Mərakeş nəşrində şərqşünas Həşim Məmmədovun məqaləsi dərc olunub

Mərakeşin “Asvat” qəzetinin magazineaswat.com elektron nəşrində şərqşünas Həşim Məmmədovun “Daxili və xarici siyasətdə praqmatizm və müdriklik Prezident İlham Əliyevin uğurunun ən mühüm xüsusiyyətlərindəndir!” sərlövhəli məqaləsi dərc olunub.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, məqalədə Azərbaycanın hərbi-siyasi, həm diplomatik, həm də iqtisadi cəhətdən çox gücləndiyi və sürətlə inkişaf etdiyi bildirilir. Bu proseslərin hamısı Prezident İlham Əliyevin nəzarətindədir.

H.Məmmədov yazır ki, Azərbaycanın Prezidenti İlham Əliyevin uğurlu siyasəti ölkəmizin dinamik inkişafını təmin edən ən vacib amildir. Ölkə inkişafının əsas təməllərindən biri də informasiya təhlükəsizliyi sahəsində əldə edilən yeni uğurlardır. Bu, beynəlxalq miqyasda nüfuzun daha da artmasına töhfə verir.

Mərakeş nəşri qeyd edir ki, İkinci Qarabağ müharibəsindən sonra regionda və ölkəmizdə cərəyan edən hadisələr görüləcək işlərin çoxluğunu göstərir. Ali Baş Komandan İlham Əliyev bu haqda danışarkən müharibədə qazanılan Zəfərdən sonra qarşıya qoyulan missiyanın hələ tamamlanmadığını vurğulayıb.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi xalqımızın çoxəsrlik tarixində mühüm yer tutur. Dövlət sərhədlərini bərpa edərək, Azərbaycan xalqı son əsrdə hərbi və diplomatik sahədə ən böyük Qələbəni qazanmışdır. Qələbəni əbədiləşdirmək üçün köçkünlərin yurdlarına qayıtması təmin ediləcək. Ən əsası, böyük bərpa prosesinin vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə daxil edilməsində mühüm körpü olacağı heç kimdə şübhə doğurmur.

“Asvat” nəşri qeyd edir ki, artıq azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanılıb. Otuz il ərzində erməni vandalları yaşayış və ictimai binaları, bütün infrastrukturu, maddi və mədəni abidələri dağıtmış, yeraltı sərvətlərimizi vəhşicəsinə talan etmişlər. Ona görə də, işğaldan azad olunmuş ərazilərdə normal həyatın qaytarılması və iqtisadi inkişafın bərpa olunması böyük maliyyə vəsaiti tələb edir.

Bildirilir ki, postmünaqişə dövründə Azərbaycanın digər regionları da diqqətdən kənarda qalmır, respublikamızın bütün əraziləri abadlaşdırılır.

Mərakeş qəzeti qeyd edir ki, aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin ilk rübünün yekunları ilə bağlı müşavirə keçirilib. Ölkə başçısı müşavirədə həm postmünaqişə dövründə regionda və ölkəmizdə gedən proseslərdən danışıb. Prezident ilin ilk rübünün yekunlarından danışarkən bildirib ki, bu nəticələr bizim daha əvvəlki illərdə sərf etdiyimiz əməyin, gərgin və keyfiyyətli iş fəaliyyətinin davamı, nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan pandemiyadan ən az zərər görən ölkələrdən biridir. Təbii ki, bu da ölkəmizin həm daxili, həm də xarici siyasətinin prinsipiallığından və doğru məqsədlərə yönələn iş fəaliyyətindən qaynaqlanır.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti nitqini söyləyərkən, xüsusi vurğuladığı məsələlərdən biri də Azərbaycanın artan nüfuzu və beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafı məsələsi olub. Bu əlaqələr həm vətən müharibəsi zamanı ermənipərəst qüvvələrin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsinə mane olub, həm də postmünaqişə dövründə iqtisadi və siyasi əlaqələrinin daha da genişlənməsinə xidmət edib.

Nigar Cəfərli

Xudaferin.eu

14:30