Orta Dəhliz təhlükəsiz və yaşıl enerji marşrutu statusu qazanır

Dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” yeni dünya düzəninin formalaşdığı bir mərhələdə Avropanın iqtisadi və enerji təhlükəsizliyinin təmin edilməsi prosesi ilə bağlı zəncirin ən vacib halqalarından biridir.

Bunu AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov deyib.

Politoloqun sözlərinə görə, iki il bundan əvvəl Ermənistanın növbəti təxribatlarına əks-hücumla cavab verərək, uzun illər mövcud olan münaqişəni həllinə qovuşduran və işğala son qoyan Azərbaycan bu gün artıq qitələrin enerji probleminin həllində önəmli rollardan birini oynayır.

“Avropa ilə Asiyanı birləşdirən Şimal və Cənub dəhlizlərinin dünyanı yenidən bölüşdürmək istəyən güclər səbəbindən iflic duruma düşdüyü bir vaxtda Azərbaycan dünyaya Orta Dəhlizi təqdim etməkdədir. Daha təhlükəsiz və daha etibarlı olan, eyni zamanda, hazırkı reallıqları nəzərə alsaq, çox əlverişli şərtlərlə reallaşdırılan Orta Dəhliz digərlərindən fərqli olaraq, həm də yaşıl enerji dəhlizi statusunu qazanmaqdadır. Bu da təbii ki, özünün ənənəvi enerji resursları ilə yanaşı, həm də alternativ və bərpa olunan enerji mənbələrini düzgün dəyərləndirən Azərbaycanın və onun Prezidentinin ciddi səyləri nəticəsində reallaşır. Ukrayna müharibəsi səbəbindən hazırkı qlobal qarşıdurma şəraitində Avropanın üzləşdiyi enerji böhranının aradan qaldırılmasında, həmçinin daha təhlükəsiz və etibarlı yolla həll edilməsində Azərbaycanın rolu danılmazdır. Bununla bağlı müxtəlif mötəbər tədbirlərdə, xüsusilə də son dövrlər intensiv olaraq reallaşan Avropa səfərləri zamanı dövlət başçıları tərəfindən Prezident İlham Əliyevin və dövlətimizin ünvanına səsləndirilən qürurlandırıcı fikirləri qeyd etmək kifayətdir”, - deyə politoloq diqqətə çatdırıb.

X.Bəşirov bildirib ki, dünyanın əsasən idarə edildiyi və ən çox təşkilatlanmanın baş tutduğu Avropanın enerji təhlükəsizliyinin təmin olunması, həmçinin bunun əlavə olaraq yaşıl enerji dəhlizinin reallaşdırılması ilə paralel şəkildə həyata keçirilməsi postmüharibə dövründə bölgəmizlə bağlı baş verən siyasi və diplomatik proseslər baxımından da çox önəmlidir. Nə qədər xoşagəlməz olsa da, reallıqdır ki, hələ də Azərbaycanı istəməyən və onun haqlı mövqeyi ilə barışmayan qüvvələr var. Ancaq bu cür prosesləri reallaşdırmaqla və hər dəfə belə qlobal əhəmiyyətli sənədlərə imza atmaqla Prezident İlham Əliyev düşmənlərimizin sayını azaldaraq, dostlarımızın sayını artırır, eyni zamanda, bizə qarşı yönələ biləcək əsassız ittihamları ən mahir üsulla elə beşiyindəcə “boğmağa” nail olur.

“Yaşıl enerjinin mübadiləsi ilə bağlı Buxarest Sazişini imzalamaqla Azərbaycan həm də dünyanın diqqətini işğaldan azad edilmiş ərazilərdə düşmən tərəfindən bu gün də davam edən ekoloji terrora yönəldir. Bu addım yalnız diqqətləri cəlb etməyəcək, həm də “Köhnə qitə”ni bu terrorun sonlandırılması və buna görə məsuliyyəti müəyyənləşdirərək onu reallaşdırmaqla bağlı vəzifələndirəcək. Biz Avropanı həm enerji böhranından qorumaq, həm də ekoloji zərər görməsini minimuma endirmək üçün bütün səylərimizi ortaya qoyuruqsa, o ölkələr də, təkcə bizə qarşı deyil, ümumilikdə insanlığa və bəşəriyyətə qarşı yönələn ekoloji terrorun dayandırılması və buna görə təqsirkarların cəzalandırılması işində bizim yanımızda olmağa borcludurlar”, - deyə Xəyal Bəşirov fikirlərini yekunlaşdırıb.

Xudaferin.eu

16:08