Hədəf türk diplomatlarıdır

Erməni terrorunun üçüncü dalğası: Hədəf türk diplomatlarıdır

Türk diplomatlarının şəhid edilməsindən 50 il ötür. Onların parlaq xatirəsinə.
Erməni təfəkkürünün məhsulu olan ASALA terror təşkilatı tarixin zibilliyinə atıldımı? Bu günlərdə ilk dəfə türk diplomatlarını şəhid edən erməni qatili Qurgen Yanikyanın şəkilinin Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğumuza asılması, ASALA-nın öz fəaliyyətini bərpa etməsi haqqında bəyanatı göstərir ki, bu mənfur ideologiya hələ yaşamaqda və yaşadılmaqdadır. “Böyük Ermənistan” yaradılmasını özünün əsas hədəfi seçmiş ASALA Azərbaycan və Türk dövlət xadimlərinin öldürülməsini də öz fəaliyyətlərinin tərkib hissəsi hesab edirlər. "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Army for the Liberation of Armenia") adlanan bu təşkilat rəsmi olaraq 1975-ci ildə Livanın paytaxtı Beyrutda Akop Akopyan tərəfindən yaradılsa da əslində ilk terror eyni ideoloji şüura malik Qurgen Yanikyan tərəfindən 27 yanvar 1973-cü il tarixində ABŞ-da həyata keçirilib. G.Yanıkyanın başlatdığı bu terror əslində erməni terrorunun 3-cü dalğası idi.
ERMƏNİLƏRİN OSMANLIDA HİMAYƏ EDİLMƏSİ

Fateh Sultan Mehmet İstanbulu fəth etdikdən sonra erməni patriarxlığını rum patriarxlığından ayırdı. Fateh tərəfindən 1461-ci ildə Bursadan İstanbula gətirilən Bursa Erməniləri Başyepiskopu Hovagimu müstəqil erməni patriarxlığının başına gətirməklə. Bununla da İstanbulda müstəqil erməni patriarxlığının əsası qoyuldu. Həmin vaxtdan ermənilər Osmanlı himayəsində möhkəmlənməyə başladılar. Osmanlı sultanları tərəfindən bu himayəçilik yüz illər davam etdi. Ermənilər isə əsl simasını gizlədərək Osmanlıda sədaqət kredosuna çevrildilər. Hətta Osmanlıda onlara sadiq millət adı verildi. Xristian güc mərkəzlərinin təzyiqi ilə Osmanlıda islahat fərmanları qəbul edildikdən sonra ermənilərin iştahası daha da artmağa başladı. 1863-cü ildə Nizamnâme-i Millet-i Ermeniyân adlı fərmanla artıq Osmanlı dövləti demək olar ki, ermənilərə qismən muxtariyyat statusu verdi. Ermənilər öz aralarında bu sənədi Konstitusiya kimi qəbul edirdilər.
Verilmiş hüquqlardan geniş istifadə edən ermənilər bu Nizamnamə əsasında öz kiçik parlamentlərini formalaşdırdılar. Bundan sonra ermənilərin təşkilatlanması daha da intensiv şəkil aldı. 1890-cı ildə Tiflisdə ermənilərin ən böyük mütəşəkkil siyasi təşkilatı Erməni İnqilabi Federasiyası - Daşnaksutyun təsis edildi. Nəhayət, XIX əsrin sonlarında erməni terrorunun birinci dalğası sayılan Osmanlı Bankının terrora məruz qoyulması ilə bu “hərəkat” I Dünya Müharibəsi başa çatana qədər davam etdi.
1915-ci il hadisələri isə erməni terrorunun 2-ci dalğası hesab olunur. Bu hadisələr 10 ildən artıq davam etdi. 1920-ci illərdən sonra Daşnaksutyun, Nemesis və başqa erməni terror təşkilatları yüzlərlə türk və Azərbaycan dövlət xadimlərini qətlə yetirdilər.
TÜRK DİPLOMATLARINA TERROR
Qeyd edildiyi kimi, xaricdə türk diplomatlarının terrorla şəhid edilməsi ilə bağlı ilk aktı Los Ancelesdə yaşayan Georq Yanıkyan həyata keçirib. G.Yanıkyan əvəllcədən planlaşdırdığı terror aktını həyata keçirmək üçün Türkiyənin Los Ancelesdəki səfirliyinə zəng vuraraq onda Sultan Əbdülhəmid dönəmindən qalma qiymətli tablo olduğunu və həmin tablonu təmənnasız olaraq Türkiyə Cümhuriyyətinə hədiyyə etmək istədiyini bildirmişdir. Q.Yanikyan bu tablonun hədiyyə edilməsi əvəzində maddi deyil “mənəvi” qazanc gözlədiyini də xüsusi ilə vurğulamışdır. Bundan sonra səfir Mehmet Baydar, Türkiyə dövlətinə müraciət edərək bu barədə onları məlumatlandırmışdır. Türkiyə dövləti həmin tablonu alaraq Türkiyədə muzeyə göndərilməsini tövsiyə edir. Bundan sonra Qurgen Yanikyana görüşməyə hazır olduqlarını bildirmişlər. Q.Yanikyan tablonu maddi qarşılığı olmadan verməyi təklif etdiyi üçün Səfirlik ona Türk dövləti adından təşəkkür edilməsini nəzərdə tutmuşdur. Q.Yanikyan 27 yanvar 1973-cü il tarixində türk səfiri Mehmet Baydar və Bahadır Dəmiri Santa Barbaradakı Baltimore otelinə dəvət etdi. Bununla Q.Yanikyan tərəfindən da türk diplomatlarına qarşı yönəlmiş terror aktı icra edildi.
KİMDİR QURGEN YANİKYAN?
Qurgen Yanikyan 24 dekabr 1895-ci il tarixdə Ərzurumda anadan olub. Özünün iddia etdiyinə görə yaxınları 1915-ci ildə “soyqırımı” zamanı ölüb. Qurgen Yanikyan isə gizlənməyə və diqqətdən kənarda qalmağa müvəffəq olub. (Sonralar məlum oldu ki, Yanikyanın dedikləri uydurmadır). O, Qafqaz cəbhəsinin xəttini keçərək Dronun komandanlığı ilə 2-ci erməni könüllü dəstəsinə daxil olur. Bir müddət qərargahda xidmət etdi, orada “Qərbi Ermənistan”ın bir neçə xəritəsini yaddaşdan düzəltdi. Bu da hücum zamanı rus qoşunlarına kömək etdi. Moskva Dövlət Universitetində mühəndislik təhsili alıb.
1930-cu ildə həyat yoldaşı Susanna ilə birlikdə Rza şah Pəhləvinin hökm sürdüyü İrana mühacirət etdi. İranda Yanikyan yol mühəndisi işləyib. O, ölkənin ilk metallurgiya zavodunun yol şəbəkəsinin layihələndirilməsinə görə yüksək mükafatlar alıb. 1941-ci ildə II Dünya Müharibəsi zamanı Rza şah Böyük Britaniya və SSRİ-nin öz qoşunlarını İran ərazisinə yerləşdirməsindən imtina etməyə çalışdı. Bundan sonra 25 avqust 1941-ci il tarixində sovet və ingilis qoşunları İranın hər iki ucundan İran sərhəddini keçdilər.
II Dünya Müharibəsinin bütün dövrü ərzində İran ərazisini öz nəzarəti altına alacaqları elan edildi və şahdan taxtdan əl çəkməsi tələb olundu. Tezliklə Müttəfiqlər üçün strateji yolun tikintisinin rəhbəri olan mühəndis Yanikyan ABŞ hökuməti tərəfindən mükafatlandırıldı və Amerika vətəndaşlığını aldı. 1946-cı ildə Yanikyan həyat yoldaşı ilə birlikdə Fransaya, oradan isə ABŞ-a uçdu. Əvvəlcə Nyu-Yorkda məskunlaşdılar, sonra Kaliforniyaya, Beverli Hillsə köçdülər. Bu sənət mərkəzində Qurgen Yanikyan “Yanikyan” Teatrını açdı, lakin bu, uğurlu alınmadı. Bu arada yeni şah Məhəmməd-Rza Pəhləvi (mühəndislə şəxsən tanış idi) Yanikyanın ABŞ vətəndaşlığını almasını bəyənməyib və o, Yanikyanın İran banklarındakı hesablarına həbs qoyub.
Yanikyan 77 yaşındaykən əlində Sultan Əbdülhəmid dönəmindən qalma tablo olduğunu və bunu Türkiyəyə bağışlamaq istədiyini Türk konsulluğuna bildirərək Santa Barbarada qaldığı otelə dəvət etmişdir. 27 yanvar 1973-cü il tarixdə kerçəkləşən görüş zamanı Türk diplomatlarını qarşılayan Yanikyan çox qısa bir aradan sonra tapança ilə baş konsul Mehmet Baydar və Bahadır Demiri qətlə yetirib.
İddialara görə Yanikyan cinayətdən sonra otelin müdir və qarsonlarına "Ailəmdən 26 nəfəri türklər öldürdü onların intiqamını aldım” deyib. Sui-qəsdən öncə “California Courier” qəzetinə göndərdiyi 118 səhifəlik məktubunda "Sizlər bu məktubu oxuduğunuzda mən yeni bir savaş növü icad etmiş və gerçəkləşdirmiş olacağam. Öndən mən gedirəm ermənilər arxamca gəlsin! erməniləri dərin yuxudan oyandırmanın və Türklərlə onların anlayacağı dildən danışmanın vaxtı gəldi. Türk hökuməti ilə heç bir millət münasibət qurmamalı və onların təmsilçiləri yox edilməlidir, artıq geriyə dönüş yoxdur”.
Bundan sonra ABŞ- da mühakimə edilən Yanikyan məhkəmə zamanı 1915-ci il “soyqırımı” hadisələrinin araşdırılmasını istədi. Lakin məhkəmə bunu uyğun görmədi. Cinayət işi aylarla davam etdi. Ermənilər bu məhkəmə prosesindən öz xeyirlərinə yararlanmağa çalışdılar. Yanikyan məhkəmədə ailə üzvlərinin 1915-ci ildə Şərqi Anadoluda türklərin “soyqırımına” məruz qaldığını iddia etsə də heç bir sübut təqdim edə bilmədi. Həmçinin, ailə üzvləri deyərkən kimləri nəzərdə tutması barədə də heç bir sənəd təqdim edə bilmədi. Yanikyanın məqsədi bu məhkəmədə “soyqırımı” məsələsinə baxılmasına nail olmaq idi. Lakin bu mümkün olmadı.
Q.Yanikyan məhkəmədə törətdiyi cinayəti etiraf etdi. Heç bir peşmançılıq çəkmədiyini bildirdi. Hətta o məhkəmədə belə söylədi: "Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər"
Özünü demokratiyanın beşiyi adlandıran Amerikada fəaliyyət göstərən “The Armenian Reporter” bu qatil haqqında bir xəbərdə “Erməni siyasi mübarizəsi üçün yeni çağ açan” və “Erməni tarixinin gedişatını dəyişən adam” ifadələrinin işlədilməsi acı təəssüf hissi oyatmaya bilməz.
Q.Yanikyan 31 yanvar 1984-cü ildə səhhətinin həbsdə qalmağa imkan verməməsi səbəbindən əfv edilərək qocalar evinə yerləşdirildi. 27 fevral 1988-ci il tarixində orada öldü.
Dünyada terroru açıq şəkildə dəstəkləyən erməni xalqı öz “xaç atasına” “hörmətini” bildirərək 5 may 2019-cu il tarixində türk diplomatlarını qətlə yetirən, bununla da erməniləri terrora səsləyən Qurgen Yanikyanın sümüklərini Ermənistana gətirərək onu qəhrəman kimi dəfn etməklə xəstə təxəyüllərinə nə qədər sadiq olduqlarını göstərdilər.
ASALA-nın ruh atası sayılan Qurgen Yanikyanın çağırışları əsasında sonradan ASALA yaradıldı. Onlar Q.Yanikyanın başladığı “işi” davam etdirərək aşağıdakı türk diplomatlarını qətlə yetirdilər.
ERMƏNİ TERRORÇULARININ QƏTLƏ YETİRDİYİ TÜRK DİPLOMATLARI
20 fevral 1975-ci ildə Beyrutdakı THY bürosu bombalandı. Hadisəni ASALA-nın Əsir Yanıkyan Qrupu öz üzərinə götürdü. Hadisə yerinə buraxılan məktubda deyilirdi: “Ermənilərin haqlı davasında imperalistlərə qarşı mübarizə ediləcək, növbəti hədəfimiz Türkiyə, İran və ABŞ olacaq. Bu terror başlanğıcdır”.

22 oktyabr 1975-ci il tarixdə 3 erməni avtomatla Türkiyənin Vyanadakı Səfirliyinə hücum edərək səfirliyin girişində şəxsləri tərkisilah edildikdən sonra səfirin iş otağına girdilər. Burada Daniş Tunalıgilə “Siz Səfirsiniz? ” deyə soruşan və “Bəli” cavabını alan terrorçular səfiri avtomat silahla öldürərək şəhid etdilər. Sonra 3 terrorçu avtomobilə minərək oradan uzaqlaşdılar.

24 oktyabr 1975-ci il tarixndə Türkiyənin Parisdəki səfiri İsmail Erez və sürücüsü Talip Yener səfirlik yaxınlığında terrora məruz qaldılar. Səfir Erezin xidməti avtomobili günorta saat 13:30-da səfirlik yaxınlığında Sena çayı yaxınlığında körpünün üzərində qəflətən avtomat silahlardan açılan atəş nəticəsində həlak oldular. Terroru “Erməni Soyqırımı Ədalət Komandoları” adlı təşkilat öz üzərinə götürdü.

ASALA-nın İLK TERRORU
16 fevral 1976-cı il tarixində Türkiyənin Beyrutdakı Səfirliyinin Baş katibi Oktar Cirit bir zalda oturarkən erməni terrorizminin qurbanı oldu. Terroru ASALA öz üzərinə götürdü və ilk dəfə bu cinayətlə adını ortaya atdı.

9 iyun 1977-ci il tarixndə – Roma (İtalya) Türkiyənin Vatikandakı səfiri Taha Carım, səfirlik binasının önündə iki terroristin açdığı atəş nəticəsində həlak oldular. Terroru “Erməni Soyqırımı Ədalət Komandoları” adlı təşkilat öz üzərinə götürdü.

AVROPALILAR DA ERMƏNİ TERRORUNA QURBAN GETDİ.

2 iyun 1978 – ci il tarixində Türkiyənin Madriddəki (İspanya) səfiri Zeki Kuneralp xidməti avtomobilə 3 terrorçu tərəfindən atəş açılması nəticəsində avtomobildə olan səfirin həyat yoldaşı Necla Kuneralp və eks səfir Beşir Balcıoğlu həyatlarını itirdilər. Terroru “Erməni Soyqırımı Ədalət Komandoları” adlı təşkilat öz üzərinə götürdü. Bu hadisədə ilk dəfə bir əcnəbi vətəndaş da ermeni terrorunun qurbanı oldu. Bu şəxs Türk səfirliyinin sürücüsü İspanyalı Atonyo Torres erməni gülləsinə tuş gəldi.

12 oktyabr 1979–cu il tarixndə Türkiyənin Laheydəki (Hollandiya) səfiri Özdemir Benlerin oğlu Ahmet Benler, silahlı basqın nəticəsində öldürüldü. Terroru həm “Erməni Soyqırımı Ədalət Komandoları” həm də ASALA öz üzərinə götürdü.

22 dekabr 1979 –cu il tarixində Türkiyənin Parisdəki turizm müşaviri Yılmaz Çolpan bir terroristin basqını nəticəsində qətlə yetirildi. Bu hadisə ermənilərin Parisdəki ikinci terror aktı idi. Hadisədən sonra xəbər agentliklərinə zəng edən bir şəxs Roma, Madrid və Parisdəki terroru “Erməni Soyqırımı Ədalət Komandoları” adlı terror təşkilatının etdiyini bildirərək “Türk höküməti ermənilərin haqlarını tanımadığı üçün Avropadakı türk diplomatlarını öldürürük” deyib.

31 iyul 1980–ci il tarixində Türkiyənin Afinadakı (Yunanistan) səfirliyinin atteşesi Galip Özmen ilə 14 yaşlı qızı Neslihan Özmen bir terroçunun silahlı basqını nəticəsində öldürüldü. Galip Özmenin həyat yoldaşı Sevil Özmen və oğulları Kaan Özmen hadisədən yaralı olaraq qurtardılar. Terroru ASALA öz üzərinə götürdü.

17 dekabr 1980-ci il tarixində Türkiyənin Sidney (Avstraliya) Başkonsulu Şarık Ariyak ilə təhlükəsizlik işçisi Engin Sever, erməni terrorizminin qurbanı oldular.

6 fevral 1980-ci il tarixində Türkiyənin İsveçrədəki səfiri Doğan Türkmen, Berndə silahlı basqına məruz qalsa da hadisədən sağ qurtara bildi.

17 aprel 1980-ci il tarixində Türkiyənin Vatikandakı səfiri Vecdi Türelin xidməti avtomobilinə atəş açıldı. Türel və mühafizəçisi Tahsin Güvenç terrordan yaralı olarak qurtuldular.

26 sentaybr 1980-ci il tarixində Türkiyənin Parisdəki səfirliyinin mətbuat müşaviri Selçuk Bakkalbaşi silahlı basqın nəticəsində yaralandı.

FRANSA DA ÜÇÜNCÜ TERROR

4 mart 1981–ci il tarixində Türkiyənin Parisdəki səfirliyinin attaşesi Reşat Morali ilə dini işlər üzrə müşavir Tecelli Arı müşavirlikdən cıxıb avtomobilə minərkən 2 terrorçunun basqınına məruz qaldılar. Moralı basqın nəticəsində öldü. Arı isə ağır yaralandı və xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mükmün olmadı. Terroru ASALA öz üzərinə götürdü.
Bu basqın artıq ermənilərin Parisdə həyata keçirdiyi 3-cü terror aktı idi. Bundan sonra Türkiyə dövləti türk diplomatlarını lazımi qaydada qoruya bilmədiklərinə görə Fransaya nota verdi.

9 iyun 1981-ci il tarixində Türkiyənin Cenevrədəki (İsveçrə) Baş konsulluğunun katibi Mehmet Savaş Yergüz evinə gedərkən silahlı basqın nəticəsində həlak oldu. Terroru ASALA öz üzərinə götürdü. Hadisədən sonra tutulan Livan əslilli erməni terroist Mardiros Camgozyana 15 il həbs cəzası verildi.

24 sentyabr 1981-ci il tarixində 4 erməni terrorist Türkiyənin Paris Başkonsulluğu ilə mədəniyyət attaşesinin oturduğu binada 56 türkü girov götürdü. Terrorçulara müdaxilə etmək istəyən mühafizəçi Cemal Özeni yerindəcə öldürdülər. Baş konsul Kaya İnalı yaraladılar. Erməni terrorçuları Türkiyədə “siyasi məhbus” olan 12 nəfər erməninin Parisə gətirilməsini tələb etdilər. İstəklərinin qəbul edilməyəcəyini anlayan terrorçular 15 saat sonra polisə təslim oldular. Hadisə ilə bağlı Türkiyə Fransaya təpki göstərdi. Bundan sonra Fransa da həmin terroru qınadı. Terroru ASALA öz üzərinə götürdü. Hadisəni törədən 4 erməni terrorçu - Vazken Sakosesliyan, Kevork Abraham Gözliyan, Aram Avedis Basmaciyan və Agop Abraham Turfanyan 31 yanvar 1984-cü il tarixində Fransada 7 il həbs cəzası verildi. Məhkəmənin qərarı Türkiyədə böyük təpki ilə qarşılandı.

2 aprel 1981-ci il tarixində Türkiyənin Kopenhagen səfirliyinin attaşesi Cavit Demir yaşadığı evin liftində silahlı basqın nəticəsində yaralandı.
25 oktaybr 1981-ci il tarixində Türkiyənin Romadakı səfirliyində ikinci katib işləyən Gökberk Ergenekon küçədə gedərkən basqına məruz qalaraq yaralandı.

LOS ANCELESDƏ İKİNİCİ TERROR

28 yanvar 1982 –ci il tarixində Türkiyənin Los Anceles (ABŞ) Baş Konsulu Kemal Arıkan öldürüldü. Qatil daşnak militanı Hampig Sasunyana ömürlük həbs cəzası verildi.

5 may 1982 –ci il tarixində Türkiyənin Bostondakı (ABŞ) fəxri konsulu Orhan Gündüz silahlı basqın nəticəsində öldürüldü.

7 iyun 1982-ci il tarixində – Türkiyənin Lissabondakı (Poruqaliya) səfiri
Erkut Akbay və həyat yoldaşı Nadide Akbay avtomobilinə olan silahlı basqın nəticəsində həyatlarını itirdilər.

27 avqust 1982 – ci il tarixində Türkiyənin Ottava səfirliyinin (Kanada) hərbi attaşesi Atilla Altikat silahlı basqın nəticəsində həlak oldu.

9 sentaybr 1982–ci il tarixində Türkiyənin Burgaz (Bolqarıstan) Baş konsuluğunun attaşesi Bora Süelkan erməni terrorçuları tərəfindən qətlə yetirildi.

8 aprel 1982-ci il tarixində Türkiyənin Ottava səfirliyinin ticarət müşaviri Kani Güngör silahlı basqın nəticəsində yaralandı.

21 iyul 1982-ci il tarixində Türkiyənin Rotterdamdakı Baş konsulu Kemal Demirerə yaşadığı evin önündə silahlı basqın edildi. Basqında Baş konsula heç nə olmadı, terrorçu isə yaralı olaraq tutuldu.

ERMƏNİ TERRORÇULARI TÜRKİYƏDƏ

7 avqust 1982- ci il tarixndə ASALA-ya bağlı 2 terrorçu Ankara Esenboğa Hava Limanında həyata keçirdiyi basqın nəticəsində 8 nəfər öldü, 72 nəfər isə yaralandı. Bu, ermənilərin Türkiyədə həyata keçirdiyi ilk terror aktı idi.

9 mart 1983–cü il tarixində Türkiyənin Belqraddakı (Yuqoslaviya) səfiri
Galip Balkara 2 terrorçu silahlı basqın etdi. Hadisədə ağır yaralanan Balkar 11 martda dünyasını dəyişdi. Hadisədə bir yuqoslav tələbə də öldü.Terroru gerçəkləşdirən Kirkor Levonyan ilə Raffi Aleksandr, hadisədən bir il sonra 9 Mart 1984-cü ildə qatillərə 20 il həbs cəzası verildi.

14 iyul 1983 – cü il tarixində Türkiyənin Brüsseldəki səfirliyinin attaşesi Dursun Aksoy erməni terrorçuları tərəfindən qətlə yetirildi.

27 iyul 1983 –cü il tarixində 5 erməni terroristi Türkiyənin Lissabon səfirliyinə hücum edərək binadakıları girov götürdülər. Basqın sırasında səfirliyin müşaviri Yurtsev Mihçioğlunun həyat yoldaşı Cahide Mihçioğlu həlak oldu. Portuqaliya polisi həyata keçirdiyi əməliyyat nəticəsində girovları azad etdi və 5 erməni terrorçusunu öldürdü. Terroru “Erməni İnqilab Ordusu” öz üzərinə götürdü. EİO terrorçularin öldürülməsi ilə bağlı Portuqaliya Baş naziri Mario Soarezi ölümlə təhdid etdilər.

16 iyun 1983-cü il tarixində İstanbul Qapalıçarşı Ticarət Mərkəzində terror həyata keçirildi hadisə nəticəsində 2 nəfər həlak oldu, 21 nəfər isə yaralandı. Terrorçu hadisə yerində öldürüldü. Bu hadisənin də erməni terrorçusunun həyata keçirdiyi bəlli oldu.

15 iyul 1983-cü il tarixində THY-nin Paris Orly aeroportundakı bürosu önündə bomba partladı. Partlama nəticəsində 2-si türk, 4-ü fransız, 1-i amerikalı, 1-i isveçli olmaqla 8 nəfər öldü. Hadisə nəticəsində 28-i türk olmaqla 63 nəfər yaralandı. Bu hadisə tarixdə “Orly Qırğını” kimi qaldı.

28 aprel 1984 – cü il tarixdə Türkiyənin Tehran səfirliyinin katibi Şadiye Yönderin həyat yoldaşı İranla Türkiyə arasında ticarətlə məşğul olan iş adamı Işık Yönder, bir ASALA militanı tərəfindən öldürüldü.

20 iyun 1984 –ci il tarixində Türkiyənin Vyanadakı səfirliyinin attaşesi Erdoğan Özen, avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində həlak oldu. Terroru “Erməni İnqilab Ordusu” öz üzərinə götürdü.

19 noyabr 1984 – cü il tarixində Türkiyənin BMT nümayəndəliyində çalışan Evner Ergun avtomobilinə yerləşdirilən bonba partalamsı nəticəsində həlak oldu. Terroru “Erməni İnqilab Ordusu” öz üzərinə götürdü.

27 mart 1984-cü il tarixində Türkiyənin Tehran Səfirliyinin Ticarət müşaviri müavini Işıl Ünelin avtomobilinə bomba yerləşdirməyə çalışan bir terrorist bombanın əlində partlaması nəticəsində öldü.

28 mart 1984-cü il tarixndə Türkiyənin Tehran səfirliyinin Baş katibi Hasan Servet Öktem və səfirliyin attaşesinin müavini İsmail Pamukçu, evlərinin önündə silahlı hücum nəticəsində yaralandılar.

ASALA-nın fəaliyyətinə toxunarkən onun sonunu gətirmiş vətənpərvər türk oğlu ülkücü Abdulla Çatlını rəhmətlə anırıq.
Təəssüf ki, mifologiya ilə qidalanan xəyalpərəst erməni xalqı 44 günlük Zəfər müharibəsindən də dərs götürməyiblər. Hələ də revanşist qüvvələrə istinad edən qruplar var. Odur ki, biz erməni terrorizminin anatomiyasını yaxşı öyrənməklə onlara gerçək kimliklərini tanıtmalıyıq.

Səməd Vəkilov

 
Xudaferin.eu

11:52