İrəvandan Rusiyaya yeni köç dağlası

 

Gürcüstan üzərindən Rusiyaya gedənlərin sayı saniyə-saniyə artır

Ermənistandan Gürcüstana və Rusiyaya gedənlərin sayı sürətlə artır. Bu barədə İrəvanda dərc olunan “Qraparak” qəzeti yazır. Qəzetin qeyd etdiyinə görə, gedənlər o qədər çoxdur ki, təyyarə biletlərinin qiyməti saniyə-saniyə artır. İlk ağla gələn Rusiyada Ermənistandan gələn əmək miqrantlarına xüsusi güzəştlərin artırılması ilə bağlı olmasıdır.

İrəvandakı analitiklərin hesablamalarına görə, Rusiyada və eləcə də MDB məkanında maliyyə və iqtisadi baxımından yeni böhran dalğası başlayacaqdır. Bununla yanaşı, İrəvanda onu da yaxşı dərk edirlər ki, Ermənistanda bu dəfə maliyyə böhranı bu ölkənin tamamilə iflasa uğramasına səbəb olacaqdır. Bununla yanaşı, Azərbaycan tərəfi heç bir zaman işğal vəziyyəti ilə barışmayıb və gec-tez hərb yolu ilə öz torpaqlarını geri alacaqdır.

Həmişə süni şəkildə olsa da vətənpərvərlik ritorika ilə seçilən erməniləri ölkəni tərk etməyi iqtisadi vəziyyətlə və buna görə də Rusiyada yaradılan güzəştlərlə əsaslandırırlar. Digər MDB sakinlərindən fərqli olaraq Ermənistan vətəndaşları Rusiya poliklinikalarında pulsuz müalicə olunurlar. Həmçinin, Ermənistan vətəndaşları iş yerindən heç bir arayış gətirmədən bir illik qeydiyyata düşə bilirlər və bunun üçün 100 dollardan bir qədər aşağı xərcləri çıxır.

Rusiya Ali İqtisad Məktəbinə bağlı mərkəzlərdən birinin araşdırmasına görə, ermənilər Rusiyada pis qazanmırlar - leqal işləyənlər orta hesabla ayda 31,1 min rubl (təxminən 536 dollar), qeyri-leqal işləyənlər isə 28,1 min rubl (təxminən 485 dollar) qazanırlar. Lakin bu, miqrantlara həm Rusiyada yaşamağa, həm də Ermənistanda ailə saxlamağa imkan yaratmır. Buna görə miqrantlar ailələrini də Rusiyaya aparmağa meylli olurlar. Bu fakt mərkəzin apardığı araşdırmada da qeyd olunub. Mərkəzin məlumatına görə, Ermənistandan olan miqrantların 72,1%-i həmişəlik Rusiyada qalmaq istəyir, 11,9%-i Rusiyada işləyib Ermənistan vətəndaşı kimi qalmağa üstünlük verir. Yalnız 3,3% əmək miqrantı pul yığıb geri qayıtmağa çalışır. 1,4% erməni əmək miqrantı isə Rusiyanı da tərk edib qərb ölkələrinə yerləşməyi planlaşdırır.

2017-ci ilin birinci yarısında Rusiyada 507 min nəfər Ermənistan vətəndaşı əmək miqrantı kimi qeydə alınıb. İlin birinci yarısında onların Rusiyadan Ermənistana göndərdiyi vəsaitlər 408,6 milyon dollar təşkil edib. Bütövlükdə isə Ermənistan vətəndaşları 2017-ci ilin birinci yarısında xaricdən 724,7 milyon dollar transfert alıblar. Rusiyadan daxil olan vəsaitlər bir neçə il əvvəllə müqayisədə iki dəfəyə qədər azalıb. Məsələn, 2013-cü ildə Rusiyadan Ermənistana 1,8 milyard daxil olmuşdu. 2017-ci ildə müqayisədə bu, ən azı iki dəfə çoxdur. Bu məsələ Ermənistan rəsmilərinin açıqlamasında da yer alır. "Dalma News" agentliyinin yazdığına görə, Ermənistan maliyyə naziri Vardan Aramyan bildirib ki, son üç ildə əmək miqrantlarının Ermənistana göndərdiyi transfertlər 38% azalıb və nəticədə Ermənistan 830 milyon dollar vəsait itirib.

Bu, təbii ki, böhran nəticəsində Rusiyada gəlirləri azalan ailə başçılarının öz ailə üzvlərini birdəfəlik işlədikləri şəhərlərə aparması ilə bağlıdır. Nəticədə, Ermənistandan onsuz da yüksək olan köç bir qədər də sürətlənib. Ermənistan hakimiyyətinin etirafına görə, Robert Koçaryanın dövründə Ermənistan əhalisi 500 min nəfər, Serj Sarkisyanın dövründə isə 250 min nəfər azalıb, 100 kənd tamamilə ləğv olub, 300 kənd isə tamamilə boşdur. Güclənən yeni miqrasiya dalğası boşalan kəndlərin sayını artıracaq.

 

Xudaferin.eu
“Analitik Mərkəzi”

09:39