Azərbaycanda JEK-lərə elmdən çox pul ayrılır

2017-ci ilin dövlət büdcəsindən Mənzil Kommunal Təsərrüfatına 304 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Hesablama Palatasının məlumatına görə bu, elm xərclərindən 185 milyon manat daha çoxdur. Bəs, Mənzil Kommunal Təsərrüfat birliklərinə ayrılan bu vəsaitlə hansı işlər görülür?

İşıqlandırma, yaşıllaşdırma, abadlıq və s...

Maliyyə naziri Samir Şərifov hesab edir ki, bu sahəyə ayrılan büdcə pulları o qədər də yüksək deyil. Vəsaitin az qala yarısı - 40 faizi bu sahədə çalışanların maaşlarına gedir: "Bu vəsait həm də yaşıllıqların salınmasına, tullantıların daşınmasına və digər sahələrə xərclənir. Bu sahənin özəlləşdirilməsi o demək deyil ki, hökumət bu xərclərdən qazanacaq. Bir küçənin süpürülməsi ilə bağlı hansısa bir şirkətlə müqavilə bağlansa, həmin şirkətə pul ödəmək lazımdır. Şəhərlərin, rayonların işıqlandırılması və digər xərclər bu sahədən maliyyələşir. Ona görə də, hesab edirəm ki, bu xərclərin ixtisarı çətin olar".
Amma bəzi müstəqil ekspertlər hesab edirlər ki, bu sahədə ixtisarlar mümkündür. Tutalım - JEK kimi tanınan Mənzil İstismar sahələri kimi. Son 5 ildir MİS-lərin ləğv olunacağı xəbərlər yayılır. Bayıldakı 45 saylı Mənzil İstismar sahəsində çalışan Əzimə Xalıqova deyir ki, illərdir idarələrinin ləğv olunacağı xəbərləri ilə işlərini davam etdirirlər: "Allahın köməkliyi ilə işləyirik. Biz ərazidə təmizlik işlərinə baxırıq. Elə olur ki, eyni ünvanda 5 fərqli ailə yaşayır. Onlara yaşayış yeri haqda arayış lazım olanda Asan Xidmətdən yalnız bir nəfərin adına almaq olur arayışı. Bu zaman Asan Xidmət onları bizə göndərir araşdıraq ki həmin şəxs həqiqətən bu ünvanda yaşayır, ya yox. Biz neçə illərdir işləmişik, ərazini bilirik. Seçkilərdə də ancaq JEK-lər təşkil edir, əhali ilə münasibət var, danışıqlar aparırlar. Əsas işimiz təmizlikdir. Gəlib, özünüz Bayılda da baxa bilərsiniz ki, JEK əməkdaşları oranı necə təmiz saxlayırlar".
İqtisadçı Samir Əliyev hesab edir ki, dövlət büdcəsindən hər il milyonlarla manat bu qurumların fəaliyyətinə yönəldilsə də vəsaitin xərclənmə təyinatı ictimaiyyətdən gizli saxlanılır. Samir Əliyev müşahidələrinə əsasən bildirir ki, Mənzil İstismar Sahələri sakinlərdən mənzil haqqı və digər kommunal ödənişlər də yığır. Amma ən xırda problemləri belə mənzil mülkiyyətçisinin öz vəsaiti hesabına həllini tapır.

Mənzil məcəlləsi dəyişəndən sonra

2009-cu ildə Mənzil Məcəlləsinin mənzil fondunun idarə edilməsinə dəyişiklik olub. Və Mənzil İstismar sahələrini prosesindən kənarlaşdırılıb. Heç bir hüquqi statusu qalmayan Mənzil İstismar Sahələri və JEK-lər niyə hələ də qalır? Bu sahədə araşdırmalar aparan Abil Bayramov JEK-lərin hələ də qalmasını bir neçə səbəblə izah edir: "Yeni qanunda Mənzil İstismar Sahələri, Mənzil Kommunal Təsərrüfatı Birliklərinin adları çəkilmir. Bu qurumların fəaliyyətinin hüquqi əsasları yoxdur. Çünki qanunvericilikdə bu cür qurumların fəaliyyəti nəzərdə tutulmur. O ki, qaldı nəyə görə bu qurumlar hələ də fəaliyyətdədir? Bunu əvvəllər onunla izah edirdilər ki, keçid dövrü olaraq, hələlik, JEK-lərin ləğvi aparılmır. Sonradan isə bildirdilər ki, Mənzil Məcəlləsində nəzərdə tutulan qurumların tam yaradılandan sonra JEK-lər ləğv ediləcək".

“JEK”lər ləğv olunsa?

2009-cu ildə yeni Mənzil Məcəlləsində çoxmənzilli binanın idarəetməsində daha çox hökumətdən asılı olmayan özəl qurumların idarəçiliyinə verilməsi nəzərdə tutulur. Bakı sakinlərinin də fikrini öyrənmişik. Onlardan soruşmuşuq ki, JEK-lər ləğv olunsa, nə itirərlər? Baxaq... Müstəqil müşahidəçilər hesab edirlər ki, Azərbaycanda JEK-lərin hələ də ləğv olunmaması səbəblərindən biri də seçkilərdir. Belə ki, bu qurumda çalışanların öhdəliklərindən biri də vətəndaşları seçkilərə aparmaqdır. Karusel, təkrar səsvermə kimi seçki pozuntularında onların da iştirakı və təşkilatçılığı olduğu haqda iddialar da var.

Azadlıq.org

13:04