Çingiz Qənizadə: Azərbaycanın qüdrətli, qalib ölkə, xalqımızın qalib xalq olması dövlətimizin başçısının şah əsəridir

Prezident İlham Əliyevin ömrünün əhəmiyyətli hissəsi Azərbaycan dövlətinə, xalqına xidmətdə keçib. Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi 18 ildə respublikamız və xalqımız üçün etdiklərini saymaqla qurtarmaq mümkün deyil. Azərbaycanın qüdrətli, qalib ölkə, xalqımızın qalib xalq olması dövlətimizin başçısının şah əsəridir. Möhtərəm Prezidentimizin respublikamıza rəhbərliyinin ilk dövrü xalqın iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində sosial proqramların həyata keçirilməsi ilə başlandı. Bu, ölkə Prezidentinin vətəndaşa, xalqına verdiyi önəmin göstəricisi idi. Regionların sosial-iqtisadi inkişafı, ölkə iqtisadiyyatının möhkəmləndirilməsi, Silahlı Qüvvələrin dünyanın müasir ordularından-50 ən güclülərindən birinə çevrilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin ilk vaxtlardan həyata keçirməyə başladığı işlər oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Ç.Qənizadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev prezident seçildiyi ilk gündən Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllini qarşıya prioritet vəzifə kimi qoyub. Hətta 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimindəki nitqində də bu zəruri məsələni xüsusi qeyd edərək deyib: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Hüquq müdafiəçisi vurğulayıb ki, dövlətimizin başçısı bu yolda bütün imkanlardan istifadə etdi, nüfuzlu beynəlxalq təşkilatların Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaları barədə qətnamələrin qəbul edilməsinə nail oldu. Lakin dünyada baş alıb gedən ikili standartlar, islamofobiya, qüdrətli dövlətlərin Ermənistanın işğalçılıq siyasətinə laqeyd münasibəti vəziyyəti getdikcə ağırlaşdırırdı. Bundan sui-istifadə edən düşmən daha da quduzlaşırdı. Prezident İlham Əliyev isə həm işğalçı Ermənistana, həm də ona havadarlıq edənlərə qarşı daha cəsarətlə, daha qətiyyətlə mübarizə aparır və ərazi bütövlüyümüzün bərpa olunması üçün bütün imkanlardan istifadə edirdi. Bu çətin, çox mürəkkəb vəzifənin öhdəsindən yalnız ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı gələ bilərdi.

Komitə sədri 2003-cü ildə keçirilən Prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyevin xalqa müraciətindən bəzi məqamları xatırladıb və bildirib ki, ümummilli lider Heydər Əliyev demişdi ki, onun yarımçıq qalmış ideyalarını yalnız İlham Əliyev davam etdirə bilər. Ulu Öndər bu tarixi müraciəti ilə xalqa onun əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərmişdi: “...Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu Öndərin bu müraciətindən 17 il sonra bütün ümidlər doğruldu. Necə deyərlər, ata vəsiyyəti yerinə yetirildi. Nəhayət, 2020-ci il noyabrın 10-da Ermənistanın 30 illik işğalına birdəfəlik son qoyuldu. Azərbaycan dünyada analoqu olmayan Qələbə qazandı. Çünki indiyə qədər dünyada çox müharibələr baş verib və bu müharibələr uzun illər davam edib. Ancaq heç bir müharibədə 44 gün ərzində Qələbə qazanılmayıb. Bu şanlı Qələbəni Azərbaycan qazandı və dünya tarixinə ilk imza atan qalib dövlət oldu.

Şuşanın işğaldan azad olunması münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim...”.

Şanlı Zəfər gününə qədər dövlətimizin başçısının ölkədə həyata keçirdiyi məntiqli daxili və xarici siyasətdən söhbət açan Ç.Qənizadə deyib ki, Azərbaycanın bütün sahələr üzrə qazandığı uğurlar ölkəmizin beynəlxalq aləmdəki mövqeyini getdikcə möhkəmləndirdi. Ölkədə yeni neft-qaz layihələrinin işə salınması Azərbaycanın dünyada mövqelərini daha da gücləndirdi. Ölkəmizin valyuta ehtiyatları, büdcəsi ilbəil artdı. Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində işlər görüldü. Ordu quruculuğuna xüsusi önəm verildi. Çünki ərazisinin 20 faizi işğal altında olan bir ölkə üçün ən vacib məqam ordu quruculuğunu inkişaf etdirmək, nizami, qüdrətli ordu formalaşdırmaq idi. Bu iş çox uğurla icra olundu.

Bu illər ərzində qanunvericilik bazasında çox mühüm dəyişikliklərin, yeniliklərin həyata keçirildiyini bildirən hüquq müdafiəçisi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun Prezident İlham Əliyevin daha da yüksəltməyə nail olduğunu diqqətə çatdırıb: “Prezident İlham Əliyev Azərbaycanın dünya birliyində layiqli yer tutması üçün misilsiz işlər həyata keçirdi. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına Azərbaycanın sədrlik etməsinə nail oldu. Azərbaycan dünyada söz sahibi olan dövlətlərdən birinə çevrildi. İşğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin Ali Baş Komandanlığı sayəsində azad edildi. Torpaqlarımızın azad olunması Prezident İlham Əliyevin fəaliyyətində bir nömrəli məsələ kimi əbədi oldu.

Hazırda Qarabağda genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinin davam etdirildiyini vurğulayan Ç.Qənizadə deyib: “Mütəmadi olaraq həmin ərazilərə səfərlər edən dövlətimizin başçısının təməlqoyma və açılış mərasimlərində iştirak etməsi düşmənə göz dağıdır. Azərbaycan Prezidentinin, həm də diplomatik sahədəki fəaliyyəti yüksək qiymətə layiqdir. İnanırıq ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yüksək zirvələr fəth edəcək. Prezident-xalq birliyinin sıx vəhdəti də bundan xəbər verir”.

Xudaferin.eu

16:13