”İşıq məhbusları”-nın yaxınları məhkəmə zalına buraxılmadı

 

İmişli Rayon Məhkəməsində hakim Təranə Hüseynovanın sədrliyi ilə Cəbrayıldan olan məcburi köçkünlərin (“İşıq məhbusları”nın) işinə baxılıb. Məhbusların yaxınları və jurnalistlər bu dəfə də məhkəmə zalına buraxılmayıb. Buna görə narazılıq yaranıb. Məhbuslardan İlkin İsgəndərovun bacısının halı yenə pisləşib. Narazılıqdan sonra valideynlərdən bir neçəsi zala buraxılıb.

Fasilə zamanı mətbuata açıqlama verən Cəlal Quliyevin vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmə zalı kiçik olduğundan heç olmasa məhbusların qohumlarının buraxılmasını istəyib. Onun bu vəsatəti qismən təmin olunub. Digər vəsatəti Cəlal Quliyevin ev dustaqlığı haqda olub, amma təmin edilməyib. Vəkil deyib ki, prosesdə təqsdirləndirilən şəxslərin polisə və icra nümayəndələrinə daş atmağı sübut olunmur: “Təqsirləndirilənlər deyir ki, onlar daş atmayıblar, etiraz etməkdə qismən səhv ediblər. Gərək, aksiyaya çıxmayaydılar. Təqsirləndirilənlər arasında Qarabağ əlili və YAP üzvü də var. O da səhv etdiyini söyləyib”.

Bəhruz Bayramov bildirib ki, fasilədən sonra zərərçəkmiş polislər və icra nümayəndələri ifadə verəcək: “Zərərçəkmişlər yalnız polislərdir. 25 polis, 2 icra nümayəndəsi var”.

2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı köçkünlər yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirmişdilər. Əvvəlcə aksiyada iştirak edən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanıldı. Sonra onlara hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə, iğtişaşlar törətməyə, başqasının əmlakına qəsdən ziyan vurmağa görə ittiham irəli sürüldü. Dekabrın 24-də isə daha iki köçkünə Ülvi Quliyev və İlkin İsgəndərova eyni ittihamlar verildi.

Emil QULİYEV
Yukselis.info

 

09:18