Gürcüstanda yerli bələdiyyə seçkilərində 67 azərbaycanlı deputat mandatı qazanıb

 

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına oktyabrın 21-də keçirilmiş seçkilərdə 200-dən çox azərbaycanlı mübarizə aparıb. Onlardan 67-si deputat mandatı qazanıb, bir nəfər Marneuli rayonunun meri seçilib.

Bu seçkilərdə mübarizə aparan 205 azərbaycanlının 165-i hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının namizədləri olub. Azərbaycanlıların ən çox yaşadıqları Marneuli rayonunda bələdiyyəyə cəmi 35 nəfər seçilib. Onlardan 19-u azərbaycanlılardır. Azərbaycanlıların 13-ü majoritar dairələrdən, 6 nəfəri isə proporsional siyahı üzrə deputat mandatı qazanıb. Marneuli rayonunun meri azərbaycanlı Teymur Abbasov seçilib.

Bolnisi rayonunda isə namizədlər 30 yer uğrunda mübarizə aparıblar. Bu rayonda 11 azərbaycanlı qələbə qazanıb. Onların da 7-si majoritar, 4-ü partiya siyahısından seçiliblər. Qardabani rayon bələdiyyəsinə seçilən 36 nəfərdən 15-i azərbaycanlıdır. Doqquz azərbaycanlı majoritar, 6-sı proporsional sistem üzrə seçilib. Dmanisi rayon yerli özünü idarəetmə orqanına seçilən 29 nəfərdən 14-ü azərbaycanlılardır. Bu 14 nəfərin 10-u birmandatlı dairədən, 4-ü isə partiya siyahısından mandat qazanıb. Kaxeti bölgəsinin 2-ci ən böyük rayonu hesab olunan Saqareco (Qaraçöp kəndi) rayon bələdiyyəsinə 4 nəfər, Laqodexi rayon (Qabal kəndi) isə 1 nəfər azərbaycanlı deputat seçilib. Azərbaycanlıların yığcam yaşadıqları Telavi rayonunda (Qaracalar kəndi) 1 azərbaycanlı, Tetriçxalo rayonunda (Kosalar) 1 nəfər və Kaspi rayonunda (Ferma kəndi) bir azərbaycanlı deputat mandatı qazanıb.

Başkənd  Tiflis və ikinci ən böyük şəhər olan Kutaisidə azərbaycanlı namizəd olmayıb.

Oktyabrın 21-də Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçirilən seçkilərdə 4727 nəfər majoritar, 12902 nəfər isə proporsional siyahıda bələdiyyə üzvlüyü uğrunda mübarizə aparıb. Seçkilərlə əlaqədar 3644, o cümlədən 10 qapalı seçki məntəqəsi yaradılıb. Bu məntəqələrin də 208-i azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə olub. Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi, 4820 jurnalist izləyib.
Qeyd edək ki, soydaşlarımızın kompakt yaşadıqları bölgədə onların toplam sayları 500 min nəfərə yaxındır. Hər dəfə olduğu kimi, Gürcüstan hökuməti bizim soydaşlarımızı süni şəkildə “milli azlıq” status ilə seçkilərdə gərəkən üstünlüyümüzün qarşısını almaq kimi strateji hədəflərini ortaya qoyur. Bu hədəf soydaşlarımızın mümkün qədər yerli və dövlət strukturlarında az sayda təmsil olunmasından ibarətdir. Bu ilki seçkilər də məhz həmin ssenari üzrə baş tutdu.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu” 

 

09:46