Maşınla adam vuran sürücülərə “yaşıl işıq”: Pullular üçün güzəşt?

 

Avtomobillə adam vuran sürücülər cinayət məsuliyyətindən azad ola biləcəklər. Beləliklə də yol qəzalarından sonra bəzi sürücülərin cəzası yüngülləşəcək. Bundan isə sui-istifadə halları yaranacaq. İmkanı olan sürücülər qanunda edilmiş bu dəyişiklikdən xüsusilə, yararlana biləcəklər. Çünki əllərində olan imkan müqabilində qarşı tərəfi razı salmaqla məsələni aralarında həll edə, hətta barışa bilərlər. Bununla da sürücü zərərçəkmiş şəxsin sağlamlığına ağır dərəcəli xəsarət yetirsə belə, tamamilə azadlıqdan məhrumolma imkanı qazanacaq. Qanunverici orqanlar tərəfindən sürücülərə belə bir fürsət tanınıb.
 

Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinə dəyişiklik edilib və bu dəyişikliklər noyabrın 1-dən qüvvəyə minəcək. Məcəllədə 263.1-ci maddənin avtomobil qəzası nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır, 263.1-1-ci maddəsində isə ağır dərəcəli bədən xəsarətlərinin yetirilməsi ilə bağlı bəndlər yer tutur. Maddəyə əlavə edilən qeydə görə, 263.1 və 263.1-1-ci maddələrinə əsasən cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. 263.1 və 263.1-1-ci maddələr digər alternativ cəzalarla yanaşı, müvafiq olaraq 2 il və 3 il azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutur. Bu maddələrdə nəzərdə tutulmuş əməlləri törədən sürücülər məhkumluq kimi ağır hüquqi nəticələri olan vəziyyətdən xilas ola bilmək imkanı da eldə edəcəklər. Məsələ burasındadır ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Sözügedən dəyişiklik ehtiyatsızlıq üzündən törədilən cinayətlər kateqoriyasına aiddir. Ehtiyatsızlıq üzündən törədilən cinayət əməllərinin istintaqı zamanı zərərçəkmişin mövqeyi və ona vurulmuş ziyanın ödənilib-ödənilməməsi həm hüquqi, həm mənəvi dəyərlər baxımından mühüm əhəmiyyət kəsb edir. Ekspertlərin fikrincə, qanuna edilən yeni dəyişiklik sürücülərə bir qədər də “yaşıl işıq” yandıracaq. Düzdür, bu məsələ rəsmiləşdirilmiş qaydada tənzimlənsə də, müəyyən qədər sürücülərin cəzalarının yüngülləşdirilməsi xarakteri daşıyacaq. Əvvəllər istənilən yol qəzalarında sürücü azadlıqdan məhrum edilirdi. İndi isə sürücünün cəzası yüngülləşdirilərək, tamamilə cinayət məsuliyyətindən azad olur. Amma bu hadisə yerindən yayınan və sərxoş sürücülərə də aid deyil.

Yol nəqliyyat üzrə ekspert Ərşad Hüseynov açıqlamasında deyib ki, avtomobil qəzaları zamanı şəxsə az ağır və ağır dərəcəli bədən xəsarəti yetirən sürücü ona dəymiş bütün zərəri ödəyərsə və onlar barışarsa, ümumiyyətlə, cinayət məsuliyyətindən azad olunacaq: “Əgər tərəflər barışmasa, vurduğu ziyanı ödəməsə, həmin sürücünü 2-3 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Bu maddə əvvəl də var idi, indi də qalır. Qanunda edilən bu dəyişiklik bəzi sürücülərə müəyyən imtiyazlar verə bilər. Tutaq ki, hansısa sürücü zəngindirsə, imkanlıdırsa, o qanunun yaratdığı münbit bu şəraitdən istifadə edəcək. Bu məsələnin cəriməyə, filana heç bir aidiyyatı yoxdur. Təqsirkar sürücü ilə vətəndaş aralarındakı məsələ ilə bağlı razılığa gəlsələr, barışsalar belə, hadisə ilə bağlı işə istintaq orqanının icraatında xitam verilir. Hüquq-mühafizə orqanları bu işlə məşğul olurlar. Yoxsa mən səni yolda vurum, yıxım yerə sonra götürüm aparım, polisə də deyim ki, çıxın gedin, elə söhbət yoxdur. Bu iş rəsmiləşdirilməlidir ki, biri dəymiş ziyan qarşılığında 5 min manat ödəyibsə, sabah gəlib 15 min manat istəyə bilər. Yəni məsələdən sui-istifadə edilə bilər”.

Ekspert onu da əlavə edib ki, qanunda edilmiş bu dəyişiklik hadisə yerindən qaçanlara, sürücülük vəsiqəsi olmayanlara və sərxoş sürücülərə şamil edilmir.

Alçina Amilqızı

Cebhe.info

 

10:45