Benzinin bahalaşma ehtimalı

Tarif Şurasının verdiyi qərarla aviasiya yanacağının qiymətləri artırılıb. Ekspertlər bu qərarın yeni bir bahalaşma dalğası gətirəcəyini vurğulayırlar. Hesab olunur ki, yaxın günlərdə benzin, dizel və digər yanacaq məhsullarının bahalaşması qaçılmazdır. Aviasiya yanacağının qiymətində olan bahalaşma aviauçuş qiymətinə də təsir edəcək. Baxmayaraq ki, AZAL hələ də biletlərin qiymətində rəsmən artım qeydə almayıb. Amma yaxın günlərdə biletlərin də bahalaşması istisna deyil. AZAL-dan verilən məlumata görə, bilet qiymətləri uçuş tarixindən və reyslərin sıxlığından asılıdır. Yanacağın qiymətinin artması AZAL-ın qiymət siyasətinə təsir etməyəcək.

İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, yaxın günlərdə benzinin qiyməti bahalaşacaq. Onun sözlərinə görə, hökumət yanacağın qiymətini digər yollarla da artıra bilər: “Ümumiyyətlə, hər-hansı bir tarifin qiymət artımı varsa o, mütləq digər sahələrə də təsir edəcək. Heç şübhəsiz ki, yaxın gələcəkdə də yanacağın qiyməti qalxacaq. Amma bu da müxtəlif yollarla baş verə bilər. Ola bilər ki, yanacağın qiymətində də deferensiallaşma yolunu seçərlər. Məsələn, vətəndaş 30-40 litr benzini bu günki qiymətlə ancaq bundan sonra istifadə etdiyi hər litr üçün artıq pul ödəyəcək. MDB ölkələrindən Türkmənistanda belə bir təcrübə var. Orda müəyyən limitdə benzin vətəndaşlara pulsuz verir, limit bitdikdən sonra vətəndaş pulunu ödəyib ehtiyacı olan yanacağı alır. Amma bizdə havayı heç kimə heç nə verəsi deyillər. Amma mövcud konteksdə məsələyə baxanda qiymət yüz faiz qalxacaq. Burada söhbət nəyinsə sərfiyyatından və ya maya dəyərindən getmir. Hökumətin elə gücü ola bilər ki, yanacağı əhaliyə havayı da verə bilər. Amma mövcud vəziyyətdə biz büdcəni başqa alternativ yolla doldura bilmirik. Ona görə də ən gözə görünən sahələr olan komunal ödənişlərin, yanacağın qiyməti artırılır. Amma maraqlısı odur ki, bunların qiyməti artdıqdan sonra hökumət hansı addımları atacaq? Belə getsə havaya da sayğac qoyacaqlar”.

“Büdcəni doldurmağın başqa yolu yoxdur”

Ekspert qeyd edib ki, yanacağın qiymətinin bahalaşması birbaşa büdcə kəsirlərilə əlaqəlidir. F.İbrahimov deyib ki, hökumətin büdcəni doldurmaq üçün alternativ yolu yoxdur: “Dünyada ümumi beynəlxalq standartlar olmalıdır. Dünya ölkələrinə baxanda bizdə yenə də yanacağın qiyəti ucuzdur. Ancaq bir məsələ də var ki, biz yanacağı özümüz istehsal edirik. Bu bizim öz məhsulumuzdur. Dünyada neftin qiymətinin ucuzlaşması əslində yanacağın qiymətinə də təsir etməlidir. Ancaq bizdə qiymətlər ona görə ucuzlaşmır ki, Azərbaycan iqtisadiyyatı birbaşa olaraq neftdən asılıdır. Bizim gəlir əldə etmək üçün alternativ yolumuz yoxdur. Büdcə gəlirlərini artırmaq üçün yanacaq qiyməti də artıracaqlar”.

Vilayət Muxtar
Cebhe.info

13:32