Problemli kreditlər: Banklar iflic olub

 

Fuad İbrahimov:“Banklar da, vətəndaşlar da çıxılmaz vəziyyətdə qalıb”

 

Azərbaycan bank sektorunu, dolayısı ilə iqtisadiyyatı iflic edən ən önəmli faktorlardan biri də problemli kreditlərdir ki, onların da həcmi durmadan artır.Devalvasiyadan sonra problemli kreditlərin məbləği də artmağa başladı.Mərkəzi Bankın aprelin 1-nə olan məlumatına görə, Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 590 milyon manatı ötüb. Bir ay əvvəllə müqayisədə problemli kreditlər 33,9 milyon manat çoxalıb. Martın 1-də belə kreditlərin ümumi məbləği 1.556 milyard manat olmuşdu. Həmin vaxt problemli kreditlərin kredit qoyuluşlarındakı ümumi payı 9,8 faiz idi. Hazırda bu pay 10,2 faizə qədər yüksəlib. Bir il əvvəl 2016-cı ilin aprelində isə problemli kreditlərin ümumi kredit qoyuluşlarındakı payı cəmi 6,7 faiz idi. Bəzi ekspertlər bu rəqəmlərə belə şübhə ilə yanaşırlar.Onlar hesab edirlər ki, problemli kreditlərin həcmi daha yüksəkdir.

İqtisadçı-alim Fuad İbrahimov qəzetinə bildirib ki, iqtisadi inkişaf etmiş ölkələr üçün problemli kreditlərin həcminin 10 faizi böyük göstərici hesab olunur: “Amma düşünmürəm ki, problemli kreditlərin ümumi həcmi 10 faiz olsun. Göstərilən məbləğ reallıqda 3-4 dəfədən də artıqdır.Hamıya bəllidir ki, Mərkəzi Bankın manatın qiymətini dollara nisbətdə azaltmaq qərarından sonra banklar və onlardan ABŞ dolları ilə kredit götürmüş vətəndaşlar arasında kreditlərin devalvasiyadan əvvəlki, yaxud sonrakı məzənnə ilə ödənilməli olduğu ilə bağlı mübahisə yaranıb.Banklar kreditlərin yeni, vətəndaşlarsa köhnə məzənnə ilə ödənilməli olduğunda israrlıdır.Məhkəmə orqanlarında bununla bağlı həll olunmamış kifayət qədər işlər var. Bu gün də problemli kreditlər məsələsi öz məntiqi nəticəsini tapa bilməyib.Banklar da, vətəndaşlar da çıxılmaz vəziyyətdə qalıb. Eyni zamanda üçüncü tərəf - yəni, banklara etibar edib depozit qoyan vətəndaşlar da var. Yaranmış üçbucaq nəticəsində qapanmış bir dairə əmələ gəlib.Məlumdur ki, problemli kreditin əsasını dollarla götürülən kreditlər təşkil edir.Vaxtında dövlət nəzarəti orqanı kimi Maliyyə Nazirliyi ən azından devalvasiyanı proqnozlaşdıraraq bunun qarşısını ala bilərdi.Amma təəssüflər olsun ki, almayıb.Problemin yeganə çıxış yolu ancaq hökumətin bu məsələyə müdaxilə etməsidir. Dövlət yumşaldıcı tədbirlər görərək problemli krediti öz dotasiyasına salmaqla problemi həll edə bilər.Əks halda bu məsələ həllini tapmayacaq, problem sonsuzluğa qədər uzanacaq. Əgər vətəndaş 2000 manat götürübsə və o məbləğ 4000 manata çevrilibsə, eyni zamanda o məbləğin bu gün də artma təhlükəsi varsa, bank da öz faizlərini saxlamırsa, bu, sonsuzluğa qədər uzana biləcək problemdir. Çünki vətəndaşın gəliri o qədər artmır və artma ehtimalı da yoxdur.Məsələyə kompleks şəkildə baxmaq lazımdır. Bir çox bankların kredit müqavilələrində hər hansı dövlət qərarı, sərəncamı, aktı nəticəsində yarana biləcək problemlər fors-major kimi qəbul olunur.Əgər bu nöqteyi-nəzərdən yanaşsaq 21 fevral 2015-ci ildə məhz Mərkəzi Bankın qərarı ilə birinci devalvasiya elan edilmişdi.Dolların məzənnəsi 0.78 manatdan 1.05 manata qədər qaldırmışdılar.Mərkəzi Bankı da dövlət orqanı kimi qəbul etsək bu halda bu, fors-major hal alınır. Amma çox təəssüflər olsun ki, bu boşluqlardan istifadə edib konkret fakt ortaya qoyulmayıb”.

Yeni kredit siyasəti lazımdır

 

Ekspertin sözlərinə görə mövcud durumda bankla vətəndaşlar arasında münasibətlərdə sıfırlanma gedib: “Hər iki tərəf bir-birinə etibar etmir. Vətəndaşlar öz vəsaitlərini banklardan geri çəkib, kredit götürmək istəmir.Həmçinin banklar da kredit vermək istəsə də verə bilmir.Çünki vəsaiti yoxdur.Bunun hamısının da kökündə biznes mühitinin olmaması durur.Bu gün bank idarəçiliyində müəyyən olunsa ki, həqiqətən bazar var və 10 nəfər kredit götürüb onu vaxtında qaytaracaq, inanın ki, bank mütləq o vəsaiti haradansa tapacaq.Bank öz növbəsində bir institutdur. Müşahidə aparır, görür ki, hara pul verilirsə, geri qaytarılmır, problemli kreditə çevriləcək.Buna görə də yeni kredit sisteminin açılması üçün mütləq makroiqtisadi səviyyədə tarazlıq bərqərar olunmalıdır.Bunun da nəticəsində biznes mühiti yaranmalıdır.Bu mühitdə hansısa istehsal sahəsi üçün yeni kredit istəyənlər peyda olacaq.Hazırda vətəndaş krediti yalnız telefonunun 6 aylıq kreditini ödəmək üçün götürər”.

Fuad İbrahimov onu da qeyd edib ki, problemli kreditlərin bağışlanması ilə bağlı Milli Məclisdə dəfələrlə müzakirələr olsa da öz əsasını tapmadı: “Deputatlar, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Nazirlər Kabineti problemli kreditlərin bağışlanması ilə bağlı fikir bildirdi. Ancaq məsələni həll edən olmadı.Bu məsələ vaxtında həll olunsaydı bank-maliyyə-kredit sistemi belə sarsıdıcı zərbə almazdı.2015-ci ilin sonları, 2016-cı ilin əvvəllərində biz bunu proqnozlaşdırdıq ki, maliyyə-kredit sistemi bu problemlə mütləq üzləşəcək.Ən maraqlısı da odur ki, bununla bağlı dövlət rəhbərliyi kifayət qədər sərəncam və qərarlar verib. Sadəcə verilən sərəncamlar vaxtında operativ icra olunmayıb.Sərəncam verilirsə, onu müddət gözləmədən icra etmək lazımdır.Necə olur ki, sıravi iqtisadçı rəqəmləri müşahidə etməklə dəqiqliyilə proqnoz verir ki, devalvasiya olacaq, amma Maliyyə Nazirliyi kimi dövlət nəzarət orqanı kütləvi formada dollarla kredit verilməsinin qarşısını almayıb? Əgər qarşısı alınsaydı nə kredit alan əziyyət çəkərdi, nə də bank o aktivini vətəndaşa verərdi. Beləcə problem də olmazdı.Zəncirvari problemi yaradan məsuliyyətsizlikdir”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

10:05