Qırmızı Xaç Komitəsi Əfqan Muxtarlı ilə görüşmək istədi, amma..

 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri jurnalist Əfqan Muxtarlının yanına buraxılmayıb.
 

Bu barədə Turan-a hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib. Onun sözlərinə görə, Kürdəxanı istintaq təcridxanasında BQXK əməkdaşlarına bildiriblər ki, Muxtarlı bu müəssisədə saxlanılmır. Öz növbəsində, BQXK-nin Bakı nümayəndəliyindən Turan-ın müxbirinə bildiriblər ki, saxlanma yerlərinə baş çəkmək təşkilatın mandatına daxildir, amma missiya heç vaxt bu barədə məlumat vermir.

Penitensiar Xidmətin İctimai Əlaqələr Şöbəsinin müdiri Mehman Sadıqov Turan-ın Muxtarlının saxlanma yeri haqqında sualına cavabda bildirib ki, saxlanma yerinin dəyişdirilməsi haqqında məlumat "yalnız saxlanılanların razılığı ilə" verilir.

Vəkil Elçin Sadıqov, öz növbəsində, bildirib ki, Kürdəxanı istintaq təcridxanasında ona Muxtarlının orada olduğunu təsdiq ediblər. Vəkil Baş Prokurorluğun Muxtarlının bədənində zorakılıq izləri olmadığı haqqında bəyanatını təkzib edib. Sərhəd Xidmətinin İstintaq İdarəsində üzləşmədə və məhkəmədə zorakılıq izləri protokollaşdırılıb, deyə vəkil qeyd edib. Bundan başqa, o, məhkəmə qarşısında Muxtarlının tibbi ekspertizasının keçirilməsi haqqında rəsmi vəsatət qaldırıb. Amma vəsatət təmin edilməyib.

TURAN IA

 

09:48