Pakistanın nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrində olub

Martın 2-də Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəisi kontr-admiral Şifaat Ali Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın məzarları üzərinə gül dəstələri qoyublar.
Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral S.Bəkirov Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini xüsusi vurğulayıb.
Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.
Pakistan nümayəndə heyətinə HDQ-nin tarixi və fəaliyyəti haqqında məlumat verilib.
Qonaqlar hərbi gəmilərə baxış keçirdikdən sonra onların taktiki-texniki xüsusiyyətləri ilə maraqlanıblar. Həmçinin gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili və həyati vacib digər qurğular barədə ətraflı məlumat verilib.
Görüşdə hər iki ölkənin HDQ-i arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Sonda xatirə şəkli çəkdirilib.

Xudaferin.eu


22:09