“Haber Türk”: 613 dinc insanın qətl edildiyi Xocalı faciəsi unudulmadı!

Türkiyənin nüfuzlu “Haber Türk” qəzetində “613 dinc insanın qətl edildiyi Xocalı faciəsi unudulmadı!” sərlövhəli geniş məqalə dərc olunub.

Xudaferin.eu xəbər verir ki, Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş məqalədə yazılır: “27 il öncə idi...Ermənistan silahlı birlikləri 1991-ci ilin son günlərində mühasirəyə aldıqları Xocalıya hücum etdilər. Fevralın 26-da həmin vaxt 7 min əhalisi olan bu şəhərdə 106 qadın, 70 ahıl və 63 uşaq olmaqla 613 Azərbaycan vətəndaşı qətlə yetirildi. Girov götürülən 150 nəfərdən hələ də xəbər yoxdur”.

Məqalədə Anadolu agentliyinə istinadla xəbər verilir ki, qətliamdan xilas olan 2 213 nəfərin ifadəsi, 800-dən çox ekspertiza rəyi və digər mənbələrdən əldə olunan məlumatlar ermənilərin sadəcə işğalla kifayətlənmədiyini, həm də dinc insanları vəhşicəsinə qətlə yetirdiklərini göstərir.

“Haber Türk” Xocalı soyqırımı ilə aparılan istintaq materiallarına geniş yer verərək qeyd edir ki, qətlə yetirilənlərin məhkəmə-tibb ekspertizası, həmçinin şahidlərin ifadələri Xocalı sakinlərinin başlarının dərisinin soyulduğunu, burun, qulaqlarının, cinsiyyət orqanlarının kəsildiyini, gözlərinin çıxarıldığını müəyyən edib. Vurğulanır ki, bu dəhşətli hadisələr 1949-cu il Cenevrə sazişlərinin, BMT-nin soyqırımı cinayətlərinin qarşısının alınması və təqsirkarların cəzalandırılması barədə Konvensiyasının və digər beynəlxalq hüquqi normaların kobud şəkildə pozulmasıdır. O da diqqətə çatdırılır ki, Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarı ilə Xocalıda baş verənlər hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlərlə bərabər səviyyədə qiymətləndirilir.

“Haber Türk” televiziya kanalında da Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş süjetlər göstərilib.

Xudaferin.eu

21:12