Azərbaycanlı tədqiqatçı İtaliya mediasında Qarabağ həqiqətlərindən və Ordumuzun Zəfərindən yazıb

İtaliyanın “Qlobus” jurnalında Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü, BDU-nun redaktoru, “Xalq qəzeti”nin əməkdaşı, tədqiqatçı Leyla Rəşidin “Azərbaycan Ordusu tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi” adlı analitik məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Ordusunun BMT Təhlükəsizlik Şurasının 27 ildir kağız üzərində qalan qətnamələrini yerinə yetirdiyi xüsusi vurğulanıb, Qarabağ həqiqətləri, Ermənistanın işğalçılıq siyasəti şərh olunub. Birinci və İkinci Qarabağ müharibələrinin Ermənistanın Azərbaycana ərazi iddiaları və hərbi təcavüzü ilə başlandığı faktlarla əsaslandırıb.

Bildirilib ki, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində milli maraqlar ətrafında sıx birləşərək vahid ölkə olduğunu bütün dün¬yaya göstərib, 44 günlük müharibə ilə həm hərbi, həm də diplomatiya müstəvisində qələbə qazanıb. Ötən il noyabrın 10-da Ermənistan atəşkəs haqqında üçtərəfli Bəyanata - kapitulyasiya aktına imza atmağa məcbur olub.

Müəllif Ermənistanın kapitulyasiyasını şərtləndirən ilk amil kimi Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarını xüsusi qeyd edib. Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyatların dünya hərb tarixində müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacağı ifadə edilib.

Leyla Rəşid İtaliya oxucularının diqqətini Ermənistanın işğal etdiyi Qarabağ və ətraf rayonlardan bütün işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamasına, işğalçı dövlətə qarşı heç bir siyasi təzyiq göstərilməməsi faktına yönəldərək yazıb: “Qarabağ münaqişəsinin uzun illər sülh danışıqları ilə həllinə çalışan ATƏT-in Minsk qrupu, digər beynəlxalq təşkilatlar alternativ yolun mümkün olmadığını bildirirdilər. Silah¬lı Qüvvələrimiz bütün dünyaya BMT Təhlükəsizlik Şurası tərəfindən 27 il əvvəl qəbul olunan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən, lakin təəssüf ki, yerinə yetirilməmiş qətnamələrin 44 gün ərzində icra etməyin mümkün olduğunu sübuta yetirdi”.

Vətən müharibəsinin gedişində beynəlxalq ictimaiyyətin mövqeyinə toxunan müəllif yazır ki, Qarabağdakı separatçı ermənilər dünyanın başqa dövlətlərində yaşayan ermənilərdən sayca az olduğu halda, məhz Azərbaycan ərazisində öz müqəddəratını təyin etmək istəyirlər. Münaqişənin həllində bu amili vurğulayan beynəlxalq təşkilatlar Ermənistandakı yüz minlərlə azərbaycanlının ata-ba¬ba yurdlarından qovulmasını unudurdular. Azərbaycanın yerinə atəşkəs çağırışı edən Avro¬pa dövlətlərindən biri olsaydı, ərazisinin 20 faizinin işğal faktına 30 il dözərdilərmi?!”

Məqalədə xüsusi vurğulanır ki, müharibənin gedişində Ermənistan xarici ölkələrdən, o cümlədən Livandan, Suriyadan, Yunanıstandan erməni əsilli vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərinə gətirir və döyüşlərə cəlb edirdi. Ermənistanın Cenevrə Konvensiyasına zidd olan bu hərəkətləri həm də dövlətlərarası münasibətləri pozmaq, Qarabağ müharibəsinə digər ölkələri cəlb etmək siyasətinin nəticəsi idi.

Analitik yazıda vurğulanır ki, İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin intensiv ağır artilleriya və raket atəşi ilə on minlərlə ev, çoxmənzilli yaşayış binaları və mülki obyektlər dağıdılıb. Azərbaycanın cəbhədən kənar bölgələrinə, o cümlədən Gəncə və Bərdə şəhərlərinə raket hücumu nəticəsində onlarla mülki əhali həyatını itirib. Onların arasın¬da körpələr, uşaqlar da var idi. Cenevrə Konvensi¬yasına və Uşaq Hüquqları haqqında BMT Konvensiyasına qoşulan Ermənistan təcavüzkar siyasəti ilə bu beynəlxalq hüquqi sənədləri kobud şəkildə pozub.

Qarabağ həqiqətləri haqqında məlumat verən müəllif tarixi sənədlərə istinad edib, azərbaycanlıların 1988-ci ilə qədər Ermənistanda kompakt şəkildə yaşadığını, lakin onlara heç bir statusun verilmədiyini vurğulayıb. Qeyd edib ki, 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, Xocalı soyqırımı törədib, təcavüzkar ölkənin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb.

Məqalədə, həmçinin Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilən 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesinin Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədiyi, işğalçı ölkənin hərbi təxribatlar yolu ilə danışıqları pozduğu diqqətə çatdırılır.

İkinci Qarabağ müharibəsinin başlanmasının səbəbləri ilə bağlı konkret faktlar sadalayan müəllif qeyd edir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribatı, ərazilərimizə növbəti hücumu işğalçı ölkənin hərbi və siyasi rəhbərliyinin beynəlxalq hüququn normalarına məhəl qoymamasının növbəti təzahürü, təcavüzkar siyasətinin yeni ifadəsi idi. Düşmənin hücumuna cavab olaraq, Azərbaycanın BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməsi və əks-hücum əməliyyatına başlaması real, zəruri addım idi.

Yazıda Azərbaycan Ordusunun Vətən müharibəsində böyük Zəfərindən, hərbçilərimizin igidliyi və mərdliyindən də bəhs edilir. Şuşanın azad olunmasının İkinci Qarabağ müharibəsinin kulminasiya nöqtəsi olduğu vurğulanır. Müəllif ukraynalı hərbi analitik Aleksey Arestoviçin Şuşa döyüşləri haqqında fikirlərini italiyalı oxuculara təqdim edir: “…Azərbaycan əsgəri Şuşanı piyada döyüşləri ilə, daşına bilən yüngül silah-sursatlarla, duman içində, göz-gözü görməyən çətin hava şəraitində dağlardan keçərək azad etdi. Azərbaycan əsgəri Şuşanı PUA-larsız, tanksız, artilleriyasız işğaldan qaytardı”.

Müəllif, eyni zamanda, 10 noyabr tarixli üçtərəfli Bəyanata da toxunur. Bunun “Dəmir yumruq” əməliyyatı ilə qazanılan Qələbənin məntiqi nəticəsi olduğunu qeyd edir. O bildirir ki, ötən il dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın hərbi gücünün və tarixi Qələbəsinin bütün dünyaya bir daha nümayişi idi.

Xudaferin.eu

 

22:55