Prezident Şavkat Mirziyoyev ilk dəfə Senatın və Ali Məclisin üzvlərinə müraciət edib

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlət başçısı seçildikdən sonra ilk dəfə Senatın və Ali Məclisin Qanunvericilik Palatasının üzvlərinə müraciət edib.

 

İclasda Senatın və Ali Məclisin deputatları, hökumət nümayəndələri, xarici ölkələrin Daşkənddəki səfirləri və beynəlxalq təşkilatların təmsilçiləri, habelə videokonfrans vasitəsilə Özbəkistanın xarici ölkələrdəki səfirləri, vilayət və rayon şuralarının deputatları, qeyri-hökumət təşkilatlarının üzvləri iştirak ediblər. Şavkat Mirziyoyev müraciətində ölkə həyatının bütün sahələrinə toxunub, iqtisadi sahədə aparılan islahatlar üzərində dayanıb, dövlət başçısı seçildikdən sonra bir il ərzində Özbəkistanda həyata keçirilən layihələr haqqında danışıb. Bildirib ki, 2017-ci ilin yekunlarına görə iqtisadi artım 5,5 faiz təşkil edib. Dövlət başçısı 2018-ci ildə görüləcək işlər, sosial-iqtisadi inkişafın mühüm istiqamətlərindən də bəhs edib. Prezident iki il müddətinə sahibkarlıq subyektlərinin yoxlanmasına qadağa qoymağı təklif edib. Onun sözlərinə görə, iki il ərzində çox dəyişikliklər olacaq, belə ki, bu qadağa gəlirlərin artmasına və sahibkarların yeni nəslinin yaranmasına imkan verəcək. Nəqliyyat-kommunikasıya sahəsində görülən işlərdən danışan dövlət başçısı bildirib ki, Özbəkistan öz məhsullarını dünya bazarlarına çıxarmaq üçün müxtəlif nəqliyyat dəhlizlərindən istifadə etməyə üstünlük verir. Sonda Şavkat Mirziyoyev 2018-ci ili ölkədə fəal sahibkarlıq, innovasiya ideyalarına və texnologiyalara dəstək ili elan edib.

Xudaferin.eu

Özbəkistan, "Daşkənd Bürosu"

 

09:36