Hücum Türkiyə-Rusiya əlaqələrinə təsir etməyəcək - Moskvadan açıqlama

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu, Ankarada Rusiya səfirini qətlə yetirən şəxsin adını açıqlayıb.

O, terrorçunun Mevlud Mərt Altıntaş adlı polis olduğunu bildirib. O qeyd edib ki, terrorçu Ankara Çevik Polis Alayının əməkdaşı olub.

Türkiyənin Xarici İşlər Nazirliyi Ankarada Rusiya səfiri Andrey Karlova qarşı təşkil oluna sui-qəsdlə bağlı yazılı açıqlama verib.

Açıqlamada hücum sərt şəkildə qınanıb. Bildirilib ki, hadisə ətraflı şəkildə araşdırılacaq və lazımi addımlar atılacaq. Hücumun Türkiyə-Rusiya əlaqələrinə zərbə vurmayacağı vurğulanıb.

Rəsmi Moskva da Ankarada Rusiya səfirinə qarşı təşkil olunan sui-qəsdlə bağlı açıqlama verib.

 Dumanın Təhlükəsizlik Komissiyasının rəhbəri Leonid Slutskiy bildirib ki, səfirin qətlə yetirilməsi Rusiya-Türkiyə əlaqələrinə təsir etməyəcək. “Rossiya-24” telekanalına açıqlama verən Slutskiy bəyan edib ki, bəzi qüvvələr Moskva-Ankara əlaqələrinə zərbə vurmağa çalışır. O sabah Rusiya-Türkiyə-İran arasında təşkil olunacaq Suriya böhranı üzrə toplantıya da diqqət çəkib:

“Sabah bu qorxulu faciənin kölgəsində təşkil olunacaq toplantının səmərəli nəticə verəcəyini düşünürəm. Moskva və Ankara sabahki toplantı da daxil olmaqla, gündəmdəki problemlərin həlli üçün addımları daha sürətli atmalıdır”.

Xudaferin.eu

23:53