Merkel Trampa etiraz etdi: “Heç bir şey bizi yolumuzdan döndərə bilməz”

 

Almaniyanın baş naziri Angela Merkel ABŞ prezidenti Donald Trampın Paris İqlim Sazişi ilə bağlı qərarını “bu günə qədərki ən qəti addımlarla” cavab verəcəklərini bildirib. Merkel, Almaniyanın sazişlə bağlı öhdəliklərini yerinə yetirməkdə davam edəcəyini də bəyan edib.

ABŞ prezidenti D.Trampın Paris İqlim Sazişindən imtina eləmək qərarından sonra İtaliya və Fransa liderləri ilə ortaq bəyanat verən Almaniya baş naziri Angela Merkel təkrarən bu gün təkbaşına kameraların qarşısına keçib və deyib: “ABŞ prezidentinin Paris İqlim Sazişindən imtina qərarı tamamilə peşmanlıq doğuracaq bir qərardır”.

Merkel, başda Almaniya olmaqla, bütün Avropanın bu qərara qarşı bu gün də ən qəti addımları atmaq üçün bir araya gələcəklərini söyləyib: “Bu qərar, dünyamızı qorumaq məcburiyyətində olduğunu dərk edənləri dayandırmayacaq və dayandıra bilməz”.

Merkel Paris İqlim Sazişinin “tarixi bir Kvant sıçrayışı” olduğunu qeyd edib, ölkəsinin sazişlə bağlı dünyanın ən kasıb ölkələrinə maliyyə yardımı etmək başda olmaqla, bütün öhdəliklərini həyatabkeçirəcəyini vurğulayıb. Merkel deyib: “Planetimizi qorumaq üçün Paris Sazişinə ehtiyacımız var. Heç bir şey bizi bu yoldan döndərə bilməz”. Merkelin sözləri onu dinləyən alman deputatlar tərəfindən alqışla dəstəklənib.

Xudaferin.eu
“Avropa Bürosu”

09:47