizin təşkilatçılığı ilə Bakıda “Atletlər kəndi”ndə öz sənətimizi nümayiş etdirdik. Hazırda da Azərbaycanda xalçaçılıq üzrə simpoziumlar keçirilir.

-Neçə tələbəniz var?

- Otuz beş ildir ki, öyrənirəm, öyrədirəm. 100-dən çox tələbəm olub. İndi də gəlirlər, hətta xaricdən də öyrənməyə gəlirlər. Bu yaxınlarda muzeyə Rusiya vətəndaşı Sergey Burkov gəlmişdi. O, mühəndisdir, Bakıya ezamiyyətə gəlmişdi. Sən demə, bizim xalçatoxuma sənətinə valeh imiş, müraciət elədi, sevə-sevə onu da öyrətdim. Çox məmnun oldu. Onu bütün alətlərlə təmin etdik, eskizləri verdik. Hazırda elə yetirmələrim var ki, Uşaq Yaradıcılıq Mərkəzində və digər yerlərdə gənc nəslə sənətin sirlərini öyrədirlər. Dədə-babadan qalma bu sənət - xalçaçılıq olduqca maraqlıdır, sanki bir kitab oxuyursan, yeni bir səhifə açılır sənin üçün. Yəni işləyirsən, toxuyursan o biri səhifədə deyirsən: -“aaa, mən bunu da öyrəndim”. Hər ilməni vuranda, elə bil bir söz deyirsən, xalça dili ilə bir hekayə söyləyirsən! Bizim sənətimiz belə sənətdir.

-Bu, çox böyük üstünlükdür. Siz keçmişi gələcəyə gətirirsiniz?

-Bəli, nə yaxşı ki, bu sənət yaşayıb, biz də bunu öyrənmişik.

 

-Həm də xalça 79 dərdin dərmanıdır deyirlər?

-Bəli, o xalılar nənələrimizin göz nuru olmaqla yanaşı, insanlara uzun ömür, cansağlığı və xoşbəxtlik gətirir! Həqiqətən də, xalça 79 dərdin dərmanıdır. Xalça üzərində böyüyən uşaqlar xəstəliyə yoluxmurlar, gözləri çox iti görür.

- Siz indi hansı xalçanı toxumaq istərdiniz?

-“Şeyx-Səfi” xalçasını. Əsli Viktoriya Albert Muzeyində saxlanılır, istəsək də bizə verməzlər. Onun hər naxışı sanki bir sehr, bir dünyadır mənim üçün. Hər naxışının arxasında bir dastan, bir əfsanə var.
 

-Sizə uğurlar arzulayıram, “Xalçaçı günü” bayramınızı təbrik edirəm. Arzu edirəm ki, gələcəkdə siz və şagirdləriniz qüdrətli babalarımızın, xanım nənələrimizin miras qoyub getdikləri “Şeyx-Səfi” xalçasını toxuyasınız.

Zərəngiz Mansurova

AZƏRTAC-ın müxbiri

 

16:11