“Aztelekom”un internet oyunu: Nazirlik özəl provayderlərə nəyi qadağa edib?

 

Osman Gündüz: “Ölkəyə daxil olan internet həcmini internet istifadəçilərinin sayına böləndə məlum olur ki, internet yoxdur”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC sürətli və keyfiyyətli internet xidmətlərinin təmin olunması məqsədilə yeni layihəyə start verib. Məqsəd həm də “aztelekom.net” internet provayderinin resurs çatışmazlığının aradan qaldırılmasıdır.Layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.Artıq 34 bölgədə bu avadanlıqların quraşdırılması işlərİ gedir. Sumqayıt, Salyan, Kürdəmir, Zaqatala və Ağsu rayonları üzrə test işləri aparılıb. Paytaxt Bakıda internetin zəifliyi artıq problem kimi aylardır müzakirələrdən çıxmır.İstifadəçilər günün müxtəlif zamanlarında internetdə kəsintilər olmasından, sürətin azalmasından şikayətlənsələr də provayderlər problemi “ATS”lərin üzərinə yıxır və internetin zəif olmasında “ATS” ləri günahkar hesab edir.Ekspertlər isə hesab edir ki, ölkədə sürətli və ən keyfiyyətli internetin olması üçün fiberoptik şəbəkə ilə internet çəkilməlidir.Paytaxt Bakının internet təminatında problemlərin günbəgün artdığı bir zamanda bölgələrdə vəziyyətin necə olacağı sualını yaradıb. Maraqlıdır, Bakıda sürətli internet problemi yaşandığı halda, regionlarda bu iş necə həyata keçiriləcək? Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlamasında deyib ki, “Aztelekom” MMC -nin internetlə bağlı yeni layihəsi təqdirəlayiqdir: “O baxımdan ki, bu gün regionlarda genişzolaqlı sürətli internetə əlçatmaqla bağlı ciddi problem var. Rayon mərkəzlərində az-çox belə imkanlar var, amma kəndlərin çoxunda genişzolaqlı internetdə problemlər var. Tək regionlarda deyil, ölkə üzrə internetin keyfiyyətində ciddi problemlər var. Beynəlxalq təşkilatların tez-tez hesabatları olur ki, adambaşına internet sürətinin orta həcmi nə qədərdir. Məsələn, qonşu ölkələrlə müqayisədə Azərbaycanda bu, xeyli aşağıdır. Deyək ki, ən yaxşı halda 3-4, 5-6 ola bilər. Hansı ki, qonşu ölkələrdə bu, 10-15 MB sürəti ətrafındadır.Amma indi bunu başqa rəqəmlər də sübut edir.Bildirilir ki, ölkənin 75 faiz internet istifadəçisi var. Söhbət burada milyonlarla internet istifadəçisindən gedir.Bu milyonlarla istifadəçi iki yerdən - “Delta Telekom” və “Azərtelekom” internet alır. “Delta Telekom” un ölkə üçün istifadə edilən internetinin həcmi təxminən 200 qeqabitdir. “Azərtelekom” un istifadə etdiyi internet 60 qeqabitdir. Ölkə üzrə internet həcmi 250 qeqabitdir.Hansı ki, uzun illərdir ki, bu rəqəm dəyişmir, sabit qalır.Bu, biabırçılıqdır. Ölkəyə daxil olan internet həcmini bizim internet istifadəçilərinin sayına böləndə məlum olur ki, internet yoxdur.Ona görə düşünürəm ki, nazirlik bunu nəzərə almalıdır. Bütövlükdə ölkədə, Bakı şəhərinin özündə yüksək sürətli internetlə bağlı ciddi problem var”. Ekspertin sözlərinə görə, son dövrlər özəl provayderlər yeraltı infrastrukturdan, kabel kanal sistemindən istifadə edə bilmirdilər. Buna qadağa qoyulmuşdu: “Yəni Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi deyirdi ki, orada monitorinq aparılır, araşdırılır və s... Bu da ölkədə genişzolağlı internetin sürətinə ciddi maneələr yaratdı.Fikrimcə, atılan addım təqdirəlayiqdir. Amma digər provayderləri də bu işə qoşmaq lazımdır. O cümlədən, də Bakı və ətraf rayonlarda da genişzolağlı internet sürətinin genişləndirilməsi işini sürətləndirmək lazımdır”. Qeyd edək ki, dünyada adambaşına düşən internetin sürətini ölçən beynəlxalq qurumlar var. Bu qurumların son statistikasına görə Azərbaycanda adambaşına düşən internet sürəti 6 MB-dir. Qonşu ölkələrdə - Gürcüstan 10 MB, Ukraynada 15 MB, Qazaxıstan 17 MB, Rusiyada isə 50 MB-dır. Yəni regionla müqayisədə adambaşına düşən rəqəm Azərbaycanda çox aşağıdır.

Alçina Amilqızı

Cebhe.info

 

12:54