Metroda gediş pulu qalxır

Artıq Bakı metrosu da qiymət artımına hazırlaşır; Buna açıq şəkildə bəyan etməsələr də, xərclərin çox olması ilə izah etməyə çalışırlar. Azərbaycanda kommunal xərclərin artması fonunda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin gediş haqlarının qaldıracağı ilə bağlı müzakirələr səngimək bilmir. Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, 1 sərnişinin daşınması üçün 54 qəpik xərc tələb olunur:  “Metro hər zaman ziyanla işləyib. Ziyanla işləməyimizə baxmayaraq, hökumətin sosialyönümlü siyasətinin nəticəsi olaraq hər il metropolitenə dotasiya ayrılır. Bildiyiniz kimi Bakı metrosunda gediş haqqını Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir. Təmsil etdiyim qurum tərəfindən isə qiymət dəyişikliyilə bağlı Tarif Şurasına müraciət olunmayıb”.

Əldə etdiyimiz məlumata görə, hökumət cəmiyyəti qiymət artımına hazırlaşdırır. Bunun üçün psixoloji test aparılır. N.Paşayevin müsahibəsi də bu kontekstdə artıma hazırlıq mərhələsidir. Hökumət rayon icra hakimiyyətlərinə dotasiyanı dayandırıb, analoji addım “Bakı Metropoliteni” QSC-yə qarşı da gözlənilir. Vitse-spiker də ictimaiyyətə bildirib ki, qənaətə keçirilməlidir. Məlumatlara görə, gediş haqqının 30 qəpik olması nəzərdə tutulur. Beləliklə, kommunal xərclərin artırılması ictimai nəqliyyata təsir etməkdədir. Avtobusda da gediş haqqının artırılması istisna deyil. Qarşıdakı illərdə neft gəlirlərinin azalması ilə əlaqədar olaraq Neft Fondundan büdcəyə transferlərin getdikcə azalmasının şahidi olacağıq. Buna görə də manatın möhkəmlənməsi üçün hökumət neft amilindən asılılığın azaldılması üçün alternativlər üzərində çalışır. Bu da o deməkdir ki, bütün sahələr üzrə böhran öz təsirini göstərməkdədir. Mərkəzi Bankın valyuta ehtiyatları daha da azalacaq. Bu ilin son aylarında dövlətin, şirkətlərin, bankları xarici valyuta ilə borc öhdəliklərinin artımı dollara tələbatın çoxalmasını şərtləndirəcək. Neftin indiki qiymət artımları Azərbaycanda dollara olan tələbi azaltmayacaq və təbii ki, bu kontekstdən manatın məzənnəsinin möhkəmlənməsi real deyil. Qiymət artımları barədə ədalətsiz qərarın təsiri ilə ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayı sürətlə artacaq, digər bazarlarda da qiymətlər bahalaşacaq, bir çox istehsal və xidmət obyektləri sıradan çıxacaq.

Xudaferin.eu

13:23