Latviyada Ulu Öndərin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycanın Latviyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Xudaferin.eu AZƏRTAC =a istinadən xəbər verir ki, əvvəlcə səfirliyin əməkdaşları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli və çətin bir ömür yolu barədə geniş məlumat verib. Ulu Öndərin Azərbaycanda rəhbərliyə qayıdışından sonra onun ölkədə böyük iqtisadi və demokratik islahatlara başlayaraq, ölkəni faktiki dağılmaq təhlükəsindən xilas etdiyini qeyd edən səfir o zaman mövcud ağır iqtisadi və siyasi böhran, habelə işğalçı Ermənistanla müharibə şəraitində bütün bunların heç də asan olmadığını və bununla da Heydər Əliyevin faktiki olaraq Azərbaycanda yeni bir dövlətin qurucusu olduğunu söyləyib.

Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi demokratik və iqtisadi islahatlar sırasında yeni Konstitusiyanın qəbul edilməsi, ölüm hökmünün ləğv edilməsi, Ombudsman İnstitutunun yaradılması, “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının qurulması və s. bu kimi tarixi nailiyyətlərdən geniş bəhs edən səfir Cavanşir Axundov bütün bunların Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və xalqımızın maddi rifahının yüksəldilməsinə səbəb olduğunu diqqətə çatdırıb.

Bütün bu nailiyyətlərin Azərbaycanda ordu quruculuğu sahəsində də geniş vüsət aldığını qeyd edən səfir bu gün xalqımıza böyük hərbi qələbələr qazandıraraq torpaqlarımızın hərbi işğalına son qoyan müasir və müzəffər Ordumuzun təməlinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb.

Sonra səfirliyin kollektivi Ümummilli Liderin büstü önündə xatirə şəkli çəkdiriblər.

 

Asiman Əsədov

Xudaferin.eu

12:45