Bahalaşma start götürdü: İlin sonuna doğru qiymətlər daha da artacaq

 

Azərbaycanda ərzaq məhsullarının qiymətləri illik 18,1% artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmçinin istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4% bahalaşıb. Bu isə ilin sonuna qədər qiymətlərin daha da artacağı ehtimalını yaradır.

İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında qiymət artımının bir neçə səbəbinin olduğunu deyib: “Bildiyiniz kimi, Azərbaycanda hər il yay aylarında defilyasiya müşahidə olunurdu. Kənd təsərrüfatı məhsullarının bolluğundan dolayı qiymətlər enirdi, yaxud da stabilləşirdi. Amma bu il qiymətlərin hətta yay aylarında belə artdığını müşahidə edirik. Düşünürəm ki, bu tendensiya çox təhlükəlidir. O deməkdir ki, bu proses Azərbaycanda ilin sonunadək davam edəcək. Nəzərə alaq ki, payız aylarında, qışın sonlarına doğru, həmçinin yeni ilqabağı qiymətlərdə daha ciddi artım müşahidə olunur. Yəni, ilin sonunadək qiymət artımı ciddi şəkildə davam edəcək”.  

Ekspert deyir ki, son 4 ayda dolların məzənnəsi 1,70 civarında stabilləşsə də, bu, uzun müddət davam etməyəcək: “Məzənnənin sabit olması heç də qiymətlərə yansımır. Çünki gözələntilər formalaşıb ki, bu məzənnə uzun zaman davam edə bilməz. Xaricdə və ölkə daxilində baş verən proseslər bunu deməyə əsas verir ki, sentyabrda FED-in (ABŞ Mərkəzi Bankı) faiz artımı gözlənilir. Həm də ilin ərzində neftin qiymətində 15 faiz endirim müşahidə olunur və yenidən düşməsi ehtimalı da var. Həmçinin avqust ayından başlayaraq, məktəbə hazırlıq dönəmi gəlir. Azərbaycanda da yerli istehsal olmadığına görə məktəb ləvazimatları, kitab-dəftər, həmçinin geyimlər xaricdən gətirilir. Yən,i hər il geniş anlamda təqribən 4-5 yüz milyon dollar məktəb bazarlığına pul xərclənilir. Unutmayaq ki, Azərbaycanda müəllim, şagird, tələbə sayı da təqribən 1,5 milyon nəfərə yaxındır. Bu kateqoriyaya aid olan insanların yeni tədris ilinə hazırlıq üçün böyük bir bazarlığa ehtiyacı olacaq. Bu da dollara olan təlabatı artıracaq. Dollara olan təlabatın artması məzənnəyə də təsir edə bilər. Məzənnə artsa, manat yenidən ucuzlaşmağa başlasa, təbii ki, bu infilyasiyanı, qiymətlərin qalxmasını daha da sürətləndirə bilər”.

Aytən Həsənova

Cebhe.info

 

09:39