İrəvan 8 milyard dollarlıq fakt qarşısında

 

Vaşinqton Rusiyanı və İranı Ermənistanın enerji bazarından çıxarır

ABŞ-ın İrəvandakı səfiri Riçard Millzin Amerika şirkətlərinin Ermənistanın energetika sektoruna 8 milyard dollar sərmayə yatırmağa hazır olması barədə açıqlaması güclü ajiotaja səbəb olub. Həm mediada, həm də siyasi dairələrdə səfirin sözlərini Ermənistanın energetika sahəsindəki bəlalardan xilas olmaq üçün “dərdə dərman kimi” qəbul edirlər. Bəziləri isə hesab edir ki, bu məsələyə İran səfirinin üç il öncə Tehranın Ermənistana təbii qazı kifayət qədər aşağı qiymətə- 1000 kubmetirni 100 dollara satmağa hazır olduğuna bənzəyən enerji diplomatiyası nöqteyi-nəzərindən baxmaq lazımdır. Səfir Riçard Mİllz hər kəsin diqqətini cəlb edən bir vəd versə də milyardlarla ABŞ investisiyasının yaxın gələcəkdə Ermənistan iqtisadiyyatına yönəldilməsi ehtimalı xeyli aşağı olaraq qalır: “Qeyd etmək istəyirəm ki, söhbət enerji bazarının tamamilə müstəqil olacağı şəraitdən gedir. Müvafiq infrastruktur olduqda elektrik enerjisi İrana, Gürcüstana, Türkiyəyə ixrac edilə bilər. Müvafiq infrastrukturun təşkili, məsələn, yüksək gərginlikli ötürücülük qabiliyyətinə malik elektrik xətlərinin Gürcüstana nəqli üçün 8 milyard dollar xərc kifayət edir”.

Ancaq Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanın Türkiyə ilə sərhəddi bağlı olduğundan bu təklifin reallaşması imkanları xeyli məhdud görünür. 2009-cu ildə Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində ABŞ-ın başlatdığı səylər nəticəsiz başa çatdı. Ona görə də Ermənistanın enerji sektorunda Rusiya və İran şirkətləri əsas inhisarçı olaraq qalır. Ermənistanda ABŞ-ın enerji şirkətlərinin fəaliyyət imkanları çox məhdudlaşdırılıb. Birləşmiş Ştatların qanunvericiliyi isə Amerika şirkətlərinə İranla energetika sahəsində əməkdaşlıq etməyi qadağan edir. Bu halda belə suallar yaranır: səfirin bu bəyanatının arxasında hansı məqamlar dayanır? Ümumiyyətlə, Ermənistan bazarı amerikalı investorlar üçün nə qədər cəlbedicidir?

Bu baxımdan, müşahidəçilərin diqqətini ilk növbədə məsələnin siyasi tərəfi cəlb edir. Məlum olduğu kimi, rəsmi Vaşinqtonun Cənubi Qafqaz siyasətində enerji təhlükəsizliyi əsas strateji xətti təşkil edir. Azərbaycanla Gürcüstan bu sahədə tədarükçü və tranzit ölkə kimi ABŞ-ın geostrateji müttəfiqi rolunu oynayır. Ancaq Ermənistanın enerji bazarının Rusiyanın və İranın nəzarətində olması, həmçinin Azərbaycanla apardığı müharibə işğalçı ölkənin Qərbin transmilli layihələrindən kənarda qalmasına səbəb olub. Bu da öz növbəsində, ABŞ-ın Cənubi Qafqazdakı enerji təhlükəsiziliyi siyasətinin regional əsasda, şəbəkəli diverfisikasiyasına mane olub. Səfir Millzin açıqlaması Birləşmiş Ştatların Cənubi Qafqazla bağlı siyasətində yeni strateji planların hazırlanmasından xəbər verir. Yəni ABŞ Ermənistanın energetika şəbəkəsini regional enerji dəhlizinə qoşmaq istəyini nümayiş etdirir. Təbii ki, burada başlıca hədəf Rusiyanın və İranın Ermənistan üzərindəki iqtisadi dominantlığına son qoymaqdır. Rusiyanın və İranın Ermənistanın enerji bazarında əsas təchizatçı rolunu oynaması bu ölkələrin İrəvanın xarici siyasətinə təsir etməklə yanaşı, bölgədəki geosiyasi fəallığını da artırır. Ona görə də həm ABŞ, həm də Avropa Biriliyi son vaxtlar Ermənistanın Qərblə yaxınlaşmasına maraq göstərir. Prezident Serj Sarkisyanın Ağ Evə gözlənilən rəsmi səfəri zamanı Birləşmiş Ştatlarla Ermənistan arasında münasibətlərin yeni mərhələyə keçirilməsinə dair təkliflərin irəli sürüləcəyi istisna edilmir. Noyabr ayında isə Ermənistan Avropa Birliyi ilə “Hərtərəfli tərəfdaşlıq haqqında strateji saziş” imzalamağa hazırlaşır.

Siyasi ekspertlər hesab edir ki, İrəvanın Qərblə yaxınlaşması Rusiyanın təsir zonasında siyasi sürüşkənlik yaradır.

Rusiyanın Ermənsitanın istehsal müəssisələrinin səhmlərini əlində girov saxlayan və iqtisadiyyatı sanksiyalar qarşısında əzilən Rusiyadan fərqli olaraq, Qərbin təklifləri İrəvan üçün daha cəlbedici görünə bilər. Avropa Birliyinin İrəvandakı xüsusi nümayəndəsi Pyotr Svitalski də bu yaxınlarda Ermənistanın korrupsiyaya qarşı mübarizəni gücləndirəcəyi təqdirdə, bu ölkəyə daha çox sərmayələrin cəlb ediləcəyini vəd etmişdi. Erməni ekspertlərin rəyinə görə, amerikalı diplomat sözügedən mesajı verməklə Birləşmiş Ştatların Rusiyanın ənənəvi maraq dairəsinə daxil olan Cənubi Qafqazdan çıxıb getmək istəmədiyini nümayiş etdirir. Səfirin səsləndirdiyi təklifin ikinci hissəsindən görünür ki, ABŞ Ermənistan hökumətindən təminat veriləcəyi təqdirdə belə bir addımın atılmasını mümkün sayır.

“Güman edirəm ki, hazırkı şəraitdə təminat iki qaydada verilə bilər: ya erməni tərəfi investisiya risklərini azaltmaq üçün Amerika investisiyalarını qazanmış istehsal müəssisələrində elektrik enerjisinin alınmasının sabit sistemini qurmalı, ya da “İnvestisiyalar haqqında” Ermənistan Respublikasının Qanununa uyğun olaraq, dəymiş zərərin pulla və yaxud əmlakla ödənilməsinə hökumət zəmanət verməlidir. Birinci halda bazarın məhdudlaşdlırılması baş verir. İkincisi, analoji infrastrukturun olmaması ilə bağlıdır. Bu halda Amerika tərəfinə borc müqabilində aktivlər verilə bilər. Həmin səhmlər Rusiya şirkətlərinin mülkiyyətindədir. 8 milyard dollar Ermənistanın 80 faizini təmin edən ənənəvi enerjidən, yəni həm AES-dən, həm də İES-dən tam imtina etməsi deməkdir. Bu baxımdan nəzrə almaq lazımdır ki, Ermənistanın fəaliyyətdə olan energetika sisteminin aparıcı müəssisələri nə vaxtsa ödənilməli olan kredit hesabına işləyir. Kreditlər də öz növbəsində tariflərin müəyyənləşməsinə təsir göstərir. Atom Elektrik Stansiyasının yenidən qurulması, iki İstilik Elektrik Stansiyasının modernləşdirilməsi və İranla iki ədəd su elektrik stansiyasının tikintisi kreditlər sayəsində mümkün olub. Ona görə də bərpa olunan enerjiyə 8 milyard dollar sərmayə qoyuluşu Ermənistanın energetika sistemi üçün əlavə risklər yarada bilər”,- deyə enerji məsələləri üzrə ekspert Vaqe Davityan bildirib.

Hazırda Ermənistanın enerji sisteminin ümumi quraşdırılma gücü 4115 MVt təşkil edir. İran 3,2 kVt/saat elektrikin idaxlı müqabilində Ermənistana barter üsulu ilə 1 kub.metr qaz verir. Bundan başqa, Ermənistan şimal-cənub enerji dəhlizi ilə də Ermənistandan elektik almaq haqqında Moskva və Tehranla razılaşma əldə edib. Ancaq ABŞ-ın təklifi Ermənistan üçün nə qədər cəlbedici görünsə də bu razılaşmanın baş tutması o qədər asan görünmür. Çünki Ermənistana Kremlin siyasi və iqtisadi təsir vasitələri kifayət qədər böyükdür. İrəvanın ABŞ-la eneji sahəsində əməkdaşlığa başlaması Ermənistanın energetika sistemini əlində saxlayan Rusiya ilə bağlanmış müqavilələrin taleyi ilə bağlı çoxsaylı suallar doğurur. Qeyd edək ki, Ermənistan Rusiyaya olan kredit borcları müqabilində energetika sahəsində istehsalçı və paylayıcı şirkətlərin səhmlərini ödəmək məcburiyyətində qalıb. İndi həmin aktivlərin geri alınması üçün Ermənistanın vəsaiti yoxdur. Əgər İrəvan belə bir fikrə düşərsə, Kremlin siyasi təzyiqləri ilə üzləşəcək. Bu, özünü ilk növbədə Dağlıq Qarabağ məsləsində göstərə bilər. Belə ki, Rusiya Dağlıq Qarabağda Azərbaycanın Ermənistana zərbə vurmasını görməzdən gəlməklə İrəvanı fakt qarşısında qoya bilər.

 

Müşfiq Abdulla

 

09:14