İqtisadiyyat çöküşü və yanlış məzənnə siyasəti

 

Vüqar Bayramov: “Mərkəzi Bank çalışmalıdır ki, dəyişmə intervalının az olmasına nail olsun”

 

Son zamanlar ən çox müzakirə etdiyi məsələlərədən biri də manatın məzənnəsinin hansı intervalda dəyişəcəyidir. Ekspertlər hesab edirlər ki, manatın məzənnəsi real dəyərindən çox aşağıdır. Azərbaycan Mərkəzi Bankı manatın üzən məzənnə sistemində olduğunu desə də, reallıqda görünən odur ki, məzənnə inzibati qaydada tənzimlənir. Bu isə maliyyə bazarına edilən müxtəlif süni müdaxilələr hesabına edilir. Nəticədə manatın məzənnəsinin 1.70 civarında saxlanılması üçün Mərkəzi Bank 1 ildən artıq müddətdir ki, dövriyyədən manatın çıxarılması prosesini aparır. Dövriyyədə manat qıtlığı yarandığı üçün dollara qarşı müəyyən qədər davamlılıq göstərə bilir.
Ancaq bu siyasət manat üçün müəyyən qədər uğurlu olsa da ümumi iqtisadi sferada biznesin, sahibkarlığın inkişafında çox mənfi təsir göstərir. Dövriyyədə pul qıtlığının yaranması ilk növbədə iqtisadi aktivliyi azaldır ki, bu da ölkə əhalisinin gəlirlərinə mənfi təsir edir. Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev də Azərbaycan manatının məzənnəsinin bəlli səviyyədə qalmasının düzgün olmadığını deyib. Müstəqil ekspertlərin məzənnə haqqında dediklərinə də nəzər salsaq, əslində mütəxəssislərin eyni fikirdə olduğunu görürük.
Mərkəzi Bank isə müxtəlif süni müdaxilələr hesabına manatın məzənnəsini sabit saxlamağa çalışır. Ekspertlər isə bunun təhlükəli və mümkünsüz olduğunu vurğulayır. Bəs manatın məzənnəsi niyə sabit ola bilməz?

İqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında deyib ki, liberal ölkələrdə demək olar ki, sabit məzənnə deyil, məzənnənin stabilliyi anlayışı istifadə olunmur: “Məzənnənin stabilliyi isə o, anlama gəlir ki, volunteerlik (oxu: dəyişmə intervalı) az olsun. Bu isə o, ölkələrdə olur ki, dövlət iqtisadiyyata birbaşa müdaxilə edərək, məzənnəni təyin edir. Amma əgər məzənnəyə tələb və təklif, bazar təsir göstərirsə o, zaman praktik olaraq sabit məzənnənin formalaşması qeyri-mümkündür. Amma vacib olan məzənnənin stabilliyi, volunteerliyin az olması vacibdir. Yəni, Mərkəzi Bank çalışmalıdır ki, dəyişmə intervalının az olmasına nail olsun.
Artıq məzənnə kəskin interval daxilində dəyişmir. Kiçik intervalla məzənnənin dəyişməsi isə sahibkarlara və əhaliyə öz gəlir və xərclərini, investisiyalarını proqnozlaşdırmağa imkan verir. Nəticə etibarı ilə bu da real sektor üçün olduqca vacibdir”.

Manatın məzənnəsinə gəldikdə isə ekspert qeyd edib ki, MDB məkanında milli valyutanın məzənnəsini uzun müddət üçün proqnozlaşdırmaq mümkün deyil: “Dövlətin iqtisadiyyata ən çox müdaxilə etdiyi ölkə Belarusdur.
Belarusun özündə belə məzənnəni uzunmüddətli proqnozlaşdırmaq mümkün deyil. Çünki məzənnəyə xarici faktorların təsiri var. Azərbaycanda manatın məzənnəsinə həm daxili, həm də xarici faktorların təsiri var. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) manatın məzənnəsinin neftin qiyməti ilə əlaqəsi olmadığını deməsinə baxmayaraq, reallıq ondan ibarətdir ki, neftin qiymətə manatın məzənnəsinə birbaşa təsir göstərir. Ola bilər ki, həmin təsirlər qısa zamanda özünü göstərmir. Amma nəzərə alsaq ki, bu gün dollar təklifi Dövlət Neft Fondudan gəlir. Fondun gəlirləri isə neftin satış qiymətindən formalaşır.
Təbii ki, neftin qiyməti yüksək olanda Fondun gəlirləri artır, qiymət ucuzlaşanda isə əksinə olur. Neft Fondu da bazarda əsas oyunçu olduğu üçün gəlirlərin azalması qısa müddətdə olmasa da, orta müddətdə manatın məzənnəsinə təsir göstərir. Ona görə də hesab edirəm ki, neftin qiyməti manatın məzənnəsinin formalaşmasında əsas rol oynayacaq. Bu baxımdan neftin ucuzlaşması manat üçün əlverişli deyil. Neftin qiyməti aşağı olanda ölkəyə az valyuta daxil olur. Qiymət yüksələndə isə ölkəyə daxil olan valyutanın həcmi artır. Bu baxımdan düşünürəm ki, manatın növbəti aylarda məzənnəsi neftin qiymətinin necə dəyişəcəyindən asılı olacaq”.

Vilayət Muxtar

Cebhe.info

 

10:25