Hakimiyyət düşərgəsində klanların mübarizəsi dərinləşir

 

 

Jurnalistləri, hüquq müdafiəçilərini qanunsuz həbsə atdıran siyasi rəhbərlik MTN tərəfindən Bakı Metropolitenindəki talançılığa niyə göz yumub? Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi Akif Çovdarovun Bakı Metropoliteni QSC-nin keçmiş rəisi Tağı Əhmədov haqqında açıqladığı şok faktlar ciddi rezonansa səbəb olub.

Əslində ictimai rezonans doğuran Tağı Əhmədovun korrupsiya ilə məşğul olması deyil. Çünki T.Əhmədovun Bakı Metropolitenini şəxsi ticarət obyektinə çevirdiyi hələ onun bu quruma rəhbərlik etdiyi dövrdən məlum idi. Həmin illərdə iqtisadçı ekspertlərin, kütləvi informasiya vasitələrinin apardığı araşdırmalar, Bakı Metropoliteninin ərazisindəki ticarət sahiblərinin açıqlamaları rəisin milyonlarla vəsaiti mənimsədiyini sübut edirdi. Tağı Əhmədov metropolitenin girişində quraşdırılan ticarət köşkləri istənilən vaxt sökdürür, yerini başqasına satır, istənilən vaxt icarə haqqını artırırdı. Həmin ticarət obyektlərinin icarəsindən toplanan gəlirlər, vergilərin ödənilib-ödənilməməsi barədə isə heç bir məlumat verilmirdi.

Nəhayət, MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov Tağı Əhmədovun qanunsuz yollarla topladığı vəsaiti açıqladı. Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Tağı Əhmədov barəsində üzə çıxan korrupsiya faktları ilə bağlı bəlkə də təkzib verməyə çalışacaq. Ancaq Akif Çovdarov açıqladığı cinayət əməllərini ölkənin əsas xüsusi xidmət orqanının nəqliyyat və energetika sahəsinə nəzarət etdiyi bir dövrdə əldə edib. Yəni A.Çovdarovun tutduğu post ona ictimaiyyətdən gizli qalan və bir qismi də hələ açılmamış informasiyalar əldə etmək imkanı verib. Akif Çovdarovun məhkəmədə verdiyi ifadəyə görə, MTN prezident İlham Əliyevin göstərişi əsasıında Bakı Metropolitenində baş vermiş yeyinti və korrupsiya halları ilə bağlı araşdırma aparıb. Məlum olub ki, stansiyaların çıxışında ümumilikdə 1200 obyekt var və onlardan ayda 200 dollardan 3 min dollara qədər icarə haqqı alınıb. Üç aylıq icarə də əvvəldən alınıb. Tağı Əhmədov ticarət obyektlərinin sahiblərindən 3 ay ərzində 5 milyon dollardan çox icarəhaqqı yığıb. Onun bu korrupsiya əməllərinə oğlanları Rauf və Ruslan Əhmədovlar da şərik olub.

Araşdırmalar zamanı metro jetonlarının satışından əldə edilən gəlirlərin də mənimsənildiyi üzə çıxıb. Metro stansiyalarındakı turniketlərin fəaliyyətinə qanunsuz müdaxilə edilib, hər dörd jetondan biri qeydiyyatdan keçməyib. Bunun nəticəsində Tağı Əhmədov ayda 300 min pulu öz cibinə qoyub. “Üzə çıxartdıq ki, Moskvadan işlənmiş vaqonları alıb, “kraskalayıb”, təzə vaqon adı ilə rəsmiləşdirib və bununla da dövlətin 11 milyondan çox pulunu cibinə qoyub. Metropolitenin “Azərenerji”yə 4 milyon manat borcu var idi, onu da mənimsəmişdi. Bütün bu faktları üzə çıxarandan sonra Tağı Əhmədovun əmlakları ilə bağlı araşdırma aparmağa başladıq. İndi hələ yadımda qalanları deyəcəm: metronun “Sahil” stansiyasının üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüzdə 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsi ilə üzbəüzdə “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda ticarət mərkəzi… Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablara köçürməklə ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadrat metrlik dükan alıb, icarəyə verib. Tağı Əhmədovun bankda da külli miqdarda pulu üzə çıxdı. Təkcə “TexnikaBank”da 13 milyon dollar pulu olub. Bu bank bağlananda oradan 9 milyonu çıxarıb ofşora köçürdü. Qalan 4 milyonu da müxtəlif qohumlarının adına köçürmüşdülər. Həmin adamlar da pulları çıxarıb oğlu Ruslan Əhmədova əlbəəl vermişdilər. Bu haqda videogörüntülər də var. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi.” – deyə Akif Çovdarov bildirib.
Təəccüb doğuran əsas məqamlardan biri bu cinayət barədə dövlət başçısına məruzə olunduğu halda Tağı Əhmədovun barəsində heç bir tədbir görülməməsidir. Bu azmış kimi MTN rəhbərliyinə Tağı Əhmədova toxunmamaq, törətdiyi cinayətləri görməzdən gəlmək tapşırılıb. Təbii ki, bütün bunları söyləmklə A.Çovdarov T.Əhmədovun hakimiyyətin yuxarı eşalonunda himayədarının olduğunu diqqətə çatdırmaq istəyir. Lakin istər metropolitenin sabiq rəisinin, istərsə də onun arxasında duran şəxsin məsuliyyətə cəlb edilməsi Tağı Əhmədovun qeyd edilən faktlar üzrə məhkəməyə cəlb edilməsi, açıqlanan faktların məhkəmə protokollarına daxil edilməsindən asılı olacaq. Jurnalistləri, hüquq müdafiəçilərini qanunsuz sahibkarlıq, vergidən yayınma, müxalifət fəallarını mühacir biznesi ilə məşğul olub korrupsioner damğası vurmaqla həbsə atdıran Azərbaycan hakimiyyəti Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı Metropolitenində faktlarla təsdiq edilmiş talançılığa dair hesabata nəyə görə göz yumub?
Mühüm məqamlardan biri isə indiyə qədər bir növ susmağa üstünlük verən, az qala bütün cinayətləri üzərinə götürən A.Çovdarovun gözlənilmədən hücum mövqeyinə keçməsi ilə bağlıdır. Hətta mətbuatda A.Çovdarovun bütün cinayətləri öz boynuna götürməklə gözləniləndən daha az cəza alacağı, ailəsinin toxunulmazlığına təminat veriləcəyi barədə ehtimallar səslənirdi. MTN generalının danışmağa başlaması T.Əhmədovun onun əlehinə ifadə verməsi, yəni qisasçılıq zəminində atılmış addım da hesab oluna bilər. Akif Çovdarova qarşı irəli sürülən əsas ittihamlardan biri onun T.Əhmədovu Bakı Metropoliteninin rəisi olanda şantaj edərək 3 milyon manat pul tələb etməsi ilə bağılıdır. Sabiq MTN generalı isə sirləri açmaqla T.Əhmədovun daha talançı bir cinayətkar olduğunu sübut etməyə çalışır. Hərçənd ki, A.Çovdarovun adı ən qatı cinayət əməllərində, işgəncə və qətllərdə çəkilir. Bu həmin A.Çovdarovdur ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin təşkilatçısı hesab edilir. Akif Çovdarov və onun hüquqi müdafiəsini təkil edən tərəf ortaya E.Hüseynovun qətlini təkzib edəcək tutarlı arqument qoya bilməyib. Akif Çovdarovun özünün insanlardan külli miqdarda pul qoparmaq üçün gizli və qanunsuz həbsxanalar düzəltdiyi, oranı işgəncə yuvasına çevirdiyi hər kəsə məlumdur. Bu həmin Akif Çovdarovdur ki, 2007-ci ildə Binəqədi rayonu ərazisində zeytun bağlarını məhv etdirib villa tikdirmək istəmişdi. Həmin qanunsuz fakta dair reportaj hazırlayan “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlili isə şəxsən özü döyərək ağır bədən xəsarətləri yetirmişdi. Akif Çovdarov bu gün həbsdə olmasına baxmayaraq hakimiyyətə göstərdiyi “təmənnasız xidmətləri” unudulmur. Akif Çovdarovun 1 il 9 aydır həbsdə saxlanılmaslna baxmayaraq, Bakı şəhəri Nizami rayonu ərazisindəki “8-ci kilometr Ticarət Mərkəzi” ASC-nin sahibi hələ də generalın həyat yoldaşıdır. Öz növbəsində, Tağı Əhmədovun xanımı Salatın Əhmədova məhkəmədə onlara qarşı irəli sürülən iddiaları böhtan hesab edir. Akif Çovdarovun metropolitenin sabiq rəisini hədəfə alması Tağı Əhmədovun onun əleyhinə ifadə verməsi ilə izah edilir. Belə ki, Tağı Əhmədov Akif Çovdarovun vəzifədə olduğu dövrdə onu təhdid edərək 3 milyon manat tələb etdiyini bildirib. Hesab edilir ki, MTN-nin sabiq idarə rəisi də bu ittihamlara cavab olaraq T.Əhmədov barəsində kompromatları açmaqla əsl korrupsionerin qarşı tərəfdə olduğunu isbat etməyə çalışır. Ancaq 1 il 9 aydır həbsdə susmağa üstünlük verən A.Çovdarovun qəfildən bütün “kartları açmaqla” oyunu pozması və konkret adlar çəkməsi diqqəti cəlb edir. Ona görə də “Bəs Çovdarovu danışdıran gerçək səbəb nədir” sualı indi daha çox səslənir. İndiyə qədər hökmran davranışları ilə seçilən T.Əhmədovun “vurulması” barədə qərarın verildiyi hiss olunur. Yəni A.Çovdarova bütün sirləri açıb-tökmək sifarişinin kənardan gəldiyi istisna edilmir. Əks təqdirdə, ağır durumda olan Şovdarov özünün də dediyi kimi kifayət qədər arxalı adam olan T.Əhmədovun cinayətkar olduğuna dair faktlar açıqlamaqla həyatını və ailəsini təhlükəyə atmaq istəməzdi. Əlbəttə, T.Əhmədov barəsində irəli sürülən ittihamların əsasında cinayət işinin qaldılacağı hələ məlum deyil. Buna baxmayaraq, T.Əhmədov barəsində korrupsiya əməllərinin mıəhkəmə zalından səsləndirilməsi YAP-ın Yasamal Rayon Təşkilatının sədrinə və ona himayədarlıq edən şəxslərə ünvanlanmış ciddi mesajdan xəbər verir. Məsələnin əslində, elitadaxili siyasi savaşa bağlı olduğu şübhə doğurmur.

Qeyd edək ki, A.Çovdarovun açıqlamasından bir gün öncə Bakı Hərbi Məhkəməsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərilməsinə dair qərar çıxarıb. 2015-ci il oktyabr ayının 18-də tutduğu vəzifədən çıxarıldıqdan sonra cinayət məsuliyyətinə cəlb edilməyən E.Mahmudovun artıq həbsinə göstəriş verildiyi açıq hiss olunur. Yaxın vaxtlarda E.Mahmudovun barəsində cinayət işinin açılacağını söyləmək olar. Bu isə hakimiyyət düşərgəsində Naxçıvan klanına qarşı mübarizə aparan qüvvələrin fəallaşdığından xəbər verir. Ona görə də Akif Çovdarovun məhkəməsində və ya Eldar Mahmudovun istintaqı prosesində daha yüksək çinli məmurların haqqında şok cinayət faktlarının ortaya çıxacağı gözlənilir.

Səbinə MƏMMƏDLİ
Yukselis.info

 

09:18