İlham Əliyevi tənqid edən məcburi köçkün həbs olundu

 

İlham Əliyevi tənqid edən məcburi köçkün həbs olundu İsmayıllı rayonunda yaşayan məcburi köçkün Sərhəd Əliyev polisə çağrılaraq həbs olunub. Ona 30 suktalıq inzibati həbs cəzası veriblər. Hadisəni hüquq müdafiəçisi Oqtay Gülalıyev feysbuk vasitəsilə ictimailəşdirib. Hüquq müdafiəçisi qeyd edir ki, Sərhəd Əliyev TuranTV-də ölkə başçısı İlham Əliyevi sərt tənqid etdiyi üçün həbs olunub.

“Rəsmi təbliğat vasitələri İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı müzakirə edir və sənədin humanistliyindən ağız dolusu danışırlar. Sərəncamın qısaca məğzi ondan ibarətdir ki, guya bundan sonra insanlar haqqında həbs qəti-imkan tədbiri ancaq zəruri hallarda çıxarılacaq. Amma sərəncamın mürəkkəbi qurumamış İlham Əliyevi Turan TV- də sərt tənqid etdiyinə görə İsmayıllı rayon sakini, ictimai fəal Sərhəd Əliyev polisə çağrılaraq həbs olunub. Ona hələ ki, 30 suktalıq inzibati həbs cəzası veriblər, cəzanın sonrası nə olacaq bəlli deyil”, – deyə O.Gülalıyev yazıb.

Hadisəyə AXCP sədri Əli Kərimli də feysbuk səhifəsində münasibət bildirib: “Ölkənin sərvətlərindən öz haqqını cəsarətlə tələb edən məcburi köçkünü 30 sutkalıq həbs etdilər. Sərhəd Əliyev nəinki nazirləri, İlham Əliyevin özünü də sərt tənqid etmişdi. Onun çıxışı sosial şəbəkələrdə geniş rezonans yaratmışdı. Onu həbs etdilər ki, başqaları da qorxsun və haqqını tələb etməsin. Susmayaq! Sussaq, sıra hamıya çatar. Sərhəd Əliyevə hamılıqla azadlıq tələb edək!”.

 

Meydan.tv

 

09:42