Mollakratiya rejimində seçki qarşıdurması: Ordu prezidentə qarşı

 

İran mollakratiya rejiminin Silahlı Qüvvələrinin Baş qərargah rəisi Məhəmməd Baqir  prezident Həsən Ruhaninin dövlət televiziyasında yayımlanan açıq iclasda dediyi sözlərə sərt reaksiya verib. General Ruhaninin “nüvə müqaviləsini pozmaq üçün mərmilərə şüar yazıb yer altındakı gizli strukturları göstərirlər” sözlərini kəskin tənqid edib. Prezident Ruhaninin sözlərini tənqid edən Baqir “bir səlahiyyətlinin xalqın gücünün göstəricisi olan mərmiləri nüvə razılaşması kimi kiçik bir mövzuyla əlaqələndirməsi qəbul edilə bilməz”, deyib.

Nüvə gərginliyi Ruhaniyə əngəl ola bilərmi?

Görünən budur ki, islahatçıların namizədi Həsən Ruhani ilə mühafizəkarlar arasında nüvə proqramına baxışda fikir ayrılığı var. İranda hərbi dairələrin ali dini lideri Əli Xamneyinin başçılıq etdiyi mühafizəkar qanada tabe olduğu heç kəsə sirr deyil. Həmin qanad 2015-ci ildə “Altılıq”la İran arasında imzalanmış nüvə anlaşmasına səthi yanaşsa da islahatçılar bu sənədə İranın gələcəyi kimi baxırlar.Həsən Ruhani anlaşmanın şərtlərinin sonadək icra edilməsinin vacibliyini qabağa çəkir. Mühafizəkar qanadın, yaxud ölkəni idarə edən dini-siyasi sistemin buna qarşı çıxması Ruhaninin seçkilərdə qalib gəlməsinə mane ola bilər. Amma hələ seçki kampaniyası başlamamışdan əvvəl o, özünü Xamneyinin namizədi olduğunu deməklə müsbət xallar qazana bildi.Qarşı tərəfdə də Ruhaniyə rəqib sayılacaq ciddi namizədlərin olduğunu nəzərə alsaq, hərbi dairələrlə prezident arasında yaranmış anlaşılmazlıq onun seçilməsinə əngəl olmamalıdır.Çünki bu dairələr birbaşa Xamneyinin özünə bağlıdır.Tərəflər arasındakı gərginliyə gəlincə, bu hər seçki ilində təkrarlanan haldır və imitasiyadır.Cəmiyyətdə seçkiyə marağı artırmağa, o cümlədən, Qərbin diqqətini proseslərə yönəltməyə hesablanıb.

“Bu, Qərbə olan münasibətin göstəricisidir”

Yaxın Şərq və İran üzrə ekspert Sədrəddin Soltan bildirib ki, hərbi dairələr bir neçə gündür bu fikirlərinə görə Ruhaniyə təpki göstərirlər. Ekspertin sözlərinə görə, İran prezidenti həmçinin ölkənin gücünün nüvə texnologiyası ilə ölçülmədiyini deyib: “O, iqtisadi inkişaf, vətəndaş azadlığı məsələlərini qabağa çəkdi. Hərbi dairələr bir neçə gündür Həsən Ruhaninin bu çıxışına təpki göstərirlər ki, nüvə texnologiyası və raketlər İranın hərbi sənayesinin və hərbi qüdrətinin göstəricisidir.Məlumdur ki, ABŞ prezidenti Donald Tramp “Altılıq”la İran arasında imzalanmış nüvə anlaşmasına yenidən baxılmalı olduğunu deyib.Amerikanın ayrı-ayrı siyasi dairələrinin yüksək rütbəli adamları da bildirdilər ki, İran raket sınaqlarını davam etdirərək, beynəlxalq terrorizmi dəstəkləyir. Tramp buna görə də İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi məsələsini irəli sürdü.

Yəni, bu baxımdan Həsən Ruhaninin səsləndirdiyi fikirlər ABŞ, yaxud Qərblə anlaşmaya getməsinə bir işarədir.SEPAH və digər hərbi dairələrdən Ruhaniyə qarşı olan münasibət də ABŞ-a qarşıdır.Dini lider Xamneyi Amerika ilə münasibətdə ehtiyatlı olmağa çağırışlar edir.Başqa sözlə, tərəflər arasındakı bu gərginlik Qərbə olan münasibətdən qaynaqlanır.Həsən Ruhani Qərblə yaxınlaşma tərəfdarı kimi çıxış edir, mühafizəkarlar isə bunun əksinə gedir”.

 

“Prosesə don geyindirirlər”

 

Sədrəddin Soltan hesab edir ki, mühafizəkarların bu münasibəti Həsən Ruhaninin seçki yoluna çıxarmayacaq: “Çünki bu, keçiriləcək seçkilərə olan marağı artırır. Prosesə “legitim seçki və demokratiya” donu geyindirirlər.Heç kəsə sirr deyil ki, İran ABŞ-la münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır.Sadəcə olaraq, buna mane olan bir sıra amillər var. Bu baxımdan həm islahatçılar, həm də mühafizəkarlar Qərblə münasibətlərin qaydasına salınmasını istəyirlər, amma hər iki tərəf prosesə özü nəzarət etmək istəyir.Hələlik ölkəyə mühafizəkar xətt hakimdir.Çünki bu qanadın arxasında hərbi qüvvə var. Vaxtilə Mahmud Əhmədinejad bu hərbi qüvvələrin dəstəyi sayəsində seçkilərdə qalib gəlmişdi.Amma indiki halda Həsən Ruhani bütün qüvvələr tərəfindən qəbul edildiyinə görə, seçkidə qalib o olacaq”.

Ekspert qeyd edib ki, digər namizədlər İranda o qədər güclü fiqurlar sayılmırlar: “Rəisi və Qalibaf İnqilab Keşikçiləri Qvardiyasının təmsilçiləridir, amma Həsən Ruhani kimi dini-siyasi, ideoloji tərəfdarları yoxdur. Qalibaf fars və kürdün qarışığıdır. Kampaniyada iştirak etməsi də İrandakı kürd məsələsi ilə bağlıdır. Digər namizədlərin də hamısı İran mərkəzi fars düşüncə sisteminin nümayəndələridir. Yəni, bunların Həsən Ruhaniyə mane olacağı ehtimalı azdır.Ən az seçki ikinci tura qala bilər. Bütün hallarda Ruhani yenidən İranın hökumət başçısı olacaq”.

 

Mənsur Rəğbətoğlu

Cebhe.info

 

09:36