İki dövlətin bir milli qəhrəmanı

İki dövlətin bir milli qəhrəmanı

Bu, Şuşalı Firudin Bəy Dəryaldır

Qardaş Türkiyənin Ordu quruculuğunda böyük rol oynamış və Mustafa Kamal Atatürkün "İstiqlal" ordeni ilə təltif etdiyi Azərbaycan Türkü Firudin bəy Daryal. O, Qarabağda Şuşa şəhərinin Təzəkənd kəndində (indiki inzibati əraziyə görə, Laşın rayonunun kəndi hesab olunur) anadan olmuşdur.

Firudin bəy Dəryal Tatarıstanın başkəndi Kazanda hərbi məktəbdə təhsil almışdır. Daha sonra 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun süvari alayında xidmət etmiş, alayın tərkibində Qarabağda gedən döyüşlərə qatılaraq, Şuşanın erməni daşnaklarından azad edilməsində iştirak etmişdir. Şuşada gedən döyüşlər zamanı Azərbaycan ordusunun mövqeləri yüksəklikdə olan erməni-daşnak dəstələrinin mövqelərindən pulemyot və top atəşinə tutulurmuş. BU dönəmdə kəşfiyyatçıların verdiyi məlumatlardan bəlli olur ki, bir erməni zabiti bir neçə gündən bir ətrafında əsgərlərlə ağ atın belində həmin mövqelərə gedərək baxış keçirir. Firudin Bəy Daryal komandanlığa ona bir ağ at verilərsə, həmin mövqelərdə olan erməniləri zərərsizləşdirə biləcəyini deyir. Ağdamın Xındırıstan kəndinin bəylərindən birinə məxsus olan ağ atı ona verirlər. Firudin Bəy Daryal ağ atın belində, ətrafında da əsgərlərlə birgə erməni zabitin getdiyi yolla erməni əsgərlərinin yerləşdiyi mövqelərə doğru hərəkət edir. Gələnin öz zabitləri olduğunu zənn edən ermənilər heç bir reaksiya vermirlər. Və beləliklə Firudin bəy və onun əsgərləri heç bir təhlükə gözləməyən düşmən əsgərlərini anidən atəşə tutaraq, məhv edirlər.
1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Firudin Bəyin xidmət etdiyi süvari alayı göstərdikləri igidliyə görə hərbi nazirin şəxsi təşəkkürünü alır. Yanvar ayının 15-də Qarabağın General Qubernatoru vəzifəsinə təyin olunan Xosrov bəy Sultanov Firudin Bəyin igidliyinə bələd olduğu üçün onu özünə köməkçi götürür. Bu elə bir dönəm idi ki, ermənilərə Rusiyadan, İngiltərədən və Fransadan külli miqdarda silah və maliyyə yardımları edilmişdi. Qarabağın taleyi hər an sual altında qala bilərdi. Özəlliklə də bu bölgədə Qarabağın taleyini bir dəfəlik ermənilərinə mənfəətlərinə uyğun bir şəkildə çözmək planları hazırlanmışdı. Bu, Qarabağın ayrılmaz bir hissəsi olan Zəngəzur adı altında oraları uydurma Ermənistana birləşdirmək hədəfi idi. Çünki, ermənilər və onların havadarları da çox yaxşı bilirdilər ki, Azərbaycan Türkləri Şuşanı hər hansı bir şərtlər altında “Dağlıq Qarabağ” adı altında ermənilərin idarəçiliyinə verməyəcəklər. Ona görə də Qarabağın strateji önəm daşıyan ərazilərinə ayrıca Zəngəzur Mahalı adı verməklə buranı yeni qurulacaq Ermənistana birləşdirmək planını həyata keçirmək lazım idi. Bu məsələdə yaxın gələcəkdə “şəkilləndiriləcək” Ermənistanın Avropa tərəfindən uydurulmuş “İran” və ya “Persiya” dövləti ilə sərhədləri olmalı idi. Bunun üçün də Zəngəzur bu məsələdə Ermənistan üçün çox vacib hesab olunurdu. Bir yandan dağlı, o biri yandan isə, Araz çayı ilə sınırlar Qafqazda Türkün əsas strateji coğrafi məkanı idi.    1919-cu ilin mart ayında Qarabağ və Zəngəzurda düşmən təhlükəsinin yenidən artmasının mənası bu idi. Erməni daşnak qoşun birləşmələri martın 21-dən 22-nə keçən gecə Xankəndində yerləşən Cavanşir piyada alayının kazarmalarına qəflətən basqın edib, daha sonra Əsgəran yolunu bağlayırlar. 22 mart tarixindən etibarən Xosrov Bəy Sultanovun başçılığıyla erməni generalı Dronun qoşunlarına qarşı Əsgəran bölgəsində şiddətli döyüşlər baş verir. 2 aprel 1919-cu ildə Dronun qoşunları məhv edilir. Firudin Bəy həmin döyüşlərin baş qəhrəmanlarından biri idi.
1920-ci il 28 aprel tarixində Sovet Rusiyasının inqilabi rəhbəri Vladimir Leninin birbaşa əmri ilə Azərbaycan Xalq Cümhuriyyətinin işğal edilməsi olayı baş verdi. Bakı təslim olsa da, Qarabağ və Gəncədə həm yerli əhali, həm də Milli Ordunun yanında yer alan zabitlər və əsgərlər bu işğala qarşı dirənmək qərarını verirlər. Beləliklə də Firudin Bəy Dəryal 24 may 1920-ci ildə başlayan Gəncə üsyanında iştirak edir. Cümhuriyyətin 2-ci ildönümünə təsadüf edən və minlərlə insanın həlak olmasıyla nəticələnən üsyan 31 may 1920-ci ildə “Qızıl ordu” tərəfindən qəddarlıqla yatırılır.

Firudin Bəy Azərbaycan Cümhuriyyəti Ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləriylə birgə, albay Nuh Bəy Sofulu və albay Səməd bəy Rəfibəylinin (Sayqın) rəhbərliyiylə Araz çayını keçib Güney Azərbaycana keçirlər. Quzey Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunan bir dönəmdə, İngiltərənin rəhbərliyi altında Güney Azərbaycanda milli lider Şeyx Məhəmməd Xiyabani tərəfindən qurulmuş Azadistan dövləti də süquta uğradılmışdı. Bu prosesdə sadəcə Tehranda qurulan və İngiltərə tərəfindən idarə olunan ordu deyil, həm də Güney Azərbaycandakı yerli irtica, özəlliklə də din xadimlərinin fitvası ilə Azadistan hökuməti devrilmişdi. Araz çayı boyunca dərhal Tehrandan gətirilmiş hərbi qüvvələr nəzarəti ələ keçirmişdilər. Bu prosesdə Azərbaycan Xalq Cümhuriyyətinin tərəfdarları Arazın o tayına keçən zaman onlar ya tərksilah edilir, ya da həbs olunaraq, Sovet Rusiyasının “ÇK”-na təhvil verilirdilər. Firudin Bəy Dəryal gil  yenicə elan edilmiş “İran hökuməti”nə əllərində olan silahları təhvil vermək tələbini yerinə yetirmədikləri üçün hücuma məruz qalırlar. Araz çayı boyunca Türkiyəyə doğru hərəkət edir, lakin tabeliklərində olan ağır səhra toplarını apara bilmədikləri üçün, həmin topların çaxmaqlarını çıxararaq yollarına davam etmək məcburiyyətində qalırlar.
Türkiyə ərazisinə keçdikdən sonra əslən Şuşalı olan, Türkiyə və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında yaxından iştirakı olan, bütün həyatını bu yolda fəda etmiş Əhməd Ağaoğlunun Mustafa Kamal Atatürkə müraciətindən sonra 1200 nəfərlik Azərbaycan süvari və piyada alayının əsgər və zabit heyəti Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi Doğu Ordusunun sıralarına qəbul olunurlar. Onların əksəriyyəti Qarabağ və Gəncədən gəlmiş könüllü döyüşçülər idilər. Azərbaycan hərbi birliklərinin Türkiyə Ordusuna qoşulacağıyla bağlı xəbəri 8 iyul 1920-ci il tarixdə Türkiyə Böyük Millə Məclisində ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət İnönü Paşa verir.
Sənədlərdən məlum olur ki, Azərbaycan birliyi 31 iyul 1920-ci ildə Həsənqalaya gəlir və yanlarında Türkiyə Ordusunun böyük ehtiyac duyduğu səhra topu çaxmaqları da olur. Firudin Bəy Daryal 56 nəfəri zabit olan 1200-nəfərlik Azərbaycan birliyinin tərkibində Türkiyənin İstiqlal Savaşına qoşulur. 15-ci süvari alayda bölük komandiri vəzifəsini icra edir. 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Doğu Anadolunun ermənilərdən təmizlənməsiylə sona çatan Doğu Hərəkatında igidliklə vuruşur. Sarıqamış, Qars, Gümrü  və digər ərazilərin rus işğalından azad edilməsi və geri alınmasında iştirak edir. Savaşdan sonra, Mustafa Kamal Atatürk tərəfindən “İstiqlal” ordeniylə təltif olunmaqla bərabər həm də İstanbul şəhərində Ali hərbi təhsil alır.
Firudin bəy Daryal 1925-ci ilin fevral ayında Türkiyənin Güney doğusunda başlayan “Şeyx Səid” (əslində Səidi Kürsi, sonralar Səidi Nursi adı ilə tanınıb, din pərdəsi adı altında nurçuluq ideyasının təməlini qoymuşdur) üsyanının yatırılmasında,kürd aşırətlərinin başlatdığı üsyanlara qarşı 1926-cı ildə 1-ci Ağrı, 1927-ci ildə 2-ci Ağrı, 1930-cu ildə 3-cü Ağrı hərəkatında, 1937-ci ildə Seyid Rzanın başlatdığı “Dersim üsyanı”nın yatırılmasında iştirak edir. Türkiyənin Güney Doğu bölgələrini qorumağın strateji önəmi onda idi ki, həmin dönəmdə İngiltərə, Fransa, İtaliya, Yunanıstan, ABŞ birlikdə Orta Doğu dövlətlərini paramparça etmişdilər. Orta Doğu ölkələrinin ərazisindəki zəngin neft yataqlarına sahib olmağı hədəf seçmişdilər. Ən azından bu də davam edən İraq və Suriyadakı savaşların mənası da bunda idi. Zəngin neft yataqları heç bir zaman Türkiyənin tarixi ərazisi ola bilməzdi. Firudin Bəy Dəryalın komandanlığı altında bütün bu proseslərdə Türkiyəni daxilindən parçalamaq taktikasını ortaya atan xarici dövlətlərin strateji hədəflərinə verilən cavablar heç bir zaman unudulmayacaq. Türkiyə ona görə bu gün güclüdür ki, Güney Doğu bölgələri işğalçı və sösmürgəçi dövlət siyasətin aparan güclərin hərbi strateji baxımdan coğrafi bölgələr onun nəzarətindədir. Bir zaman həmin bölgələr uğrunda böyük mümcadilə vermiş Firudin Bəy Dəryalın xidmətlərinin misli yoxdur.

Sonralar yazar olan Əli Çaxmaq adlı keçmiş bir zabit Türkiyənin Güney Doğusunda baş verən üsyanlar haqqında “Cümhuriyyet” qəzetinin 10 mart 1981-ci il buraxılışında yazdığı məqalədə Firudin Bəy Daryal haqqında xatirələrini yazaraq, onun qorxusuz, dəlisov, mərd bir zabit olduğunu və atın üzərində qeyri-adi hərəkətlər etdiyindən bəhs edir.
Türkiyə Silahlı Qüvvələrinin tərkibində bir zabit olaraq müxtəlif bölgələrdə hərbi xidmətini davam etdirərək albay rütbəsinədək yüksəlmişdir. Xidməti dövründə bölük, tabor, sonralar alay komandiri, İzmir və İstanbul şəhərlərində isə hərbi komendant vəzifələrini icra edir. General olmamasına rəğmən 1950-ci illərdə Kağızmanda vəkalətən tuqay komandirliyi vəzifəsini icra edir. 1965-ci ildə təqaüdə çıxımışdır. Təqaüddə olarkən İstanbul şəhərində yaşayıb. 1936-cı ildə "Qafqaz Almanaxı", 1953-cü ildə isə "Kaf dağı" adlı əsərlərini yazır. Azərbaycandan və Quzey Qafqazdan olan mühacirlərlə sıx əlaqələr quran Firudin Bəy həm də “Qafqaz Dərnəyi”nin fəaliyyətlərində yaxından iştirak etmişdir. Firudin Bəy Dəryal böyük öndər Qazi Mustafa Kamal Atatürkün 1935-ci ildə dediyi bu sözlərinin heyranı idi: “Bu gün əsir türk toplumları var. Onlar Sovetlər Birliyinin tərkibində imperiyanın ən ağır şərtləri altında yaşamağa məhkum ediliblər. Zaman gələcək ki, Sovetlər Birliyi 66 kəsimə bölünəcək. Türkiyə dövlət olaraq həmin günə hazır olmalıdır”. Elə buna görə Firudin Bəy Dəryal İstanbulda qurulan “Qafqaz Dərnəyi”nin fəallarından biri idi. O, Quzey və Güney Azərbaycandan olan soydaşları ilə çox yaxın təmaslarda olurdu. Hər iki Azərbaycanın istiqlalı üçün mücadilə verirdi. Mühacirlərin övladlarının ən yüksək səviyyədə təhsil alması, milli iradəyə sahib olmaları üçün çalışırdı. Buna görə də dövlət qarşısındakı xidmətlərinə görə, o hansı məqama müracicət edirdisə, dərhal onun xahişlərinə əməl olunurdu. 1990-1994-cü illərdə Qarabağ uğrunda savaşa Türkiyədən qatılan könüllülərin çoxu Firudin Bəy Dəryalın bir zamanlar dəstək verdiyi insanların övladları və ya nəvələri idilər.

Orxan CƏBRAYIL

12:51