KARATİNÇEV -74, sonra

Moskvanın LENKOM TEATRI qəza nəticəsində əlil arabasında qalan, ilboyu yalnız teatr mövsümünün açılışında bir dəfə teatra gələn Karatinçevə dəstək oldu. Yəni 13 il ərzində teatr ona əmək haqqı verdi. Azərbaycanda belə humanizmə qarşı sadəcə rəzalətlə rast gəlmək mümkündür. Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrına rəhbərlik edən Azərpaşa Nemətovsa xəstəlik dövründə səhnəyə çıxmaq iqtidarında olan istedadlı aktyor-əməkdar artist İlham Hüseynovu “yararsız” saydı və digər əməkdar artist Hicran Nəsirovanı Prezident Mükafatından məhrum etdi...

Teatra dəvət və qovulma bəlası
 

Təhsil, incəsənət cəmiyyətin özülüdür kimi fikir ətrafında müzakirələr aparılmır: və təbiidir ki, maarif ocağının rəhbəri (əgər o, təhsilə və xalqa, dövlətə, ən azı öz şərəf və ləyaqətinə sədaqətlə xidmət edirsə) savadlı mütəxəssisləri, “milli Makarenko”ları nəyin bahasına olursa olsun, həmin müəssisəyə cəlb edir. Həmçinin, sənətə təmənnasız və şəxsi ambisiyasız xidmət edən teatr rəhbəri də istedadlı aktyorları teatra cəlb etməyə çalışmalıdır. Necə ki, vaxtilə bu sənət ocağına respublikanın müxtəlif teatrlarından istedadı ilə seçilən aktyorlardan Ayşad Məmmədov ,Elşən Rüstəmov, Ramin Şıxəliyev, Hikmət Rəhimov, İlham Hüseynov və başqaları bu teatra dəvət olunmuşdular. Xüsusilə İlham Hüseynovun oynadığı Podkolyosin obrazı (“Evlənmə”, N.V.Qoqol) əsil teatr hadisəsinə çevrilmişdi. Musiqili Teatrda İlham Hüseynovu orada tamaşaya qoyulan “Mənim günahım” əsərində (İlyas Əfəndiyev, rejissor İradə Gözəlova) əsas rollardan birinə- Sahibi roluna dəvət ediblər. Bu gün Akademik Milli Teatrda baş verənlər qarşısı boş olan kassaların daha uzaqdan və daha aydın görünməsinə səbəb olur.

ATV-nin dəstəyi ilə 50 illik yubileyi qeyd edilən və kanalın vəsaiti hesabına cərrahiyyə əməliyyatı keçirən əməkdar artist İ.Hüseynov ikinci anoloji əməliyyata hazırlaşmaqla tamaşalarda oynayarkən “yararsız”lığını ağrıkəsici hesabına aradan qaldırır və səhnədə sənət fədaisi kimi “dünyanı unudurdu”; özünü də, səhnəni də, 1 il əvvəl direktorun ona təzyiqlə yazdırdığı ərizəni də, kirayədə qaldığı evi də, hər şeyi də...

Görəsən rəhbərlik etdiyi teatrın adında “Dövlət” sözünü “iqnor” edən “Azərpaşa Nemətovun teatrında” əlillik dərəcəsi olan başqa aktyorlar repressiyaya məruz qalırmı?

Bəlkə Hüseynov istedadsızdır (bu absurd fikri “bəlkə” ilə işlətmək insana xəcalət hissi gətirir və ölkə prezidentinin imzası ilə ona verilən fəxri ad qarşında məsuliyyət daşımalı olursan). Müxtəlif saytlarda baxış sayına görə reytinqləri qıran məqalələrin birindən əldə etdiyim məlumata görə Moskvanın “Lenkom” teatrının aktyoru Karaçintsev 12 il əvvəl maşın qəzası nəticəsində ömürlük əlil arabasında qalsa da daim teatrdan əmək haqqı alır və yalnız mövsümün açılışında oraya gəlir. Bu gün Azdramaya rəhbərlik etməklə yanaşı, Teatr Xadimləri İttifaqının sədri olan direktor bir aktyora dəstəyi göstərməyi lazım bilmədi. Onun bu müddət ərzində tabeçiliyində olan tanınmış aktyorun səhhəti ilə maraqlanmadığını deməyə isə ehtiyac yoxdur. A.Nemətovun səbəbsiz BİRTƏRƏFLİ şəkildə intriqa apardığı İ.Hüseynov bəzi aktyorlardan fərqli olaraq heç zaman roldan imtina etməmiş, xəstə olanda belə səhnəyə çıxıb rolunu ifa etmişdir və ən əsası: o, şükürlər olsun ki,əlil arabasında deyil! (Bundansa heç birimiz sığortalanmamışıq!).

Azərpaşa Nemətov nədən nemətisdir?

İnsanlıq və hümanizm prinsipləri bir tərəfə, rəhbər SƏBƏBSİZ olaraq işdən azad etdiyi aktyorla bağlı görəsən öz vicdanı qarşısında nə cavab verir? Axı vicdan məhkəməsində nə müstəntiq olur, nə də şahidlər… Sadalanan bəhanələrin və “əsaslı” arqumentlərin tək bircə dinləyicisi olur: aldada bilmədiyin ÖZÜN... A. Nemətov bu sənət ocağına gələndən sonra repertuarda olan bir çox tamaşaları “arxiv”ə göndərdi. Təbiətən sakit və teatrda aktyorların dediyinə görə heç zaman kimsə ilə azacıq mübahisəsi belə olmayan İ. Hüseynovun cəmi 5-6 dəfə üzünü gördüyü direktorla da ədavəti olmayıb.

“İ.Hüseynov heç bir tamaşada məşğul deyil” damğasının da əsası yoxdur: 1 noyabr 2012-ci ildən Azdramada çalışan İ.Hüseynov 5 ilin ilk 3 ilində 6 tamaşada müxtəlif obrazlar canlandırmış (“Qoca kloun tələb olunur ”(Matey Vişnek ) tamaşasında konferansye, “Nadir şah”da(Yunis Oğuz, rejissor Gümrah Önər) eyni zamanda oynadığı 4 rol, “Kölgə” (Kvarts, rejissor Nicat Kazımov) tamaşasındakı həkim, ”Sənətkarın taleyi”ndəki (Elçin,rejissor İranə Tağızadə) Qraf Viktor və s. obrazlar A. Nemətovun direktor olduğu müddətdə isə o, səbəbsiz olaraq “qara siyahı”ya salınır.

Yuxarıda adı çəkilən səhnə əsərləri repertuardan çıxarıldığı üçün orada oynadığı obrazlarla vidalaşmış aktyor, hansı səbəblərdənsə repertuardan çıxarılması mümkün olmayan, aktuallığını demək olar ki, itirməkdə olan, “Nazirin xanımı” (Nuşiç, rejissor M.Fərzəlibəyov) əsərindəki köməkçi obrazında xəstəlik müddətində-yəni bülletendə olduğu zaman (30.11.2017) səhnəyə çıxıb rolunu oynadı. Razılaşın ki, belə “intizamsızlıq” hər aktyora xas xüsusiyyət deyildir.

2017-ci ilin mart ayında guya “güzəşt” edən “humanist” direktorun “Onda ərizəni avqustdan yazsın” sözlərindən sonra mübarizə aparmağı sadəcə bacarmayan aktyor ərizə yazdı və o aylarda cərrahiyyə əməliyyatı olunduğu üçün ərizə “işə düşmədi”.

Zamansa yaxınlaşmaqda idi. “Günahı”ını öyrənmək istəyən aktyor dəfələrlə direktorun qəbuluna getsə də, saatlarla gözləyəndən sonra direktordan “mənfi” cavab gəlmişdi. Teatrda (eləcə də kinoda) bu günə kimi hər hansı bir roldan imtina etməyən və ya müxtəlif səbəblərdən rejissoru “yarı yolda qoyub”,onu yeni aktyor axtarışlarına düçar etməyən İ.Hüseynov gərginlik içərisində sabaha ümidlə sənəti ilə məşğul olmaqda idi.

Səbəbsizlik anlayışı absurd fikir kimi səslənsə də, bu həqiqətdir. Amma direktoru da “başa düşmək olar”: “xəbər daşıyıcıları”nın dilindən eşitdiyi(bəlkə də eşitmədiyi) yanlış informasiyalara görə keçirdiyi “repressiv islahat”ları əsaslandırıb özünü rüsvay edə bilməzdi. Bu repressiyanın hədəfləri Fuad Poladov kimi xalq, İlham Hüseynov kimi əməkdar və Murad İsmayıl kimi səhnədə ilk addımlarından istedadı bəlli olan həyalı aktyorlar idi.

Bu günlərdə ölkə prezidenti tərəfindən fəxri adlara görə verilən təqaüdlərin artırılması barədə imzalanan fərman əsil sənət adamlarına- o cümlədən, “Ən yaxşı kişi rolunun ifaçısı”(Ukraynanın Dneprodzejinski şəhəri, 2011) adını daşıyan İ.Hüseynova da şamil edilmişdir.

İstedadlı aktyorların çoxminlik təəssübkeşlərinə qarşı saymazlıq göstərən A. Nemətov kimi məmurlar səhnə üçün yaranan belə insanları “özəlləşdirdiyi” sənət ocağından bəlkə də “gəlmə” adıyla uzaqlaşdırmaqla xalqın narazılığına səbəb olur, insanlarda aparılan siyasətə qarşı inamsızlıq yaradırlar. Azdramanın “taleyi”nə məsul A. Nemətovun siyasəti barədə sözü ucuzlaşdırmağa ehtiyac yoxdur və “Ezop” dili də işə yaramır. Çünki, cahil insanı başa salmaq daha asandır, nəinki sənətə və bu “kompüterləşmiş”dövrdə sayı azalan teatr tamaşaçısına qarşı yeridilən məqsədyönlü siyasətin icraçısını bu yoldan döndərmək! Bu siyasətin adını isə deməyə ehtiyac yoxdur; görünən dağa bələdçi lazım olmadığı kimi ... Məmur özbaşınalığı və ya A. Nemətovun “TIY NE MOY AKTER” adlandırdığı “seçilmişlər”.

Allah sənə rəhmət eləsin Mirzə Cəlil!..

Bu gün bu sənət ocağında baş verənləri görsəydin, “Molla Nəsrəddin” demişkən, gözlərini yumub doyunca “xaxx-xaaa” edib gülər, sonra fikrə dalardın: XXI əsrin

başlanğıcında yaşamadığın üçün təəssüf etməzdin. Görün nələr baş verir. Məlumdur ki, teatrlarda daxili intizam qaydalarına əsasən aktyor işə yalnız tamaşa və məşq günündə gəlir. Bu gün A. Nemətov ayağı aylarla teatra dəyməyən aktyorların qarşısında bir sənətkarı “proqul” maddəsi ilə -5-10 günü “qanuniləşdirib”işdən azad edir. Yazımın mövzusu “Ölülər” idi.Dahi Mirzə Cəlil dünyasına müraciət etmək fikrim vardı. Amma...

Azərbaycan Dövlət Akademik Milli Dram teatrında məni nələr gözləyəcəyindən xəbərsiz idim...

Yollandım əməkdar artistin kirayədə tək yaşadığı evə. Təəssüf ki, onun qonaqpərvərliyi ilə kifayətlənməli oldum: bu barədə heç nə danışmaq istəmədi. Jurnalist araşdırmalarımı davam etdirmək məqsədilə yenidən teatra qayıtdım. İçəri daxil ola bilməsəm də, ehtiyatla danışan aktyorlardan məlumat ala bildim: heç kəslə-o cümlədən rəhbərliklə ədavəti olmayan, aktyor direktorun ona qarşı atdığı bu analoqu olmayan addımı cavablandırmasa da, həmkarları arasında direktoru dəstəkləyən tapılmadı. Əlbəttə, bəlkə də direktorun tapşırığı ilə sosial şəbəkələrdə bu məqalələri paylaşanlara hədə-qorxu gəlib onları “blok”a atan 1-2 tanınmış aktyordan başqa.
Teatrın divarları xaricində isə aktyorlar bəzi təfərrüatları izah etdilər. Əvvəla xatırladım ki, işçi 1 ay müddətində hər-hansı bir məsələ ilə bağlı yazdığı ərizəni geri götürmək hüququna malikdir və bu 1 ay bülletendə olduğu müddət bitdikdən sonrakı 1 ay hesab olunur. Yəni yanvarın 18-də bülleteninin vaxtı bitmiş İ.Hüseynov fevral ayının 18-nə kimi ərizəsini geri götürmək barədə yeni ərizə yaza bilər və yazdı. Onu öz ərizəsi ilə işdən çıxarmağın qeyri-mümkün olduğunu görən Nemətovsa “tənbəllik etməyib” aktyorların giriş-çıxış kartına aylarla “həsrət qalan” turniket aparatını açdırır və İ.Hüseynovu “proqul”lara görə işdən asanlıqla azad edə biləcəyini düşünür.

Adlarını çəkmək istəmədiyim sənət yoldaşlarının dedikləri məni sözün əsil mənasında dəhşətə gətirdi: 1 il əvvəl məcburən yazdığı ərizə “nimdaş” olduğu üçün yeni ərizə yazmaq istəməyən aktyorun “qanunla” işdən azad olunması üçün direktor Həmkarlar İttifaqının iclasını “sifariş verir”. Kollektivin onlarla həmkar üzvü olsa da, legitim olmayan “iclas”da 1 otağa “doluşan” 5-6 nəfərin səmimi söhbətlərinə qulaq asmalı olan aktyor “öz xoşu ilə” getməyin “zəruriliyi” barədə “dəyərli tövsiyə” alır.

Amma həmin “iclas”da İ.Hüseynovun “Niyə hər gün işə gəlmək qaydaları başqalarına şamil edilmir?” sualına “qanunvericiliyə uyğun” cavab verildi: “Onlar işdə sayılır, sənsə yox”. O halda aktyor sonuncu xahişini səsləndirir: “ Mənim“proqul” günlərimi ödənişsiz hesab etmək-yəni əmək haqqımdan çıxmaq olmazmı?” Cavab yəqin ki, bəllidir:əlbəttə olmaz, axı Nemətov “fərman imzalayıb” (ŞƏRHSİZ)

O ki, qaldı bülletenə- tabeçiliyində olan işçinin-konkret olaraq ağır cərrahiyyə əməliyyatı keçirən əməkdar artistin ən azı telefonla sağlamlığı ilə bircə dəfə maraqlansaydı, onda heç olmazsa, qanunvericiliklə bağlı faydalı məlumatlar alardı və bilərdi ki, bülletenə ehtiyacı olmayan aktyorun 3-cü dərəcəli əlillik sənədini alması üçün 6 aylıq müvəqqəti əmək qabiliyyətindən məhrum olma sənədi-yəni bülleten tələb olunur.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmilərinə yəqin ki, sirr deyildir ki,: məmur özbaşınalığı, təkəbbür və ən dəhşətlisi-ƏDALƏTSİZliklə şedevr səviyyəsinə qalxa biləcək səhnə əsərlərinin yaranacağını düşünmək sadəlövhlükdür.

Belə məmurların apardığı birtərəfli intriqalar və süni şəkildə təşkil edilmiş “iclas”lar əsəb sarsıntılarına səbəb olur və unutmayaq ki,sənətkarın gələcək çəkilişləri və səhnə fəaliyyətində iz qoyacaq bu haqsızlığın zərbələri aktyorun sağlamlığına və sənətə dəyəcəkdir.

Nəcibə İlkin,

“Azad Qələm” qəzetinin baş redaktoru

19:18