Qarabağ əlilinin uşağı məktəbdən niyə qovulur?

Yasamal rayonu ərazisində yerləşən 308 nömrəli orta məktəbdə biabırçı olay baş verib. Məlum olub ki, valideyn məktəbdə tələb olunan pulu vermədiyi üçün müəllim şagirdə “psix” damğası vurub. Bu barədə Nicat Rzayev adlı şagirdin atası, I qrup Qarabağ əlili Amil Rzayev deyib. Onun sözlərinə görə, sinif rəhbəri məktəbdə yığılan pulları verə bilmədiyi üçün uşağın psixoloji xəstə olduğunu iddia edir: “Həm oğlum, həm də qızım birinci sinifdən həmin məktəbdə oxuyub. Hazırda qızım 7-ci, oğlum isə 6-ci sinfə gedir. Neçə il idi ki, məktəblə bağlı hər hansı problem yox idi. Amma oğlum 5-ci sinfə keçəndən sonra yeni sinif rəhbəri – Talya Şıxalıyeva oğlumu sıxışdırmağa başladı. Hətta sinif rəhbəri əvvəl bizlə münasibəti yaxşı olan direktorla əlbir olmağa başladı. Demək olar ki, iki ilə yaxındır bizi bezdirirlər. Hər gün bizi məktəbə çağırıb oğlumun psixoloji xəstə olduğunu deyirlər. Biz də həkimə aparırıq. Amma həkim uşağın heç bir probleminin olmadığını deyir. Hətta bununla bağlı psixiatrdan da kağız almışam. Hamısı oğlumun sağlam olduğunu deyir. Dünən isə müəllim uşaqların yanına oğlumun qolundan tutub deyib ki, səni yenidən yoxlatmaq üçün həkimə aparacağam. Hər dəfə uşaqların yanında oğluma deyir ki, sən psixi problemləri olan uşaqların məktəbində oxumalısan. Amma oğlumun heç bir problemi yoxdur”.

Amil Rzayev qeyd edib ki, oğlu müəllimin bu əməllərindən bezərək özünə qəsd eləmək istəyir: “Bütün bunlardan oğlum bezib. Həm oğlum, həm də yoldaşım az qalıb ki, özlərinə qəsd eləsin. Özüm də birinci qrup Qarabağ əliliyəm. Necə gündür ki, əsəbimdən yata bilmirəm. Hər gün dərman atıram”.
Zərərçəkmiş bildirib ki, məktəb direktoru Təranə Məmmədova onu hər dəfə təhqir edir:“Dünən də məktəb direktoru məni saatlarla qapının ağzında saxladıb qəbul eləmədi. Deyir, sən qapının ağzında durmalısan, içəri girə bilməzsən. İmkanımız olmadığı üçün məktəbdə yığılan pulları verə bilmirik. Ona görə də oğluma və mənə qarşı bu cür hərəkətlər edirlər. Məni gündə məktəbə çağırır. Bir sözlə bezidirlər. Hətta bir dəfə direktor digər müəllimləri çağırıb oğlumdan şikayətlərinin olub-olmadığı soruşdu. Bütün müəllimlər problemin olmadığını dedi. Düzdür, oğlumun əvvəl nadincliyi var idi. Amma indi hər şey qaydasındadır. Başqa problem də yoxdur. Özümüz isə problemli insanlar deyilik. Ancaq bunlar bizdən əl çəkmir”.
Atanın sözlərinə görə, sinif rəhbəri uşağın başqa sinfə keçməsini tələb edir: “Nədənsə oğlumun bu sinifdən çıxıb başqa sinfə getməsini istəyirlər. Hətta keçən il buraxılış imtahanları zamanı da mənə oğlumu başqa sinfə keçirtməyi təklif etdilər. Sinif rəhbərinin dediyinə görə, o zaman problem olmayacaq. Amma biz istəmirik. Başa düşə bilmirəm ki, onların mənimlə nə düşmənçiliyi var”.
Amil Rzayev vurğulayıb ki, məsələ ilə bağlı Prezident Administrasiyasına, Baş Prokurorluğa və bir çox qurumlara şikayət edib. Məsələ ilə bağlı açıqlama verən məktəb direktoru Təranə Məmmədova bildirib ki, 6-cı sinfi şagirdi Nicat Rzayevin psixoloji problemləri var: “Məktəb tək məndən ibarət deyil axı. Burda müəllimlər, şagirdlər və direktor müavinləri də var. O şagirdin psixoloji problemləri var. Valideynin özündə də müəyyən problemlər mövcuddur. Yaxşı ki o valideyn başqa uşağı boğub öldürməyib. Mən baş verənləri sözlə deyə bilmərəm. Gəlib məktəbdə araşdırma apardığınız zaman hamısının şahidi olacaqsınız. Biz heç nədən kiməsə nəsə demirik”.

BakiPost.az

10:39